İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik dualizm, yoxsa bunker susqunluğu?..

Tehranın təzadlı açıqlamaları fonunda Bakı və İrəvandakı böyükelçilərin çəlişkisi nə vəd edir?

Son günlər Tehranın Bakı və İrəvandakı böyükelçilərinin verdiyi ziddiyyətli açıqlamalar gündəmə bir sıra prinsipial suallar gətirib. - Deyirəm, əcaba, bir dövlətin dış politikası eyni anda belə - bir-birinə daban-dabana zidd ritorika ilə ifadə oluna bilərmi? Bu, “diplomatik dəngdir, yoxsa, dövlət yönətimində xaotik ziddiyyətlərin əlaməti?

Tehranın Azərbaycandakı böyükelçisi, İsrail-İran gərginliyi fonunda, “Tehran Azərbaycandan razıdır, dostluğunuzu, güvənli qonşuluğunuzu təqdir edir” məzmununda açıqlama verir. Tam eyni vaxtda, İrəvandakı böyükelçisi bunun əksini bildirir: guya “Azərbaycan bölgədə təhlükə yaradır”mış, “İran Ermənistanla daha dərindən strateji münasibətlər quracaq”mış, İsrail dronları Azərbaycandan havalanıbmış və s. – Bu nədir? Bir dövlətin iki dildə danışması, yoxsa diplomatik maskaların arasındakı “gerçək üz”? Tehranın bir “dövlət dili” varmı?

Diplomatiya dedikdə, ilk növbədə, vahid və aydın dış politik mövqe nəzərdə tutulmurmu? Budur, Tehranın bölgə dövlətlərinə münasibətində yenə və yenə mozaik, çoxqatlı yanaşması var – və bu yanaşma zaman-zaman ziddiyyətli ritorika ilə üzə çıxır.

Haşiyə:

Tanrının işinə baxın:
Bakı - yenə Bakıdır;

İrəvan - bizim şəhər olub, ancaq 107 ildir Ermənistan adlı baştutmamış bir dövlətin paytaxtı statusunu daşıma əzabına qatlanıb;
Tehran - onu da bizim babalar salıb, bizim şəhər olub, indi də orada əhalinin yarıdançoxu soydaşlarımızdır amma… Amma bizim olmuş şəhərlərdə indi bizə qarşı oyunlar oynanılır, oynanılır… - Tale kəndirini həddindən artıq gərən oyunbaz - kəndirbaz bir gün yıxılmazmı və də su səhəngi suda sınmazmı?.. (Haşiyənin sonu)

Örnəyi, Bakıya dostluq ismarıcları verilərkən, paralel olaraq, Ermənistana silah daşıyan karvanlara göz yumulduğunu unutmamışıq. Tehran Bakıyla mehriban qonşuluqdan danışır, lakin İrəvandakı böyükelçi dövləti anti-Azərbaycan çıxışlar edir. Bu, sadəcə ziddiyyət deyil, həm də güvən böhranı doğuran acı təzahürdür.

Bu, siyasi riyakarlığın alt qatlarını göstərir.

Burada məsələ təkcə diplomatik uyğunsuzluqda deyil, geosiyasi riyakarlığın köklərindədir. Görünən o ki, Tehran üçün Güney Qafqazda prioritet, öz təsir bölgələrini qorumaq, Rusiya və Batı ilə ikili oyun oynamaq, həm də Türkiyə-Azərbaycan birliyinin qarşısını alma çabasıdır.

Yəni, Ermənistanla “dostluq” bu kontekstdə Azərbaycan-Türkiyə tandemini “dəngələşdirmək” üçün bir vasitə kimi çıxış edir. Lakin bu dəngə politikası çox zaman etik və strateji zəmindən qırağa düşür, özünü birbaşa təxribatçı ritorika və qeyri-sabit mövqelərlə göstərir.

Meydana belə bir sual çıxır:

Böyükelçinin dilində rəsmi Tehran danışır, yoxsa yerli ambisiya?

Əgər bir ölkənin iki böyükelçisi – biri Bakıda, digəri İrəvanda – bir-birini təkzib edən açıqlamalar verirsə, bu zaman bir neçə güman irəli sürülə bilər:

-Ya rəsmi Tehran içəridə koordinasiyasızlıq içindədir – əgər beləsə, bu, dövlət yönətiminin zəifliyini göstərir;

-Ya da bu, məqsədli şəkildə planlaşdırılmış “ikili oyun”dur – yəni Tehran eyni vaxtda hər iki tərəflə fərqli dillərdə danışaraq öz çıxarlarını qorumağa çalışır;

-Və yaxud böyükelçilərdən biri özbaşına davranır, mərkəzdən asılı olmayan, yerli kontekstə uyğun “avtonom” siyasət yürüdür – bu isə diplomatik skandalın ta kəndisidir.

Sizcə, hər üç güman Tehranın dış siyasəti baxımından güvənsiz və qeyri-prinsipial tərəfdaş olduğunu göstərmirmi?..

Yaxşı, bəs Bakı nə etməlidir, Bakı?

Müstəqil Azərbaycan dövləti belə hallara reaktiv yox, strateji reflekslə cavab verməlidir və cavab verir də. Təkcə diplomatik etirazlar deyil, həm də bölgəsəl və uluslararası tribunlarda bu dualizmin ifşası vacibdir. Tehranın ikiüzlü siyasəti uluslararası arenada ifşa olunmalı, böyükelçi dilində deyil, sənəddə, faktlarda rəsmi mövqe tələb edilməlidir.

Bəli, Azərbaycan artıq bölgədə öz yerini təsdiqləyib və dostun kim, düşmənin kim olduğunu dəqiqliklə ayırd edə biləcək qədər zəngin təcrübə yiyəsidir.

Nəhayət, bəs güvənsiz diplomatiyanın siyasi çevrisi necə bir məzmun daşıyır?

Tehranın ziddiyyətli böyükelçi ritorikası onun sabit və aydın dış siyasət yürütmək iqtidarında olmadığını göstərir. Bu cür davranış özünə sayğı duyan bir dövlətin siyasi üslubu ola bilməz. Əgər Tehran bölgədə güvən və sayğı qazanmaq istəyirsə, bir üzlə, bir mövqe ilə - bir dildə danışmağı öy-rən-mə-li-dir! Əks təqdirdə, hər böyükelçinin fərqli danışdığı, dövlətin isə (Tanrı iraq eləsin) bunker susqunluğu keçirdiyi yerdə güvənsizlik və siyasi sərsəmlik hökm sürə gedəcək…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR