İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölmüş həmsədrlərin qıdıqlanması” vaqeəsi

Qarabağdan köçən ermənilərin ATƏT-ə müraciətində məqsəd Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı pozmaqdır

Qarabağdan könüllü şəkildə çıxmış ermənilərdən ibarət qruplar ATƏT ölkələrinə müraciət yayıblar.

Müraciət qondarma rejimin “parlamenti”nin spikeri Aşot Danielyanın imzası ilə təqdim olunub. Mətn həyasızcasına saxtakarlıqlarla doludur və açıq-aşkar Kremlin “oyuncaqlarının” yazısı təsiri bağışlayır.

Müraciətdə deyilir ki, guya “150 min Qarabağ ermənisi zorla ata-baba yurdundan didərgin salınıb” və onların səsi nəzərə alınmadan ATƏT-in Minsk Qrupunun mandatı ləğv edilib. “Sənəddə”:

* Qarabağ ermənilərinin “təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə zəmanət verilməsi”,

* Minsk Qrupunun fəaliyyətinin bərpası,

* Onların nümayəndələrinin beynəlxalq danışıqlara qatılması kimi tələblər irəli sürülüb.

Müraciət guya BMT qərarları və insan hüquqları sənədlərinə istinad edir, Azərbaycanı isə “etnik təmizləmə aparmaqda” ittiham edir.

Son günlər diqqət çəkən məqam odur ki, Rusiyanın xüsusi xidmət orqanları və müəyyən qurumları Qarabağdan köçən ermənilərə xüsusi diqqət göstərir: onlara yardım paylayır, görüşlər keçirir, videolar hazırlayır. Hər kəs sual edirdi - Moskva niyə birdən-birə iki ildən sonra bu mövzunu gündəmə gətirdi?

Bu müraciətin ATƏT-ə yönəldilməsi də Kremlin planının bir parçasıdır.

Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə iki gün öncə xalqa müraciətində açıq şəkildə bildirdi ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsi bitib. Onların gələcəyi Ermənistanda, orada məskunlaşmaqdır. Paşinyan hətta Qarabağ mövzusunu Ermənistanın dövlət təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirdi.

Beləliklə, görünən odur ki, Kreml ermənilərdən daha çox “erməniçilik” edir - onları zorla yenidən köçürmək, bölgəyə qaytarmaq istəyir. Halbuki bu qatar artıq gedib və Qarabağ məsələsi bağlanıb.

Qarabağdan köçən ermənilərin ATƏT-ə müraciəti əslində Moskvanın “əl işi”dir. Məqsəd - Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı pozmaq, regionda təsir imkanlarını itirməməkdir. Lakin reallıq göstərir ki, nə Azərbaycan, nə də Ermənistan artıq Kremlin bu oyunlarına aldanmaq niyyətindədir.

Bəs müraciət ünvanlanan ölkələr rusların diktəsi ilə yazılan müraciət necə qarşılanacaq? Bu müraciətin bir təsiri ola bilər?

Aydın Hüseynov: “Yeni dövrdə iqtisadi inkişafın davam etdirilməsi üçün

Aydın Hüseynov

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövlətinin Qarabağdan heç bir mülki ermənini köçürmədiyi və ermənilərin könüllü olaraq köçdüklərini bütün dünya görüb: “Bunu təsdiqləyən kifayət qədər müsahibələr, videomateriallar, faktlar var və bu materiallar dünya mediasında, bütün sosial şəbəkələrdə yayılıb. Mülkü ermənilərə dəfələrlə yüksək səviyyədə müraciətlər ünvanladı ki, köçməsinlər, qalıb vətəndaşımız kimi yaşasınlar. Lakin ermənilər bu çağırışları dinləmədilər və özləri köçdülər. Onlar köçən zaman Azərbaycan ərazisində onların bir nəfərinə də olsun zorakılıq halları olmayıb, bir nəfər də olsun zədələnməyib. Qarabağ erməniləri Rusiyadakı anti-Azərbaycan dairələrinin əlində alət olublar. İndi də onlardan həmin qüvvələr öz maraqları üçün alət olaraq istifadə etməyə çalışırlar. ATƏT-in Minsk Qrupuna üzv  ölkələrə müraciət də sifarişlə ermənilərin adından hazırlanıb. Lakin həmin qüvvələr unutmasınlar ki, artıq nə "Dağlıq Qarabağ" adlı qondarma qurum var, nə də onun qondarma “parlamenti, parlament sədri” var, nə də faktiki olaraq Minsk Qrupu var. Qondarma qurum Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq sıradan çıxarıb. İndi kimlərsə iki ölünü diriltmək istəyinə düşüblərsə, heç nəyə nail ola bilməzlər".

A.Hüseynov xatırlatdı ki, 8 avqustda Vaşinqton görüşündə Minsk Qrupunun de-yure ləğvi üçün artıq Azərbaycan və Ermənistan tərəfindən addım atılıb: “Həm də buna görə hesab edirəm ki, ATƏT üzvü olan ölkələrə ermənilərin adından ünvanlanan qondarma müraciətin mənası yoxdur və belə bir müraciəti ciddiyə almamalıdırlar. Eyni zamanda qeyd etməyi lazım bilirəm ki, Nikol Paşinyan imzaladığı sənədin tələblərinə kölgə salmağa çalışan separatçı tör-töküntüləri ilə bağlı tədbirlər görməlidir. Həmin tör-töküntülərin Ermənistanda fəaliyyət göstərməsinin qarşısını tamamilə almalı və paraflanmış sülh müqaviləsi layihəsindəki maddələrə zidd fəaliyyət göstərən şəxslər və qruplar barəsində hüquqi cəza tədbirləri həyata keçirməlidir”. 

Mütəllim Rəhimli Ədalət Partiyasının yeni sədri SEÇİLDİ

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirdi ki, 8 avqustda  ATƏT-in Minsk Qrupunun buraxılması barədə razılıq əldə olunub və bu məsələdən Ermənistan sui-istifadə edə bilməz: “Lakin göründüyü kimi, Qarabağı könüllü tərk edən ermənilər ATƏT ölkələrinə həqiqətdən uzaq bir müraciət göndəriblər. Məqsəd isə ölkəmizlə bağlı yanlış fikir formalaşdırmaq, təzyiq altında saxlamaq və ən əsası yenidən torpaq iddiası ilə çıxış etməkdir. Ancaq təbii ki, bütün bunlar arxadan atılan daş təsiri bağışlayır. Bununla belə, ürək bulandırır. Ona görə də ilk növbədə Ermənistan hakimiyyəti bu cür təxribatçı addımların qarşısını almalıdır. İki ölkə arasında sülh prosesinə maneə olan təxribatçı hərəkətlərə görə onların məsuliyyəti məsələsini qaldırmalıdır. Eyni zamanda əgər bu xarici himayədarların planı əsasında baş verirsə Ermənistan təhlükəsizlik qüvvələri müvafiq addımlar atmalıdır. Bununla da sübut etməlidir ki, Ermənistan iqtidarının bu məsələyə heç bir aidiyyəti yoxdur”.

M.Rəhimli vurğuladı ki, separatçıların qızışdırılmasında Rusiya faktorunu da unutmaq olmaz. Bu həm Ermənistan rəhbərliyini təzyiq altında saxlamağa xidmət edir, həm də Azərbaycana təsir vasitəsi kimi düşünülür: “Eyni zamanda iki ölkə arasında sülh prosesində qarşılıqlı etimada zərbə vurmaq məqsədi daşıyır. Bütün bunları müraciət ünvanlanan ATƏT ölkələri diqqətdə saxlamalı və məsələyə adekvat reaksiya verməlidirlər. Lakin biz indiyədək Avropanın bəzi ölkələrinin Qarabağ məsələsinə ədalətsiz münasibəti ilə qarsılaşmışıq. Ona görə də həmin dövlətlər bu müraciəti bir fürsətə çevirməyə çalışmağa səy edə bilərlər. İnsan hüquqlarının müdafiəsi, demokratik seçkilər adı altında Avropanın öz maraqlarını güddüyünü də müşahidə etmişik. Bu tezislər Avropada bir silah kimi istifadə olunur. Lakin hazırda Avropanın təsir imkanları minimuma düşüb. Xüsusilə Ukrayna cəbhəsində ikili oyunları və müharibədə irəliləyişin olmaması ona etibarı azaldıb, nüfuzuna zərbə vurub. Erməni-rus işbirliyinin fəal iştirakçıları bunu nəzərə alsalar görərlər ki, ənənəvi oyunların əvvəlki təsir effekti qalmayıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR