Onlayn ictimai-siyasi qəzet
İki Əfqanıstan vətəndaşı İrandan Azərbaycana qanunsuz yolla keçməyi bacarıb. Azərbaycandan Türkiyəyə keçmək istəyən zaman isə saxlanılıblar.
Musavat.com xəbər verir ki, Əfqanıstan vətəndaşı Misami Popalzai maddi vəziyyəti çətin olduğu üçün İrana köçüb.
Orada bir müddət işlədikdən sonra Türkiyəyə getməyə qərar verib. Onunla birlikdə başqa bir həmyerlisi də Türkiyəyə getməyi qərarlaşdırıb.
Əfqanlar əvvəlcə İrandan Azərbaycana keçməyin yollarını axtarıblar. Dediklərinə görə, əvvəlcə İranın Azərbaycanla sərhədinə gəliblər. Onlar “Google maps” proqramından istifadə edərək İranın Astara şəhərinə çatıblar. Oradan Baharıstan kəndi istiqamətində meşəlik ərazi ilə Azərbaycana tərəf iki gün piyada yol gəliblər. Onlar Ərçivan kəndi istiqamətindən Azərbaycana keçməyi bacarıblar. Ərçivanda 150 dollara taksi tutaraq Balakən rayonuna gəliblər. Bir gün orada gecələdikdən sonra axşam saatlarında Gürcüstan istiqamətində hərəkət etməyə başlayıblar. Bu dəfə onlar sərhədi keçmədən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki şəxs əməllərindən peşman olduqlarını bildiriblər. Məhkəmənin hökmü ilə Əfqanıstan vətəndaşları 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İ.Muradov
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ