İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan istiliklə bağlı TƏKLİF

“Qanun yaxşı hazırlanıb və buna səs verəcəyəm. Amma bir neçə məsələyə də münasibət bildirmək istəyirəm. Öncə, doğru olardı ki, bu sahə özəlləşdirilsin. Yəni beynəlxalq təcrübədə göstərilir ki, özəlləşdirməyə getmədən bu sahədə yüksək xidmətə nail olmaq çətindir”.

Musavat.com-un məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev parlamentin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsi barədə danışarkən deyib.

Q.Həsənquliyev bildirib ki, o, vaxtilə baş nazir Əli Əsədova müraciət edib:

“O zaman onun da diqqətinə çatdırmışdım ki, bizdə istiliyin verilməsi mövsümlə əlaqədar olaraq konkret günlə müəyyənləşdirilir. Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Yəni yay müddətində müvafiq dövlət orqanları buna hazırlaşmalıdırlar. Məsələn, qanunda qeyd oluna bilər ki, temperatur 18 dərəcəyə enəndə istiliyin verilməsi işə düşür. Əlbəttə, bunu müvafiq dövlət orqanları ilə də müzakirə edib qərar qəbul etmək olar.

Məsələn, mənə ötən il çoxsaylı insanlar müraciət edirdilər ki, havalar soyuyub, amma istilik verilmir. İstilik verilməyəndə elektrik enerjisindən isitifadə edirlər və buna görə də elektrik xətlərində açılmalar baş verir. Nəticədə elektrik kabelləri əriyir, bəzən sayğaclar sıradan çıxır və bununla əlaqədar olaraq, mən, Azərişıq ASC-nin rəhbərliyi ilə də o zaman əlaqə saxlamışdım. Yəni onları da başa düşmək lazımdır. Bu, həm də xeyli ziyan vurur.

İstilik verilən evlərin çoxu sovet dönəmində inşa edilən panel evlərdir. Havanın soyuması ilə evlər dərhal soyuyur və elektrik qızdırıcılarından istifadə etməyə məcbur olurlar”.

Deputat daha bir təklif irəli sürüb:

“Biz mütləq qeyd etməliyik ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunsun. Biz onu Milli Məclisdə təsdiq edək ki, orada sui-istifadə hallarına yol verilməsin”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR