İnsanlara hürriyət, millətlərə istiqlal!

Delta Telekom-a hücumu:Rusiya ehtimalı güclənir - ŞOK DETALLAR

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Musavat.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Hadisədən dərhal sonra internet xidmətlərinin davamlılığı planı işə salınıb. Provayderlər alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib və qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub. Nazirliyin məlumatına görə, “Delta Telekom”a qarşı hücumun qarşısı qısa müddət ərzində alınıb və şirkətin xidmətləri tam bərpa olunub.

Musavat.com xatırladır ki, bu ilin fevral ayında Rusiyanın Azərbaycanın kiberməkanına qarşı həyata keçirdiyi total hücum geniş rezonans doğurmuşdu. O zaman hücumlar konkret olaraq “Global Media Group”a yönəlmişdi. Nəticədə “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” saytlarının və “Baku TV”nin fəaliyyətində ciddi problem yaranmışdı.

Sonradan müəyyən olundu və açıqlandı ki, bu hücumun arxasında Rusiya dayanıb. Rusiya hakerlərinin bir qrupu hətta Bakıya turist kimi gələrək hotellərdə yerləşib və bu hücumu təşkil etmişdilər.

İndi isə yenidən oxşar hücumun “Delta Telekom” üzərindən reallaşması şübhələri Moskvanın üzərinə yönəldir.

Son aylarda Rusiya tərəfindən Azərbaycana qarşı yalnız mənfi addımlar müşahidə olunur:

* Diaspor nümayəndələrimizin təqib olunması və həbsləri;
* Rusiyada azərbaycanlılara məxsus iş yerlərinin, mülklərin dağıdılması;
* İnformasiya sahəsində ardıcıl hücumlar və qarayaxma kampaniyaları buna bariz nümunədir.
Ötən ilin dekabr ayında AZAL təyyarəsinin raketlə vurulması hadisəsindən sonra Bakı-Moskva münasibətləri kəskin gərginləşmiş, faktiki olaraq “soyuq müharibə” mərhələsinə qədəm qoymuşdu. Hazırkı kiberhücumun arxasında kimlərin dayandığı hələlik rəsmən açıqlanmasa da, mövcud siyasi gərginlik fonunda bütün baxışlar Rusiyaya yönəlmiş vəziyyətdədir. Azərbaycan cəmiyyətində əsas sual budur: Delta Telekom-a hücum Rusiyadan ola bilərmi?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən Delta Telekom-a hücumun haradan və nə məqsədlə qaynaqlana biləcəyi haqda fikirlərini açıqlayıb.

"Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.
Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəni müəyyən risklər qarşısında qoyur.

Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.

Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür.

Kommunikasiyalar, internet alternativliyi sevir. Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR