Onlayn ictimai-siyasi qəzet
Qarabağdan, Ağdamdan bir tanış səs yüksəlir… Sanki şəhərin dağıdılmış divarlarının arasından, illərlə susmuş küçələrdən, bir vaxtlar şirin nənə laylaları eşidilən ocaqlardan gəlir bu səs. Bu Qarabağın – təkcə torpağın deyil, dərdin, ümidin, mübarizənin öz səsidir. Və həmin səs tək deyil artıq – o səsə cavab var!
Prezident İlham Əliyev bu səfərdə bir rəhbərdən çox, bir qayıdışın simvoludur. Onun Ümummilli lider Heydər Əliyevin doğum günündə, xanımı ilə, ustad sənətkarlar, gənc istedadlar, Ağdam ictimaiyyəti nümayəndələri və əlbəttə, qazilərlə birgə Ağdama gəlişi – sanki tarixlə torpağın bir daha görüşüdür. Qarabağ yenidən nəfəs alır. Elə bil “di dur gəl” çağırışı cavab tapır: “Gəldim, Qarabağ, gəldim! Səni özünə qaytarmağa, ağgünə çıxarmağa gəldim”!
Ağdam Sənaye Parkı, “İmarət” kompleksinin dirçəlişi, yeni tikilən evlər, yollar, məktəblər… Bunlar beton, asfalt, dəzgah… deyil – bunlar bir xalqın köksündən qopan ümidin təcallasıdır. Və o ümid indi torpaqda canlanır, torpaq da canlanır!..
Heydər Əliyevin doğum günü artıq sadəcə təqvimdə bir tarix deyil. Bu gün Qarabağda açılan hər qapı, atılan hər addım, danışılan hər söz – ədalətli Dəmir Yumruğun xeyirxah barmaqları ilə yazılan tarixlə barışımızdır. Güclü dövlətçilik siyasəti – bu gün Qarabağın dirçəlişində bayraq olub dalğalanır.
Qarabağ – dərd idi, nisgil idi… İndi qürurdur! Və o qürur bu may günündə qanadlanıb gəlib Ağdamın üstündə dolaşır. Sanki göyün özü də bu gün bir başqa parlaqlıqla boylanır o torpağa...
Di dur gəl, a dərdin alım… – bu çağırış artıq təkcə ağrının yox, həm də ümidin səsidir. Qarabağ artıq tək deyildir. Onunla bərabər bütün Azərbaycan durub. Ağdam bir daha susmayacaq. O danışacaq – qürurla, alnıaçıq, başıuca! Ağdam Muğam Mərkəzi səsin, sənətin yeni ünvanıdır! Ağdam Muğam Mərkəzi istedadlar ocağı olacaq! Ayaqyalın, başaçıq çıxmışdıq, durduq tankla, topla gəldik; ruh bədənə yerləşən kimi yerləşdik və qurub-yaratmağa başladıq: eşqlə, məhəbbətlə, coşquyla, fərəhlə!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ