Onlayn ictimai-siyasi qəzet
ABŞ Demokrat Partiyası içində bir qrup konqresmen milyarder İlon Maskı Donald Trampdan uzaqlaşdıraraq öz tərəflərinə çəkmək üçün hərəkətə keçib.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ilə İlon Mask arasında son günlərdə açıq qarşıdurma yaşanıb. Tramp əvvəllər “dahi” adlandırdığı Maskı indi “dəli və qeyri-sabit” biri kimi xarakterizə edir. Demokratlar isə bu siyasi boşluğu fürsətə çevirməyə çalışırlar.
Kaliforniyadan olan demokrat konqresmen Ro Xanna hesab edir ki, İlon Maskla əməkdaşlıq üçün tam məqam yetişib. Onun fikrincə, Maskla Demokratlar arasında ortaq dəyərlər az deyil:
“Biz elmi maliyyələşdirməyə, təmiz texnologiyalara və Mask kimi əcnəbi tələbələrin dəstəyinə sadiqik. Bəlkə də, onu inandıra bilərik ki, Demokrat Partiyası onun prinsiplərinə daha yaxındır”, - deyə Xanna bildirib.
New York ştatından olan konqresmen Riçi Torres isə Trampın yeni qanun layihəsini Maskla əməkdaşlıq üçün potensial ortaq mövzu kimi görür. O bildirir ki, Maskın əvvəllər Demokratlara yaxın olması da əməkdaşlıq üçün zəmin yarada bilər.
Qeyd olunur ki, Mask 2020-ci ildə Co Baydenə səs verib, 2010-cu ildə isə Barak Obamanı “SpaceX” bazasında şəxsi ekskursiyaya çıxarıb.
“Politico”ya danışan demokratlar bildirirlər ki, əgər Maskı tam tərəfə çəkmək mümkün olmasa da, onun neytrallığı belə Respublikaçılar üçün zərbə olacaq. Yaxın günlərdə Mask bəyan etmişdi ki, Respublikaçıların seçki kampaniyalarına maliyyə dəstəyini dayandıra bilər. Əgər bu baş verərsə, Trampın düşərgəsi üçün ciddi sponsor itkisi yaşanacaq.
İlon Mask hazırda ABŞ siyasətinin yenidənqurma nöqtəsində əsas fiqura çevrilib. Onun hansı tərəfə keçəcəyi isə qarşıdakı seçki dövrünün balansını dəyişdirə bilər.
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ