Onlayn ictimai-siyasi qəzet
Moskva indi də özbək miqrantları sıxışdırmağa başlayıb; rəsmi Daşkənd nota göndərdi - Kremlin niyyəti nə?
Özbəkistan və Rusiya arasında gərginlik yaranıb. Rəsmi Daşkənd Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı əsassız yoxlamalar, hörmətsiz və kobud rəftar halları ilə bağlı narahatlığını ifadə edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Özbəkistan XİN-in mətbuat katibi Ahror Burxanov Telegramda bildirib.
Onun sözlərinə görə, Özbəkistanın Moskvadakı səfirliyi Rusiya XİN-ə nota göndərib və burada vətəndaşların qanunsuz yoxlamalar, hörmətsizlik və kobud münasibətlə bağlı şikayətləri ilə əlaqədar narahatlıq ifadə edilib. Burxanov vurğulayıb ki, belə hallar ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun deyil və bunları qabaqlamaq üçün konkret tədbirlər görülməlidir.
Rusiya son aylar Orta Asiya ölkələrindən olan miqrantları sıxışdırır. Bundan əvvəl də Tacikistan vətəndaşlarına təzyiq göstərilir, əsassız yoxlamalar aparılırdı. Hətta rəsmi Düşənbə bununla bağlı Moskvaya etiraz məktubu göndərmişdi. Hər şey isə “Krokus siti holl” konsert zalında törədilən terrordan sonra başlayıb. İŞİD üzvü olan Tacikistan vətəndaşlarının bu cinayətinin ardınca Rusiya Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarına basqıları artırıb. İndisə özbək miqrantları sıxma-boğma etməkdədirlər. Ümumiyyətlə, Rusiya türkdilli ölkələrə, bütövlükdə postsovet respublikalarına qarşı yeni təzyiq dalğasına start verib. Ukrayna cəbhəsində ilişən və ciddi uğursuzluğa düçar olan Kreml rəhbərliyinin hirsini sağa-sola həmlələr etməklə çıxmağa cəhd etməsi onun isterik vəziyyətini ifadə edir.
Yada salaq ki, bu ilin aprelində Özbəkistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səmərqənddəki “Yaslı ana” abidəsinin üzərində rusca yazıların olmamasına diqqət çəkmişdi. Özbək ictimaiyyəti onun sözlərinə kəskin reaksiya vermişdi. ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Agentliyinin (DIA) son hesabatına görə, Rusiya postsovet məkanında, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu yenidən gücləndirmək istiqamətində mühüm addımlar atır. Moskva bu regionlarda siyasi, iqtisadi və informasiya rıçaqlarından istifadə edərək öz təsir dairəsini genişləndirir.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya qəzəbindən dodaqlarını çeynəyir. Onun fikrincə, Ukraynadakı uğursuzluq sindromu Rusiyanın strateji mövqelərinin sarsılmasına səbəb olur: “İndi də Özbəkistanı təhdid etməyə başlayıblar. Rusiyaya elə gəlir ki, Mərkəzi Asiya dövlətlərini əvvəlkitək öz orbitində saxlamaq iqtidarındadır. Bəli, onun Özbəkistanda da ara qarışdırmaq, daxildə təxribat ocaqları yaratmaq üçün əlində rıçaqları var, amma təsir imkanları getdikcə azalır. Özbəkistan inkişafda olan ölkədir. Bu templə özbək miqrantların Rusiyaya işləmək üçün getməyə ehtiyacı da qalmayacaq. Çünki daxildə inkişaf asılılığı azaldacaq”.
Q.Hüseynli özbək miqrantlarla yanaşı digər ölkələrdən olan işçi qüvvəsinə də ciddi təzyiqlər olduğunu düşünür: “Bu günlərdə Moskvadakı bazarların birinə silahla daxil olan şəxslər azərbaycanlıları, qeyri-rusları hədələmişdilər. Demişdilər ki, onlara burada yaşamaq, işləmək olmaz. Bu da Rusiyada şovinizmin getdikcə güclənməsinin nəticələridir. Ümumiyyətlə, Rusiya prezidentinin imzaladığı fərmanla miqrantlarla bağlı qaydalar sərtləşdirilib. Bu ayın 30-dan Rusiyaya giriş qaydaları dəyişir. Yəni pasport yoxlanışı ciddiləşdirilir. Moskva bu addımlarını təhlükəsizliklə əlaqələndirir, amma məqsəd həm də postsovet ölkələrinə, xalqlarına təzyiq göstərməkdir”.
Qeyd edək ki, iyunun 30-dan Rusiya ölkəyə giriş qaydalarını sərtləşdirəcək. Rusiyaya giriş zamanı barmaq izlərini verməli və şəkil çəkdirməli olacaqsınız. Elektron viza layihəsi Rusiyada 2023-cü il avqustun 1-dən başlayıb. O vaxtdan etibarən əcnəbilər turizm, biznes, humanitar məqsədlər və ya qonaq səfərləri üçün vizaya müraciət edə bilərlər. İndi də Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının “Yeni İnsanlar” fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər. Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.
EMİL,
“Yeni Müsavat”
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ