Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 1-də Rusiya mətbuatında Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə məlumat yayılıb. Xəbərlərdə qeyd olunub ki, Vidadi Mustafayev adlı şəxs bu vəzifəyə gətirilib. Lakin məsələ ilə bağlı APA-ya daxil olan məlumat tamamilə fərqli mənzərəni ortaya çıxarır. Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələr bildirir ki, Vidadi Mustafayevin Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur. Əksinə, o, naməlum bir qrup tərəfindən qeyri-rəsmi şəkildə formalaşdırılan təşkilata “rəhbər” təyin edilib. Üstəlik, onun daha əvvəl iqtisadi cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb olunmasına dair faktların mövcudluğu məsələnin daha da qalmaqallı xarakter aldığını göstərir.
Musavat.com bildirir ki, siyasi şərhçi Məhəmməd Əsdullazadə məsələyə bu cür mövqe bildirib:
"Rusiya Azərbaycan diasporuna öz adamlarını təyin edir. Yekaterinburqda Azərbaycan diasporuna Şahin Şıxlinskinin yerinə yeni sədr seçilib. Bundan sonra Rusiyada Azərbaycan diasporunun adı dəyişdirilərək, Azərbaycan icması adlandırılacaq. Diaspor ilk növbədə mənsub olduğu dövlətə bağlı olur. İcma isə, yaşadığı ölkənin qanunlarına inteqrasiya olunur.
Rusiya rəhbərliyi bu ölkədə işləyən və yaşayan azərbaycanlıların diasporunu ləğv edərək, icma yaradaraq tamamilə öz tabeçiliyinə keçirir".
Siyasi şərhçinin fikrincə, məqsəd Azərbaycana təzyiqləri artırmaq və Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu tam kəsməkdir:
"Artıq Yekaterinburqda yeni diaspor -icma sədri Rusiyanın Ukraynada müharibəsinə dəstək verməyi, hərbiçilərə köməkliklər olunacağının vacibliyindən danışdı. Bir neçə gün bundan əvvəl, Kremlin ideoloqu A. Duqin Rusiyada yaşayan əcnəbilərin rus cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd edib. Artıq, Rusiyada yeni Azərbaycan icma sədrlərindən ölkəmizə qarşı bəyanatlar və Rusiyanın mənafelərini müdafiə edən bəyanatlar eşidəcəyik.
Rusiya Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan işçi miqrantlar üçün də eyni ssenarini tətbiq edəcək. Rusiya rəhbərliyi miqrantlardan və orada yaşayan azərbaycanlılardan yalnız öz siyasi məqsədləri üçün istifadə edəcək".
Məhəmməd Əsədullazadə sonda qeyd edib ki, əgər Rusiya rəhbərliyi diaspor təşkilatlarını ləğv edib, icma yaradıb onların başına öz adamlarını qoyursa, Rusiyada Azərbaycan səfirliyi və konsulluqlar onlara xidməti tam dayandırmalıdır.
Xalidə Gəray
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ