İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıqladı- Nə Rusiya, nə də Ukrayna...  

 

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə keçirilən "istəklilər koalisiyası"nın iclasının yekunları ilə bağlı "Telegram"da yazıb ki, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordudur.

Onun sözlərinə görə, görüş iştirakçıları hər bir ölkənin quruda, dənizdə, havada və kiberməkanda təhlükəsizliyin təmin edilməsinə töhfə vermək hazırlığını ətraflı müzakirə ediblər. Mövqelər əlaqələndirilib və gələcək təhlükəsizlik zəmanətlərinin əsas komponentləri nəzərdən keçirilib.

V.Zelenski həmçinin qeyd edib ki, koalisiyanın bütün iştirakçıları başa düşür ki, Rusiya danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışır, buna görə də Ukraynaya dəstəyi gücləndirmək və Moskvaya təzyiqi artırmaq lazımdır.

O əlavə edib ki, hazırda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi, eləcə də Yaponiya yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, Ukrayna prezidentinin açıqlamasında diqqətçəkən bir neçə məqam var:

"Birincisi, o, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordu olduğunu deməklə silahlı qüvvələrinə, hərbçilərinə inamını ifadə edib. Bu, həm də psixoloji faktordur. Zelenski bu açıqlaması ilə həm də bildirib ki, Avropa dövlətlərinin təhlükəsizlik təminatlarına o qədər də inanmır. Əslində bu, doğru düşüncədir. Çünki üç ildir rəsmi Kiyevi müdafiə edən Avropa hələ heç bir konkret nəticə əldə edə bilməyib. Bu mənada istisna deyil ki, gələcəkdə Ukraynaya təhlükəsizlik təminatı verilsə belə, sabah bu vədlər unudulacaq. Odur ki, Zelenskinin öz ordusuna inanmaqdan başa yolu yoxdur.

Zelenskinin açıqlamasında diqqətçəkən başqa bir məqam onun Rusiyanın danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışması barədə səsləndirdiyi iddiadır. Doğrudur ki, Moskva müharibənin bitməsinə hələ hazır deyil. Amma tərəflər arasında atəşkəsin və yaxud sülhün təmin olunmamasının səbəbi heç də Rusiyanın danışıqlar prosesini uzatması ilə bağlı deyil. Bunun bir neçə səbəbi var. Onlardan biri Avropa ilə ABŞ-nin maraqlarının üst- üstə düşməməsi və atılan addımların bir- birinə əngəl yaratmasıdırsa, digər Kiyev və Moskva arasında konsensusun əldə olunmamasıdır. Başqa sözlə desək, tərəflərdən heç biri kompromisə getmək istəmir. Bu isə o deməkdir ki, nəinki Rusiya, heç Ukraynada indiki şəraitdə danışıqları istəmir. Əvvəl də dediyimiz kimi, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi faktiki olaraq məğlubiyyət deməkdir. Belə olsa Zelenskinin hakimiyyətdə qalması mümkün olmayacaq. Elə buna görə Kiyev Moskvanın şərtlərinə müqavimət göstərir".

Ukraynaya dəstək və Moskvaya təzyiqə gəldikdə isə politoloq qeyd edib ki, Qərb bu məsələlərdə o qədər də səmimi deyil: "Nə Ukraynaya lazımi səviyyədə dəstək, nə də Rusiyaya arzuolunan səviyyədə təzyiq göstərilir. Bunun əsas səbəblərindən biri isə kollektiv Qərb daxilindəki fikir ayrılıqlarıdır.

Sözsüz ki, tətbiq olunan sanksiyaların müəyyən təsiri olur. Amma əvvəlki embarqolar da göstərir ki, bunlar Rusiyanı dayandıra biləcək gücdə deyil. Odur ki, hazırlanmaqda olan 19-cu sanksiyalar paketindən də ciddi nəticə gözləməyə dəyməz.

Ümumiyyətlə, əvvəl də dediyimiz kimi, Şərqi Avropadakı savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Sadəcə olaraq hazırkı şərtlər buna uyğun deyil".

Cavanşir ABBASLI

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR