Onlayn ictimai-siyasi qəzet
Bu gün futbol üzrə Azərbaycan millisi Dünya Çempionatı 2026-nın seçmə mərhələsində açılış edəcək. Bakı vaxtı ilə 22:45-də başlayacaq oyunda rəqib İslandiya millisidir. Milli komandamızın D qrupundakı digər rəqibləri Fransa və Ukraynadır.
Bu arada Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi üçün şansları açıqlanıb. “Football Meets Data” D qrupu üçün proqnozlarını yayımlayıb.
Yığmamızın qrupda dördüncü yeri tutmaq ehtimalı 82 faiz olaraq göstərilib. Komandanın üçüncü olmaq şansı 17 faizdir. Millinin ikinci yerdə qərarlaşmaq ehtimalı 1 faizdirsə, liderlik mümkünsüzdür.
Göründüyü kimi, millimizə inam olduqca aşağıdır. Bu da bir yarış öncəsi bəzi məsələləri yenidən gündəmə gətirib. Qonşu Gürcüstan millisi tarix yazmağa davam edir. Avropa Çempionatının finallarında oynadılar. Son olaraq, ötən gecə qardaş Türkiyə millisi ilə DÇ-2026 çərçivəsində oyun keçirdilər və “ay ulduzlular” zorla 3-2 hesabı ilə qalib gəldilər.
Hələ Özbəkistanı demirik. Özbəklər dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirib ki, özbəklər 30 ildir hədəfə doğru gedirdilər və bunu uğurla başa vurdular:
“Lap təməldən başlamışdılar. Ucqar dağ kəndlərinə qədər futbol infrastrukturunu qurdular, ölkənin bütün regionlarında uşaq futbol meydançaları tikdilər, futbol akademiyaları quraraq orada futbolçuları inkişaf etdirdilər. Özbəkistanda işə ciddi yanaşdılar və boşluq vermədilər. Hətta məğlubiyyətlər və enişlər qarşısında da ruhdan düşmədilər. Mütəmadi şəkildə öz planlarına uyğun olaraq işlərini davam etdirdilər. Yetişdirdikləri istedadlı futbolçular böyük klublara transfer olmağa başladılar. Milli komandanın onurğa sütununu təşkil edən futbolçular Avropa və dünya səviyyəsində özlərini sübut etdilər. Məqsədyönlü formada iş aparıldı və nəticə qazanıldı. Biz də eyni cür etməliyik. Sınanmış, uğurlu olmuş yoldu. Öncə infrastruktur və uşaq futboluna diqqət yetirib inkişaf etdirməklə istədiklərimizə nail ola bilərik.
Millimizin oyununa gəlincə, nikbinəm. Qalib də gələ bilərik. Meydanda İslandiyanın oyununda bizə qarşı üstünlükləri standart vəziyyətlər və hava toplarıdır. Bu, əsas silahlarıdır, yaxşı da istifadə edə bilirlər. Digər komponentlərdə bizdən çox da fərqlənmirlər. Qol vuran, amma çox da qol buraxan komandadılar. Müdafiədə ciddi boşluqlar verirlər. Pressinq altından çıxmaqda çətinlik çəkirlər, bu zaman topu orta xəttə çatdıra bilmirlər, fərdi səhvlərə yol verirlər. Əvvəlkinə nisbətən daha qorxaq futbol oynayırlar, iki, bəzən isə nəticədən asılı olaraq hətta 3 dayaq yarımmüdafiəçisi ilə oynamağı da seçə bilirlər. Duruma görə hücumameyilli, duruma görə arxadan, praqmatik oynamağa çalışırlar. Bir sözlə, zəif və güclü nöqtələri olan, ortabab bir şimal komandasıdılar. Hücum etmək lazımdır. Təzyiq göstərə bilsək, yaxşı nəticə qazana bilərik”.
Cavanşir ABBASLI
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ