İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kupça paradoksu - ekspert evyıxan qaydaları "top"a tutdu

Azərbaycanda ev almaq nəinki hər bir ailənin ən böyük arzusu, bəzən də ən böyük dərdi və həyat mübarizəsinə çevrilir. Min bir zəhmətlə qazanılan pullar, illərlə yığılan vəsaitlər, bəzən də borc-xərc hesabına tikilən evlər bir kağız parçası – “kupça” üzündən havada qalır. Rəsmi rəqəmlərə görə, ölkədə yüz minlərlə sənədsiz mənzil var. Bu evlərdə insanlar yaşayır, uşaqlar böyüyür, dövlət isə həmin evlərə qaz, su, işıq satır. Amma gəl ki, həmin evlərin mülkiyyət hüququnu rəsmiləşdirməyə gəldikdə, min cür bəhanə, min cür maneə ortaya çıxır.

Maraqlıdır ki, Azərbaycanda tikintiyə nəzarət edən qurumların sayı az qala vətəndaşların sayına bərabərdir. İcra hakimiyyətindən tutmuş FHN-ə, Arxitektura Komitəsindən tutmuş ekologiya, səhiyyə, hətta qaz-su idarələrinə qədər hamısı “nəzarətçi” rolundadır. Amma bütün bu nəzarətə baxmayaraq, ölkədə 500 mindən çox sənədsiz evin mövcud olması sual doğurur: bu qədər qurum hara baxırdı, necə göz yumurdu, niyə vaxtında tədbir görmürdü?

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bu mövzuda fikirlərini açıqlayıb.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda tikintiyə icazə və nəzarəti həyata keçirən bir neçə orqan var: İcra hakimiyyəti, Bələdiyyələr, FHN (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onunla bağlı qurumlar (struktura daxil bir neçə qurum).

Bundan başqa Nazirlər Kabinetinin qərarı da var, qərarın 3.1 maddəsindən sitat:

- obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir.

Dahası da var: tikintiyə “texniki şərt” mərhələsində “Azərsu” (köhnə adı), “Azərqaz” (SOCAR), “Azərenerji” (və ya şəhər-rayon enerji idarələri) müdaxilə-çətinlik yaradır.

Bunu da keçdik, bunlar rəsmi/icazəli müdaxilə etməyə (oxu: ”sağmağa”) icazəsi olan qurumlardır, amma qeyri-rəsmi müdaxilə imkanı olan hüquq-mühafizə orqanlarını da bu siyahıya əlavə etmək lazımdır.

Sonra da deyirik ki, Azərbaycanda mənzil niyə bahadır?!

Bu mövzuya nədən toxunmaq istədim, onu da deyim – xəbər oxudum, sitat: Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır. Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Sözümüz canı budur ki, yuxarıda yazdığım kimi, Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, amma, “özbaşına tikililər” var – niyə?! Bəs bu orqanlar hara baxırdı?! Nəyin müqabilində “göz yumurdu”?! Bu qədər nəzarətedici orqan, sərt qanunlar olan ölkədə 500 min sənədsiz ev, mənzil necə ərsəyə gəldi?! Yaxşı, insanlar dövlətə, bir növ, yardım ediblər, öz mənzil problemlərini dövlətin MANEƏLƏR yaratmasına rəğmən həll ediblər, özlarinə yuva qurublar, Dövlət də onlara su-qaz-işıq satır, deməli onların mülkiyyət hüququnu qismən tanıyırsa nədən bu insanlara sənəd, çıxarış, “kupça” vermirlər?! İndi yeni qaydalar hazırlasalar, bu o deməkdirmi ki, istənilən vətəndaşın “qeyri-qanuni, özbaşına”, tikdiyi evi Dövlət ödəniş etmədən sökə biləcək?! Bu suallar cavab verən bir məmur tapılacaqmı?!

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR