Onlayn ictimai-siyasi qəzet
Ukraynanın son qalası əldən gedir - Donetskin tam işğalı...
Alyaska sammitinin əsas mesajı Donetsk bölgəsində qalan ərazilərindən imtina edilməsi müqabilində müharibənin indiki cəbhə xəttində dondurmaqdan ibarət idi. Bu ərazinin hərbi dəyəri nədir?
ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) son hesabatında Ukraynanın Donetskdən qərbdə 50 kilometrlik “qala kəməri” qurduğu qeyd edilib. “Son 11 il ərzində Ukrayna bu müdafiə xəttinin gücləndirilməsinə və əhəmiyyətli müdafiə sənayesi və infrastrukturunun qurulmasına əhəmiyyətli vaxt, pul və canlı qüvvə sərf edib”, - hesabatda deyilir.
Ərazidə səngərlər, bunkerlər, minalanmış sahələr, tank əleyhinə maneələr və tikanlı məftillər var.
Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, Rusiya ordusu Pokrovsk istiqamətində hücuma başlayır, bir hücumu tamamlamaq bir neçə il çəkə bilər. İstehkamlarla yanaşı, ərazi də Ukraynanın müdafiəsinin bir hissəsidir. Amma Donetsk hündür yerdə yerləşir və hər şey qərbə doğru enişdədir, bu da Ukrayna ordusunun müdafiə əməliyyatları keçirməsi üçün ideal deyil.
Söhbət təkcə yaxın döyüşün çətinliyindən və ya təpələrə qalxıb-enməyin çətinliyində deyil, həm də müşahidə etmək bacarığından gedir ki, bu da öz növbəsində artilleriya dəstəyi və koordinasiyanı təmin etmək qabiliyyətinə təsir edir. Qarşı tərəf üçünsə belə yerləşmə, yəni yüksək hündürlüklər dronların koordinasiyasını asanlaşdıran radio dalğalarının yayılması üçün daha yaxşıdır. Qərbi Donetsk təxminən 1100 kilometrlik cəbhənin kiçik bir hissəsidir, lakin bu yay Rusiyanın ən intensiv hücumlarından birinə səhnə olub.
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Rusiyanın 2014-cü ildən bəri əlində saxladığı Donetsk Ukrayna üçün hərbi-siyasi, iqtisadi və psixoloji baxımdan strateji nöqtədir: “10 ildən çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya indi Donetsk vilayətinin eyniadlı paytaxtı da daxil olmaqla, təxminən 70 faizinə nəzarət edir. Donetsk və qonşu Luqansk münaqişənin mərkəzindədir. Əgər Rusiya bütün Donetski ələ keçirə bilsə, o, nəinki beynəlxalq səviyyədə tanınmamış ərazi iddialarını möhkəmləndirəcək, həm də daha böyük hərbi itkilərdən qaçacaq. Ukrayna qərbdə Donetskdən geri çəkilsə, nəinki torpaqlarını itirəcək, həm də yeni qaçqın dalğası ilə üzləşəcək, Rusiya ordusunun daha da irəliləməsinə qarşı müdafiə səddinin itirilməsi demək olacaq. Ukrayna hələ də Donetskdə təxminən 6600 kvadrat kilometr əraziyə nəzarət edir. Ukrayna tərəfi ərazidə hələ də 250 minə yaxın insanın yaşadığını açıqlayıb. Həmin ərazilərdə Kramatorsk, Slovyansk, Kostyantynivka və Drujkivka şəhərləri yerləşir. Region Ukraynanın əsas sənaye bölgəsi olan Donbasın bir hissəsidir, lakin iqtisadiyyatı müharibə nəticəsində dağılıb. Donetsk Donbasın paytaxtıdır və şəhərin azad olunması Ukraynanın sənaye potensialının bərpası, eyni zamanda şərq və cənub cəbhələrində üstünlüyün təmin etməsi olardı. Donetsk hazırda rus ordusunun cənub-şərqdəki ən güclü istehkam mərkəzidir. Onun itirilməsi Rusiya müdafiəsinin domino effekti ilə çökməsinə yol aça bilər. Şəhərin azad edilməsi həm Luqansk, həm də Mariupol istiqamətində Ukraynanın yeni əməliyyat imkanlarını genişləndirə bilər”.
Əksi baş verərsə, Rusiya Donetski tam işğal edə bilsə, sonra nə olacaq?
Hərbi ekspert deyir ki, Ukrayna cəbhəsində həlledici məkanlardan biri Donetskdir. Şəhərin tam işğalı Moskvanın əlini gücləndirəcək, Rusiyanın daha da aqressivləşməsi ilə nəticələnəcək: “Donetsk Putinin təbliğatında xüsusi simvolik əhəmiyyət daşıyır. Onun işğalı Kremlin daxili auditoriyaya tarixi zəfər kimi təqdim olunacaq. Amma Moskva bununla kifayətlənməyəcək. Rusiya hər zaman daha geniş əraziləri nəzarətə götürmək planı ilə çıxış edib və Donetsk yalnız mərhələlərdən biridir”.
Hərbi ekspert deyib ki, Donetskin tam işğalı Rusiya üçün Mariupol-Luqansk-Krım quru dəhlizini daha da möhkəmləndirəcək: “Əgər Donetsk tam nəzarətə götürülərsə, bu, Moskvanın Donbasda mövqelərini gücləndirəcək. Amma strateji mənada Kreml bununla kifayətlənməyəcək. Çünki hədəf yalnız Donetsk deyil, bütün Donbas və cənub istiqamətində dənizə çıxış yollarıdır”.
Hərbi ekspert deyir ki, Donetskin tam işğalından sonra Rusiya həm Ukrayna, həm də Qərbə sərt mesaj verəcək: “Moskva bu qələbəni biz dayanmaq fikrində deyilik mesajı ilə müşayiət edəcək. Əgər Rusiya Donetskdə möhkəmlənərsə, növbəti hədəflər Xarkov, Zaporojye və hətta Odessa ola bilər. Çünki Kreml yalnız güc qarşısında dayanır, güzəşt onu dayandırmır. Amma hadisələrin bu cür gedişatı, yəni Donetskin tam işğalı Ukraynanın deyil, Rusiyanın problemlərini daha da dərinləşdirəcək. Çünki bu, Kremlin işğalçı iştahını artıracaq, müharibəni isə daha da gərgin və uzunmüddətli edəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ