İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir trilyonluq NATO Putin qarşısında niyə əzikdir? - Alyansın ən böyük səhvi...

Son zamanlar dünyanın ən güclü hərbi-siyasi bloku olan NATO-nun “dişsiz” bir quruma çevrilməkdə olması barədə fikirlər tez-tez səslənir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra belə mövqelər daha da güclənib.

2008-ci ildə Rusiya Gürcüstan torpaqlarının, bundan 6 il sonra Ukrayna ərazilərinin ilhaqının əsasını qoyandan sonra NATO bu günə qədər ortaya ciddi nəticə qoya bilməyib. Əvəzində 2022-ci ildən etibarən Kreml Ukraynanın ərazilərini işğal prosesini daha da dərinləşdirməyə başlayıb. Məhz bu faktların fonunda NATO-nun Rusiya qarşısında “əzilmiş” durumda olduğu barədə ekspertlər daha çox fikirlərini bölüşürlər.

“SSRİ dağıldıqdan sonra dünya bir qütbdən ibarət idi. ABŞ açıq-aşkar hegemonluq edirdi, NATO isə hərbi güc kimi görünürdü. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə NATO-nun şişirdilmiş bir şardan ibarət olduğu ortaya çıxdı”.

Musavat.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Səxavət Məmməd səsləndirib.

SEXAVET.jpeg (404 KB)

Onun sözlərinə görə, NATO tarixində yalnız bir dəfə, o da ABŞ-da törədilən terror aktlarından sonra 5-ci maddəsini işə salıb və 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar həyata keçirib:

“NATO-nun 5-ci maddəsindən daha az təsirli 4-cü maddəsi isə 5 dəfə tətbiq edilib: “NATO və onun kimi qurumların ən böyük problemi qərarvermə mexanizmidir; uzun prosedurlar, məsləhətləşmələr nəticəsində qərarların verməsidir. NATO SSRİ təhdidinə qarşı yaradılsa da, SSRİ dağıldıqdan sonra hədəf kimi Rusiyanı götürdü və Şərqə doğru irəliləməni əsas hədəfə çevirdi.

Proseslər onu göstərir ki, NATO-nun ən böyük səhvlərindən biri elə Şərqə doğru irəliləməsi oldu. NATO özünə bufer dövlətlər saxlamaq yerinə, birbaşa Rusiya ilə sərhədə gəldi. Ən son Finlandiya və İsveç NATO-ya üzv oldu. Son üzvlərlə NATO-nun ərazisi genişlənib, ancaq bunun hərbi güc artımına gətirib çıxardığını demək olmaz.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp da NATO-nun Şərqə doğru genişlənməsinin səhv addım olduğunu dedi”.

Hərbi ekspert bildirib ki, Rusiya açıq-aşkar NATO-nun hədəfi sayılır:

“Hazırkı şərtlərdə və nüvə silahlarını nəzərə almasaq, Rusiya ilə NATO-nu müqayisə etmək gülünc olardı. NATO-nun xərcləri təxminən 1,036 trilyon dollardır. Rusiyanın müdafiə xərcləri isə bundan qat-qat aşağıdır. Ona görə də nüvə silahını biz də, NATO da nəzərə almaq məcburiyyətindəyik. Rusiyanın hazırkı gücü ikinci qütb kimi çıxış etməyə imkan vermir.

Hesab edirəm ki, hazırda ikinci qütb kimi Çin ön plana çıxıb. Şanxay Əməkdaşlıq Təşkilatı və ondan sonra keçirilən hərbi parad bir növ Çinin ikinci qütb olmasının rəsmiləşdirilməsi oldu”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR