İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət! Uşaqlarımıza yollarda dəhşətli təhlükə var

Azyaşlıların sürücülər tərəfindən vurulması hallarında artım var; ekspert həyəcan təbili çalır

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib. Müraciətdə deyilir: “Uşaqların yollarda nəzarətsiz hərəkəti - bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq - həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.

Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin - onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin. Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı - uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun".

Son dövrlər azyaşlıların sürücülər tərəfindən vurulması hallarında artım var.

“Bu ilin ilk dörd ayında Azərbaycan ərazisində piyadaların vurulması ilə nəticələnən 158 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bunu Bakıvaxtı.az-ın suallarını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib. Onun sözlərinə görə, nəticədə 78 nəfər həlak olub, 91 nəfər isə xəsarət alıb.

M.Ağayev deyib ki, bu, ümumi yol-nəqliyyat hadisələrinin 44,9%-ni, həlak olanların 41,1%-ni, xəsarət alanların isə 31,2%-ni təşkil edir.

Qurum əməkdaşı onu da vurğulayıb ki, piyada təhlükəsizliyinin artırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.  Belə ki, bu tədbirlər çərçivəsində ayın 12-dən 19-na qədər “Piyadalar, diqqətli olun” təhlükəsizlik həftəliyi keçirilib.

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - TurkicWorld

 Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, azyaşlı uşaqların yol-nəqliyyat hadisələrinin qurbanına çevrilməsi artıq ciddi narahatlıq doğurmağa başlayıb:

“Statistik göstəricilər bu sahədə artım olduğunu göstərir. Təəssüf ki, hər il 100-ə yaxın azyaşlı - yəni 16 yaşa qədər olan uşaqlar - yol-nəqliyyat hadisələrində həyatını itirir və ya xəsarət alır.”

Elməddin Muradlı son zamanlar baş verən bir neçə faciəli hadisəni xatırladaraq deyib ki, təxminən iki həftə əvvəl cənub bölgəsində baş vermiş qəzada 2 və 9 yaşlı uşaqlar həlak olub:

“Bu nə birinci, nə də sonuncu hadisədir. Təəssüf ki, belə faciələr davam edir. Cəmiyyətimizdə məsuliyyət formalaşmayıb. Əgər dəyişiklik baş verməzsə, bu cür halların qarşısını almaq mümkün olmayacaq.”

Ekspertin sözlərinə görə, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, uşaq oturacağının olmaması və ümumi səhlənkarlıq azyaşlıların həyatını təhlükəyə atır:

“Qəzada sürücü sağ qalmışdı, çünki təhlükəsizlik kəmərindən istifadə etmişdi. Digər sərnişinlər isə kəmər taxmamışdı və həyatlarını itirmişdilər. Sürücülər özləri cərimələnməmək üçün kəmər taxırlar, lakin sərnişinlərə bu barədə xəbərdarlıq etmirlər. Uşaqların nəzarətsiz avtomobildə oturması, hətta sürücülük edən valideynlərin uşağı qucaqlarında əyləşdirməsi böyük faciələrə yol açır.”

Ekspert yol hərəkəti qaydaları üzrə maarifləndirmə işlərinin zəif aparıldığını da vurğulayıb:

“Yol polisi mütəmadi çağırışlar edir, amma çox az insan bu çağırışlara əhəmiyyət verir. Orta məktəblərdə bu sahədə təbliğat gücləndirilməlidir. Hazırda yalnız ‘Həyat bilgisi’ dərsliyində bu mövzuya qısa şəkildə toxunulur. Bu isə kifayət deyil.”

Elməddin Muradlı valideyn məsuliyyətinə də toxunub:

“Valideynlər uşağı qucağına alıb ona maşın sürməyi öyrədir. İrad bildirəndə isə cavab verirlər ki, ‘biz belə böyümüşük’. Bu düşüncədən çıxmaq lazımdır. Bu cür səhlənkarlıq halları ilə mübarizə üçün təkcə çağırışlarla kifayətlənmək olmaz.”

Ekspert hesab edir ki, daha sərt tədbirlər görülməlidir:

“Kəndlərdə, qəsəbələrdə, məhəllədaxili yollarda nəzarət gücləndirilməlidir. Uşağı qucağında oturdub maşın sürən sürücülər ciddi şəkildə cərimələnməlidir. Əgər çağırışlar nəticə vermirsə, demək ki, başqa, daha təsirli üsullara əl atılmalıdır. Yalnız bu yolla uşaqların həyatını qorumaq mümkün olacaq.”

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR