Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişini və Zəngəzur dəhlizi layihəsini şərh edib.
Lukaşenko bildirib ki, o, ABŞ Prezidenti Donald Trampı bu saziş münasibətilə təbrik edib:
“Trampı Ermənistan və Azərbaycanla bağlı təbrik etdim. Dedim ki, siz çox yaxşı etmisiniz ki, belə bir sazişi imzalamağa imkan tapmısınız. Mən “Zəngəzur dəhlizi”nin nə olduğunu çox yaxşı bilirəm. Sülh sazişləri bu dəhlizin Ermənistan ərazisindən keçərək qurulmasına kömək edəcək. Təbii ki, bu, İrana xoş gəlmir, amma buna heç kim qarşı çıxa bilməz”.
Qeyd etmək lazımdır ki, Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin demək olar ki, yeganə və ən sadiq müttəfiqidir. Belə bir şəxsin Zəngəzur dəhlizi haqqında açıq şəkildə müsbət fikir bildirməsi və hətta bu layihənin Trampın adı ilə bağlanmasına tolerant yanaşması olduqca mühüm hadisə hesab olunur.
Bu, həm də Moskva ilə sıx siyasi-iqtisadi asılılıq içində olan Belarus liderinin bölgədəki yeni reallığı qəbul etdiyini göstərir. Lukaşenkonun çıxışı Zəngəzur dəhlizinin regional strateji əhəmiyyətini bir daha təsdiqləyir və Azərbaycanın təşəbbüslərinin beynəlxalq miqyasda legitimliyini gücləndirir.
Lukaşenkonun “İrana xoş gəlmir, amma buna heç kim qarşı çıxa bilməz” sözləri Tehranın dəhlizlə bağlı narahatlıqlarını da xatırladır. Lakin Belarus lideri açıq şəkildə bildirib ki, artıq bu prosesin qarşısını almaq qeyri-mümkündür.
Beləliklə, Putinin ən yaxın müttəfiqi olan Lukaşenkonun bu çıxışı Zəngəzur dəhlizinin beynəlxalq dəstəyinin artdığını göstərir.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ