İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dönər kabusu: Uşaqlar da təhlükə altında!

Son günlər Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı narahatedici xəbərlər bir-birini əvəz edir. Ötən gün Şəmkir rayonunda kütləvi şəkildə zəhərlənmə hadisəsi baş verib. Rayon sakinlərinin sözlərinə görə, hadisə şəhərdə fəaliyyət göstərən dönərxanalardan birində qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilir ki, ümumilikdə 24 nəfər, o cümlədən 14 azyaşlı qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onlara təcili tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər daha sonra ambulator müalicə üçün evə buraxılıb.

“Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb”.

İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda vurğulanıb.

Şəmkirdəki zəhərlənmə hadisəsi son günlər qeydə alınan ilk belə fakt deyil. Cəmi bir gün əvvəl Tovuz rayonunda 4 nəfərin dönərdən zəhərlənməsi xəbəri yayılmışdı. Bundan əlavə, iyun ayının əvvəlində Naxçıvanda 17 nəfər, o cümlədən 9 uşaq dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

Bu hallar artıq cəmiyyətdə ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə və media orqanlarında dönərxanaların sanitar vəziyyəti, istifadə olunan ətin mənşəyi və saxlanma qaydaları ilə bağlı suallar səsləndirilir. Ekspertlər isə xəbərdarlıq edirlər ki, yay aylarında qida məhsullarının tez xarab olması fonunda belə halların artması gözləniləndir.
Bəs dönər nə zaman təhlükəli olur? Qida təhlükəsizliyi mütəxəssislərinin sözlərinə görə, dönər ən çox aşağıdakı hallarda zəhərlənməyə səbəb ola bilər:

-Ətin keyfiyyətsiz olması - sertifikatsız, mənşəyi məlum olmayan ətlərin istifadəsi;

-Gigiyena qaydalarının pozulması - ətin saxlanma, bişirilmə və servis zamanı sanitar normalara əməl edilməməsi;

-Uzun müddət saxlanma - bişmiş ətin temperaturu düzgün qorunmadıqda mikroorqanizmlərin sürətlə çoxalması;

-Tərəvəzlərin yuyulmaması - dönərə əlavə edilən pomidor, kahı, xiyar kimi məhsulların çirkli və yuyulmamış olması;

Sousların istifadəsi - düzgün saxlanmayan və ya vaxtı keçmiş souslar da zəhərlənmə riskini artırır.

Həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə uşaqlar və yaşlı insanlar qida zəhərlənməsinə daha həssasdır. İshal, qusma, qarın ağrısı, yüksək hərarət kimi əlamətlər ortaya çıxdıqda dərhal həkimə müraciət olunmalıdır.

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a danışıb.

Sadə və doğru yanaşma sağlam həyatın açarıdır"

Mütəxəssis qeyd edib ki, xüsusilə yay fəslində qidalanmaya daha ciddi diqqət göstərmək vacibdir:

“Çünki qida zəhərlənmələri əsasən məhz bu mövsümdə daha çox baş verir. Bir mütəxəssis kimi apardığım araşdırmalara əsaslanaraq deyə bilərəm ki, son 3 il ərzində qida zəhərlənmələrinin sayı əvvəlki dövrlərlə müqayisədə artıb.

Doğrudur, Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına görə, Azərbaycanda qida zəhərlənmələrinin sayı digər ölkələrlə müqayisədə daha azdır. Lakin qeyd etdiyim kimi, son illərdə belə halların artması müşahidə olunur.

Ümumiyyətlə, tez hazırlanan bütün qidalar xüsusi nəzarət tələb edir. Onların hazırlanması zamanı mütləq sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Xüsusilə yay fəslində tərəvəzlər tez xarab olur və keyfiyyətini itirir. Buna görə də tərəvəzlər düzgün şəraitdə saxlanmalı, istifadə olunan bütün ərzaqlar təmiz və sağlam şəraitdə qorunmalı, günəş şüasından uzaq tutulmalıdır. Əllərin yuyulması və mətbəxdə təmizlik əsas şərtlərdəndir. Əks halda, keyfiyyətsiz tərəvəz və digər inqrediyentlər yeməyin tərkibində təhlükəli reaksiyalara girərək orqanizmdə zəhərlənməyə səbəb ola bilər.

Çox təəssüf ki, Azərbaycandakı bəzi dönərxanalarda sanitar-gigiyenik normalara riayət olunmur. Əvvəlcə ət məsələsinə toxunmaq lazımdır. Qaydalara görə, dönər üçün istifadə olunan ətlər mütləq mənfi 40 dərəcə temperaturda şok dondurmadan keçirilməli, qablaşdırılmalı və xüsusi avadanlıqlara malik soyuducu maşınlarla dönərxanalara çatdırılmalıdır. Bu prosesin pozulması ciddi təhlükə yaradır. Təəssüf ki, bəzən rayon yerlərində qanunsuz şəkildə eşşək və ya at ətindən, həmçinin xəstə heyvanların ətlərindən istifadə halları aşkarlanır. Belə ətlər insan sağlamlığı üçün son dərəcə zərərlidir.

Eyni problem toyuq ətində də müşahidə olunur. Çox vaxt keyfiyyətsiz, ucuz quş ətindən istifadə edilir. Bəzi fabriklər aşağı keyfiyyətli quş ətlərini satışa çıxarır, hansı ki, həmin ətlər əsasən küçə və digər heyvanların yemlənməsində istifadə olunur və bəzi dönərxanalar da büdcə qənaəti məqsədilə həmin məhsullardan alır. Bu isə qida zəhərlənmələrinin başlıca səbəblərindən biridir”.

Ləman Süleymanova qeyd edib ki, hətta ət keyfiyyətli olsa belə, dönərxanalarda gigiyenik qaydalara əməl olunmadıqda təhlükə qaçılmazdır:
“Məsələn, yay fəslində mayonez çox vaxt şüşənin yanında günəş altında saxlanılır. Halbuki, mayonezi cəmi 5 dəqiqə günəş altında açıq qoymaq belə onun tərkibində zəhərlənməyə səbəb ola biləcək bakteriyaların sürətlə çoxalmasına gətirib çıxarır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR