İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dədə Qorquddan Zəngəzura qədər” – Səfir Lətif Qəndilovdan MÜHÜM AÇIQLAMALAR - MÜSAHİBƏ

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində  Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində bir neçə media nümayəndəsi arasında “Yeni Müsavat” Media Qrupun əməkdaşı da olub. Səfər çərçivəsində Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov media qrupumuza müsahibə verib. Cənab səfir Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi münasibətlər, o cümlədən ölkələr arasında əməkdaşlığın regional və qlobal konteksdə rolu barədə açıqlamalar verib.

-Cənab səfir, Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Məlumdur ki, uzun müddət ərzində Azərbaycan-Qırğızıstan münasibətlərində durğunluq var idi.  Lakin sonradan Qırğızıstanın yeni hakimiyyəti və Azərbaycan arasında yaxın münasibətlər formalaşmağa başlayıb. Azərbaycan-Qırğızıstan münasibətləri, xüsusilə son 3 il ərzində çox güclü, geniş, əhatəli şəkildə inkişaf edir. Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin  2021-ci ildə Bakıya səfəri əməkdaşlığın genişləndirilməsinə ciddi təkan verib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir. Son 3 il ərzində intensiv olaraq bütün səviyyələrdə daimi dialoqlar aparılır. Azərbaycan və qırğız xalqları ortaq tarixə, ortaq dilə, mədəniyyətinə malikdir. Bu xüsusiyyətlər bizim münasibətlərimizin təbii surətdə inkişaf etdirilməsini tələb edir. Biz yaxın qohum xalqlarıq. Qırğızıstanın yeni hakimiyyəti Azərbaycanla yaxından əməkdaşlıq etməklə maraqlıdır. Bu maraq qarşılıqlıdır. Cənab Prezidentin Qırğızıstana ikinci dövlət səfəri çərçivəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Sadalananlar təbii surətdə ölkələrimizin yaxınlığını tələb edir.

-2024-cü ildə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri regionda hansı yeni əməkdaşlıq imkanlarını gündəmə gətirdi?

-Son 3 ildə Azərbaycan-Qırğızıstan əlaqələrindəki sürətli inkişaf demək olar ki, bütün sahələri-siyasi, iqtisadi, humanitar sahələri əhatə edir. Dövlət başçılarımızın müdrikliyi sayəsində Azərbaycan və Qırğızıstan tarixi keçmişə böyük hörmətlə yanaşmaqla, bu günümüzü və gələcək perspektivimizi formalaşdırırlar. Keçmişimizi unutsaq, gələcəyimiz olmaz. Ona görə də keçmişimizin təməlində yeni münasibətlər qururuq. 2022-ci ildən başlayaraq, münasibətlər qarşılıqlı səfərlər əsasında qurulur. Həmin il Qırğızıstan Prezidenti cənab Sadır Japarov Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində çox vacib sənədlər imzalandı. Cəmi 6 ay sonra, oktyabr ayında cənab Prezident İlham Əliyev Qırğızıstana səfər etdi. Bu səfər zamanı isə münasibətlərin xarakteri müəyyənləşdirildi. Biz münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. Səfər çərçivəsində Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib. Bu iclaslar indi mütəmadi olaraq keçirilir. Dövlətlərarası Şurada bizim ümumi baxışlarımız formalaşdırılır və münasibətlər müvafiq surətdə, əsaslandırılmış proqram əsasında inkişaf etdirilir. 2023-cü və 2024-cü illərdə də qarşılıqlı səfərlər olub. Sürətli inkişaf sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə çox fəal yer tutur. 2024-cü ildə Azərbaycanda bir sıra mühüm tədbirlər keçirildi. Qırğızıstan Prezidenti həm Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Sammitində, həm də COP29-da iştirak edib. Eyni zamanda 2024-cü ilin aprel ayında Qırğızıstan dövlət başçısının Azərbaycana rəsmi səfəri baş tutub. Bu səfərlər münasibətlərimizi nəzərdən keçirməyə, o cümlədən gələcək planları formalaşdırmağa imkan verir. Hazırkı mərhələdə Azərbaycan-Qırğızıstan münasibətləri rəvan, düşünülmüş şəkildə inkişaf edir. Onu da vurğulamaq yerinə düşər ki, xalqlarımız da münasibətlərin yaxınlaşmasında maraqlıdırlar. Prezidentlər münasibətləri irəli apararkən həm də xalqların istəyini nəzərə alırlar. 

- Hazırda iki ölkə arasında hansı diplomatik və ya siyasi mexanizmlər- parlamentlərarası dostluq qrupları yaxud birgə komissiyalar daha fəal işləyir?

-Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası  münasibətlər yüksək səviyyədədir. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılığı ilə nümayəndə heyəti  iki dəfə Bişkekdə səfərdə olub. Ötən il Qırğızıstan parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər edib, Şuşada olub. Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu da aktiv fəaliyyət göstərir. Əgər dövlətlər arasında iqtisadi əməkdaşlıq yoxdursa, bütün istəklər xəyal olaraq qala bilər. Buna görə də Azərbaycan-Qırğızıstan əlaqələri möhkəm iqtisadi təməl əsasında qurulur. Məlumdur ki, uzun illər ərzində hökumətlərarası komissiyanın iclasları keçirilmirdi. Son 3 ildə isə hökumətlərarası komissiyanın iki iclası keçirilib. Bu ilin birinci yarısında Bakıda komissiyanın növbəti iclasının keçiriləcək. İnanıram ki, iclas ilin birinci yarısında baş tutacaq. Qeyd edim ki, Prezident cənab İlham Əliyevin göstərişi ilə Azərbaycanın vəsaiti hesabına Bişkek şəhərində iki məktəb tikilib. Məktəblərdən birinə  Heydər Əliyevin, digərinə isə Nizami Gəncəvinin adı verilib. Bu məktəblər Azərbaycanın Qırğızıstandakı simvollarıdır. Martın 12-də Nizami adına məktəbdə Nizami Gəncəvinin doğum gününü keçirdik. Heydər Əliyevin adını daşıyan məktəbdə isə Ümummilli liderin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçiririk. 2022-ci ildə Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Sadalananlar dövlətlərarası dostluğun göstəricisidir. Dünyanı maraqlar idarə edir.

Ortaq maraqlar ortaq hədəflər yaradır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Birinci mərhələdə fondun nizamnamə kapitalı cəmi 25 milyon ABŞ dollar idisə, hazırda bu məbləğ 100 milyon ABŞ dollarıdır. Azərbaycan-Qırğız İnkişaf Fondunun Bakıda keçirilən dördüncü iclasında 3 layihənin maliyyələşdirilməsi razılaşdırılıb. Belə ki, Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək üç layihəni - kiçik su elektrik stansiyasının (SES) və 300 iş yerlik müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək. Sözügedən layihələrin icrasına artıq başlanıb. Tərəflər layihələrin həyata keçirilməsini sürətləndirməyi razılaşdırıblar. İlin sonuna qədər SES-in və tikiş fabrikinin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Çolpon-Atada turizm mərkəzi inşa edir. Bütün bunlar Qırğızıstan iqtisadiyyatının inkişafına kömək etməklə yanaşı, hər iki ölkə üçün mənfəətli olacaq. Azərbaycanın Qırğızıstana investisiya qoyması bir növ faydalı təşəbbüs kimi dəyərləndirilə bilər. Azərbaycandan sonra Qazaxıstan da Qırğızıstanda otel inşasına başladı. İsveçrə və Fransa da investisiya qoymaq təşəbbüsü irəli sürdü. Bu baxımdan Azərbaycanın investisiya qoyması təşəbbüsünü nümunə kimi dəyərləndirmək olar. Beləliklə, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu tərəfindən həyata keçirilən layihələr bu ilin sonu, gələn ilin əvvəlində yekunlaşacaq və hər iki tərəfə ciddi iqtisadi səmərə verəcək.

-Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi hələ istənilən səviyyədə deyil. Bu sahədə səfirlik hansı təşəbbüslərlə çıxış edir?

 -Ticarət dövriyyəmiz az olsa da, artmaqdadır. Keçən il ticarət dövriyyəsi 40 milyon dollar idi. 40 milyondan 29,6 milyon dollar Azərbaycanın, 10,4 milyon isə Qırğızıstanın payına düşür. Gələcəkdə iqtisadi əlaqələr genişləndikcə ticarət dövriyyəsinin həcmi də artacaqdır. Hazırda Qırğızıstanda Azərbaycan Ticarət Evinin açılması istiqamətində iş gedir. Qırğızıstan iqtisadiyyatı da inkişaf edir. Son bir neçə ildə dövlət büdcəsi 3 dəfə, ÜDM isə illik 8-9 faiz artır. Yeni rəhbərlik iqtisadiyyatın inkişafına çox ciddi fikir verir. Uzun illər diqqətdən kənar qalan məsələlərin həlli istiqamətində ciddi işlər görülür. Xalq da yeni hakimiyyətin fəaliyyətini dəstəkləyir.

-Qırğızıstan ictimaiyyətində Azərbaycanın beynəlxalq siyasəti, xüsusilə Ermənistanla sülh prosesinə yanaşması necə qarşılanır?

- Azərbaycan xarici işlər naziri, cənab Ceyhun Bayramovun Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanatından sonra Qırğızıstan bəyanat verərək bu prosesi dəstəklədi. O cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışladığına dair bəyanat yayıb. Beynəlxalq müstəvidə ölkələrimizin mövqeləri yaxındır. Biz ikitərəfli və çoxtərəfli məsələlərdə daim bir-birimizə dəstək veririk.

-Cənab səfir, Orta Dəhliz və Zəngəzur dəhlizinin önəminin günü-gündən artdığı zamanda Bakı-Bişkek əlaqələri hansı logistik imkanlardan faydalana bilər?

-Hazırkı təşəbbüslər vacib, strateji xarakter daşıdığı üçün Qırğızıstan tərəfindən də dəstəklənir.  Dünyadakı proseslər göstərir ki, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ticarət yollarının açılması son dərəcə vacibdir. Stabilliyin əldə olunmasında Azərbaycanın rolu böyükdür. İllər əvvəl Ulu öndər Heydər Əliyev bu yolun açılmasının önəmini vurğulamışdı. Sonrakı dövrdə cənab Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolu xəttini gündəmə gətirdi və heç kimdən maddi dəstək almadan həyata keçirilməsini təmin etdi. Bu yolun açılması ilə Azərbaycan dünya ticarətinin axıcılığını təmin edir. Orta Dəhliz olmasa idi, dünya ticarətinin vəziyyəti ürəkaçan olmazdı. Dünya ticarətinin vəziyyəti pis olsa, bu, qarşılıqlı toqquşmalara gətirib çıxaracaq. Azərbaycan müstəsna əhəmiyyətli işlər görür. Prezident İlham Əliyevin bu illər ərzində gördüyü işlər təkcə regionda deyil, dünyada stabilliyə, sülhə xidmət edir. Bu proseslər davam etdirilir. Nəticədə Azərbaycan dünyada proseslərin idarə olunmasında yaxından iştirak edir. Bu iştirak son dərəcə faydalıdır. Mərkəzi Asiya ölkələri çox vacib layihə üzərində işləyirlər, Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu xəttinin tikintisi başlanıb. Bu dəmiryolu da gələcəkdə Orta Dəhlizə və Zəngəzur dəhlizinə birləşdiriləcək. Bölgə artıq dalandan çıxaraq böyük inteqrasiya bölgəsinə çevrilir və dünyadakı proseslərə fəal şəkildə qoşulmağa başlayır.

-Yeri gəlmişkən, Qırğızıstan da daxil olmaqla,  Türk Dövlətləri Təşkilatının (TDT) 3 üzvü-Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Türkmənistan Cənubi Kiprdə səfirlik açmaq barədə qərar verib. Sizcə, bu qərarın arxa planında nə dayanır? Təcrübəli diplomat kimi bu məsələ ilə bağlı narahatlıqları necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə edib. Azərbaycan Şimali Kipri hər zaman dəstəkləyəcək. Fikrimcə, türk dünyasının birliyinə ciddi təhdid yoxdur.

-Cənab səfir, fürsətdən istifadə edib Qırğızıstanda yaşayan azərbaycanlılarla bağlı da sual verim. Qırğızıstanda yaşayan azərbaycanlıların sayı nə qədərdir?

-Qırğızıstanda 22 min azərbaycanlı yaşayır. Məlumdur ki, burada yaşayan azərbaycanlılar keçən əsrin 30-cu illərində repressiyaya məruz qalan azərbaycanlıların övladlarıdır. Repressiya illərində qırğızlar azərbaycanlılara həyatda qalmaları üçün xeyli kömək ediblər. 150 min azərbaycanlı repressiya qurbanı olub. Yeri gəlmişkən, Qazaxıstanda səfir işlədiyim dövrdə repressiya olunan azərbaycanlıların xatirəsini ədəbiləşdirmək üçün Qazaxıstanın Karakanda şəhərində Karlıq deyilən yerdə abidə qoyulmasına nail olduq.

 -Azərbaycanlılar Qırğızıstanın ictimai-siyasi həyatında fəal iştirak edirlərmi?

-Bişkek merinin müavini Ramiz Əliyev azərbaycanlıdır. Akif Allahverdiyev tanınmış həkimdir, diasporanın rəhbəri olub. Əzizağa Əliyev tanınmış hüquqşünas, prokuror olub, o da əvvəllər Azərbaycan diasporuna rəhbərlik edib. Hazırda isə diasporaya gənclər rəhbərlik edirlər. Azərbaycanlılar fəaldırlar, onlara lazımi dəstək göstərilir.

Bu günlərdə diaspor tərəfindən “Azərbaycan-Qırğızıstan Dostluq park”ında ağacəkmə kampaniyası təşkil edilib və səfirliyimiz bu kampaniyada fəal iştirak edib.

-Bu günlərdə Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri keçirilir. Təşkilatçılığı necə dəyərləndirirsiniz? Mədəniyyət sahəsindəki əlaqələrin inkişaf perspektivləri barədə fikirlərinizi bilmək istərdik...

-2024-cü ildə Qırğızıstan Prezidenti cənab Sadır Japarovun Azərbaycana səfəri çərçivəsində Qırğızıstanın mədəniyyət günləri keçirildi. Azərbaycan tərəfi yüksək səviyyədə qonaqpərvərlik göstərdi. Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri də yüksək səviyyədə keçdi. Mədəniyyət naziri cənab Adil Kərimlinin iştirakı ilə Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizi son dərəcə yüksək səviyyədə təmsil edirlər. Azərbaycan mədəniyyəti günlərinin açılış Qala konsertində tamaşaçıların reaksiyası unudulmazdır. O qədər xoş emosiyalar yaşandı ki, tamaşaçıların çoxu yerində rəqs edirdilər. Mən həmyerlilərimizin Azərbaycan rəqslərini izləyərkən öz xalqı, mədəniyyəti üçün nə qədər darıxdıqlarının şahidi oldum. Bu qədər zaman keçməsinə baxmayaraq, milli ruha bağlılıq hələ də qalıb. Əgər dövlətlərimizin həqiqətən yaxın olmasını istəyiriksə, mədəniyyətimizin təqdimatı son dərəcə vacibdir. Xatırlatmaq yerinə düşər ki, aprel ayının 3-də Bakıda Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu “Dədə Qorqud” tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunub. Azərbaycanın Mədəniyyət Nazirliyi bu tamaşa üçün qırğız nümayəndə heyəti üçün hər cür şərait yaradıb. Dramaturq K.İmanaliyev geri qayıdandan sonra çox razılıq etdi. Dədə Qorqud Azərbaycan və qırğız xalqlarının ortaq dəyərlərindən biridir. Qırğızıstanda  Azərbaycan mədəniyyəti günlərinin təşkil edilməsi ikitərəfli münasibətlərin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Hər iki ölkə başçısının razılığı əsasında mədəniyyət nazirlikləri qarşısına qoyulan vəzifələr yüksək səviyyədə icra olundu. Azərbaycan mədəniyyəti günlərində Qırğızıstanın yüksək vəzifəli şəxsləri də iştirak etdilər. Qırğızıstan baş nazirinin müavini Edil Baysalov, xarici işlər nazirinin müavini Meder Abakirov, Bişkekdəki diplomatik korpusun nümayəndələri də tədbirlərə böyük maraq göstərdilər. Maraq da böyük idi, təşkilatçılıq da yüksək səviyyədə idi. Bu da bizim uğurumuzdur. Bütün bu məsələlər barədə danışarkən Ümummilli lider Heydər Əliyevin adını da çəkmək lazımdır. H.Əliyev 1995-ci ilin avqust ayında Qırğızıstanda “Manas” eposunun 1000 illiyi ilə bağlı yubiley təntənələrində iştirak etmişdi. O, hətta Talasda keçirilən tədbirlərdə iştirak etmiş və demişdi ki, “Manas”ın dili bizim ümumi dilimizdir. Burada yaşayan yaşlı nəsil H.Əliyevin səfərini doğma insanın gəlişi kimi xatırlayırlar.

-Lətif müəllim, səfirlik Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı təşəbbüslər irəli sürüb?

-Səfirlik “Dədə Qorqud” dastanının qırğız dilinə tərcümə edilməsini təklif edib. Mədəniyyət nazirliyi bu təklifi dəstəkləyib. Eyni zamanda “Dədə Qorqud” filminin qırğız, özbək, türkmən, qazax türkcəsinə çevrilməsini zəruri hesab edirəm. Fikrimizcə, gələcək üçün bu çox vacibdir. Mədəniyyət sahəsinə sərf olunan vəsait hər zaman özünü doğruldur.

-Cənab səfir, müsahibə üçün təşəkkür edirəm.

- Fürsətdən istifadə  edərək Mədəniyyət Nazirliyimizə, mədəniyyət və incəsənət xadimlərimizə gözəl, zəngin və maraqlı proqramın təşkilinə görə səmimi təşəkkürümü bildirmək istərdim. Keçirilən Mədəniyyət Günləri mədəniyyətimiz üçün böyük fədakarlıq idi.

Nigar HƏSƏNLİ,
Fotolar: Həbib Hüseynov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR