İnsanlara hürriyət, millətlərə istiqlal!

Dana əti ilə geopolitika arasında əlaqə

“Mən öləndə, Köhnə portağal meşəsində İstənilən çiçəyin içində basdırarsınız"

(Federiko Qarsia Lorka)

Çox çətin oldu, ancaq AFFA Santuş müəllimi nəhayət qovmağı bacardı. Bu münasibətlə zəhmətkeşlərimizi təbrik edirəm. Ziyanın yarısından qayıtmaq məsələsi... 

Hərçənd ziyanın harasından qayıtmışıq, heç bunu bilmirik ki. Çün, Santuş müəllim kimi uğursuz məşqçi ilə müqavilənin hansı qiymətə bağlandığı onsuz uca millətə məlum deyildi. Sadəcə, şayiə var idi, ildə 1,5 milyon avro alacaqmış. İndi isə yenə şayiə var, deyirlər hökumətimiz Santuşa kompensasiya olaraq 4 milyon avro ödəyəcəkdir. Bəziləri 5 milyon yarım deyir. Hansı düzdür, onu ancaq verən və alan bilir. 

Bayaq “hökumətimiz” sözünü səhvən yazmadım, Azərbaycanda hər bir şey kimi futbolun də baş sponsoru neft və qazımızdır. Ona görə yetim zəhmətkeşlərin tam haqqı var idi ki, Santuş tipli uğursuzu, çalışdığı bütün komandalardan bivaxt qovulub kompensasiya alaraq aradan cırmış ağsaqqalı bura gətirdikləri üçün kimlərdənsə hesabat tələb etsinlər. Lakin biz siyasətə qarışmırıq, ona görə hesabat da istəmirik. Beş aşağı, beş yuxarı, itaparan olsun, necə deyərlər. Ancaq adama bir az pis gəlir ki, hansısa jurnalistlər guya beş-on min manat vergi gizlətdikləri üçün aylardır həbsdə saxlanılır, lakin 5-10 milyon manatımızı Santuşa qapdıranlar papağı yan qoyub gəzir. 

Ta keçib, təklif edirəm Santuşun yerinə Mourinyo dəvət olunsun. Bütün parametrləri uyğun gəlir: o da son illər hər yerdə uğursuz nəticələr göstərir, müqaviləsinə vaxtsız xitam verilərək qovulur, yaxşı kompensasiya alıb rədd olur. Üstəlik, hər ikisi portuqaldır! (“Qalya, Portuqaliya” anekdotunun məqamıdır, ancaq 18 plyusdur, məktəb də açılmağa hazırlaşır, yaza bilmərəm. Bilənlər bilməyənlərə danışsın).  

Mövzudan uzaqlaşmaq üçün qeyd edim ki, yəqin bu payız portağalın bazar qiyməti xeyli qalxacaqdır. Portuqalın apardığı vəsait portağalın qiyməti ilə kompensasiya edilməlidir. Dünyada heç nə təsirsiz ötüşmür. Buna kəpənək effekti deyirlər. Məsələn, dana ətinin qiymətinin qalxması ilə Binəqədi yolunda aparılan qazıntı arasında əlaqə var. Bir az uzun əlaqədir, ancaq görən görür. O cümlədən limonun bahalaşması bulvar idarəsi müdirinin yeyintisi ilə bağlıdır. 

Təzəlikcə ABŞ səfirliyi mebel, divan-filan satışa çıxarmışdı. Sizcə, bunun səbəbi Trampın qənaət rejimi siyasətidirmi? Yox. Buna bizim bir yoldaş səbəb olubdur. 20 il ABŞ səfirliyində təsərrüfat işlərinə baxan Göyüşovu amerikalılar məhkəməyə veriblər. İddia edilir ki, o, ABŞ büdcəsinə 500 min manatdan çox ziyan vurubdur. Sən demə, Göyüşov həmişə qiymətləri ikiqat şişirdirmiş. 200 manata aldığı şeyi Sem dayıya 400 manata satırmış. İndi amerikalılar məcburdur mebelləri satsın. Bəlkə də Göyüşovun vurduğu ziyan Trampın Putini sülhə gətirmək planlarını da yarımçıq qoyubdur. Atalar demişkən, dama-dama göl olar. Manıslar var, uçan xalçasının tozu ilə 5 milyon manatlıq villalar əldə edib, indi də satır. 

Özü də səhv eləmirəmsə, həmin villa Ramiz Mehdiyevin 8 milyonluq villasının yanındaymış. Eh, etibarsız dünyadır... Vaxt  var idi hamı Ramiz müəllimlə qonşu, qahım olmağa çalışardı, indi gen gəzirlər. Yenə müdrik məsəllərə müraciət eləsək, gəmi batanda onu birinci manıslar tərk edirmiş. 

Yük maşınları ilə qəzaların sayının qəribə şəkildə artması da ümumi yükümüzün ağırlaşmasına görədir. Hər kəs bu yükü darta bilmir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR