İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomat 200 kiloqram kokainlə yaxalandı – Toxunulmaz maşında rekord narkotik daşıması

Bolqarıstan hüquq-mühafizə orqanları Demokratik Konqo Respublikasının diplomatı olan Jean De Dieu Mutebwa Mulumbanı 200 kiloqramdan artıq kokainlə saxlayıblar.

Musavat.com xəbər verir ki, hadisə Bolqarıstan-Türkiyə sərhədində yerləşən Kapitan Andreevo gömrük məntəqəsində baş verib.

Diplomatik nömrə nişanlı mikroavtobusun yoxlanılması zamanı gömrük əməkdaşları beş çamadan içində gizlədilmiş ümumilikdə 205.9 kiloqram kokain aşkarlayıblar. Narkotik vasitə 179 bağlamada qablaşdırılmış şəkildə avtomobilin salonunda tapılıb.

Saxlanılan şəxs Brüsseldə Konqo səfirliyinin ikinci katibi vəzifəsində çalışır. Onunla birlikdə 54 yaşlı Belçika vətəndaşı qadın və 43 yaşlı bolqar sürücü də həbs edilib.

Bolqarıstan prokurorluğunun yaydığı məlumata əsasən, diplomat diplomatik statusundan istifadə edərək əvvəllər də oxşar marşrutla narkotik daşıyıb. Rəsmilər bu şəxs tərəfindən azı beş dəfə belə qanunsuz daşımaların həyata keçirildiyini ehtimal edir.

Qeyd olunur ki, bu, Bolqarıstanın quru sərhədlərində indiyə qədər aşkar olunan ən böyük həcmdə kokain partiyasıdır.

Hazırda saxlanılan şəxslər barəsində 72 saatlıq həbs qərarı çıxarılıb. Cinayət işi üzrə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və 200-300 min leva (təxminən 100-150 min avro) cərimə istənilir.

Hadisə beynəlxalq miqyasda da rezonans doğurub. Narkotik daşınmasının diplomatik nəqliyyat vasitəsilə və rəsmi status altında həyata keçirilməsi ciddi hüquqi və diplomatik etimad pozuntusu kimi qiymətləndirilir.

Hazırda Bolqarıstan və Avropa İttifaqı ölkələri bu marşrutun arxasında duran narkotik şəbəkənin miqyasını və əlaqəli şəxsləri müəyyən etmək üçün təhqiqat aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR