İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət içindəki paralel ordu – Livan "Hizbullah"ı tərksilah etmək istəyir, İran qarşı çıxır

İran region ölkələrinin daxili işlərinə nüfuz etmək şakərindən heç cür əl çəkmək istəmir.

Dünən bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Livana səfər edib və onun görüşlərində “Hizbullah”ın taleyi əsas müzakirə mövzusu olub.

Məsələnin məğzi belədir: bu ayın əvvəlində Livan hökuməti nizami ordunu bütün mövcud silahları əlində cəmləşdirməyə çağırıb və bu, Tehranın sərəncamında olan, dövlətin içində paralel orduya malik paralel dövlət olan “Hizbullah”a meydan oxumaq demək olub.

Livan prezidenti Cozef Aun iranlı qonağa açıq şəkildə bildirib ki, Beyrut silahlar üzərində monopoliyaya malik olmalıdır və İranın dəstəyi bu ölkə üçün faydalı deyil.

livna.jpg (45 KB)

Livan Aralıq dənizinin şərq sahilində dağlıq ərazidə yerləşən Yaxın Şərq ölkəsidir. Bu kiçik ölkə Şərqdə və şimalda Suriya ilə, cənubda isə İsraillə həmsərhəddir.

Livanın əhalisi təxminən 5,3 milyon nəfərdir. Livanı digər ərəb ölkələrindən fərqləndirən başlıca cəhət qeyri-adi dərəcədə dini müxtəlifliyə malik olmasıdır.

Ölkədə cəmiyyətin dini icmalara bölünməsinə uyğun olaraq dövlət hakimiyyətinin təşkilini nəzərdə tutan xüsusi siyasi sistem - konfessionalizm adlanan sistem mövcuddur.

1975-1990-cı illərdə gedən vətəndaş müharibəsindən əvvəl Livan firavan dövlət olub. Əhalisinin əksəriyyəti xristianlardan ibarət olan ölkə "Yaxın Şərq İsveçrəsi" adlanırdı. Vətəndaş müharibəsi başa çatdıqdan sonra Livan hələ də iqtisadiyyatını bərpa etməkdədir.

Ancaq belə görünür ki, Livanda vahid ordu, vahid dövlət yaratmaq prosesi asanlıqla getməyəcək. Çünki ölkənin daxilinə xarici müdaxilələr var.

İran lideri Xamneyinin ən etibarlı adamlarından biri olan Laricaninin Livana səfəri və keçirdiyi görüşlər bundan xəbər verir. Livan ordusunun keçmiş komandanı, bu ilin yanvarında prezident səlahiyyətlərini icra edən Cozef Aunun Laricaninin Baabda sarayında soyuq qarşıladığı bildirilir.

Aun Laricani ilə görüşdə deyib: "Mənbəsindən asılı olmayaraq, daxili işlərimizə istənilən müdaxiləni rədd edirik və Livandakı vəziyyətin ayrı-seçkilik olmadan bütün livanlıların maraqları naminə təhlükəsiz və sabit qalmasını istəyirik".

Prezident əlavə edib ki, Livanın xarici dəstək axtarışları ona baha başa gəlib. “Bizim bundan öyrəndiyimiz dərs odur ki, istisnasız olaraq heç bir partiyaya silah gəzdirməyə və xarici qüvvələrə arxalanmağa icazə verilə bilməz”, - o vurğulayıb.

laric.jpg (41 KB)

Aun Laricani ilə söhbətində Livanın "İranla əməkdaşlıq etmək istədiyini, lakin bunun suverenlik və qarşılıqlı hörmətə əsaslanan dostluq prinsipləri əsasında" olduğunu qeyd edib. Öz növbəsində, Laricani də prezidentin "milli birliyin möhkəmləndirilməsində, Livanın bütün inanclarının və xalqın bütün təbəqələrinin birləşməsində" oynadığı rolu yüksək qiymətləndirib və "İran Livan hökumətinin qəbul etdiyi qərarlara hörmətlə yanaşır" deyib.

Bununla belə, Laricani Livan parlamentinin sədri, şiə “Amal” hərəkatının lideri və ABŞ-la danışıqlar zamanı “Hizbullah”ın qeyri-rəsmi nümayəndəsi olmuş Nəbih Berri ilə söhbəti zamanı açıq şəkildə bildirib ki, Tehran “Hizbullah”ın tərksilahı üçün xüsusi cədvəlin tətbiqini dəstəkləmir və “Livanda dostluq, hərtərəfli və ciddi dialoqa” inanır. "İranın siyasəti regionda müstəqil dövlətlərin güclü olması prinsipinə əsaslanır ki, bu da bəzi ölkələrin regionun digər ölkələrini özünə tabe etmək istəyi ilə ziddiyyət təşkil edir", - Laricani qeyd edib.

Paradoks deyilmi? İran Livanın guya güclü dövlət olmasını istəyir, amma onun içində bir siyasi partiyanın özü üçün ordu saxlamasını və Tehranın sərəncamında olmasını məqbul sayır.

Elə “Hizbullah” rəhbərliyi də mərkəzi hökumətin tərksilah təşəbbüsünü rədd edir, bunu ABŞ və İsrailə “qəbuledilməz təslim olmaq” adlandırır. “Hizbullah”ın baş katibi Naim Qassem tərksilahın “Livanın suverenliyini gücləndirməyəcəyi və işğala son qoymayacağı” barədə bəyanat verib.

Bu təşkilatı İsraillə son genişmiqyaslı müharibə zamanı raket potensialının təqribən 80%-ni tükədib və tərksilahı intihar aktı kimi qiymətləndirir. Mərkəzi hökumətin nümayəndələri isə “Hizbullah”ın tam silahsızlaşdırılmasını tələb edən İsrailin yeni əməliyyata start verəcəyindən ehtiyat edirlər.

Livan hakimiyyəti İsrail və ABŞ ilə vuruşmaq istəmir, ölkədəki şiə konfessiyası və onun təşkilatlandırdığı “Hizbullah” isə İranın himayədarlığı ilə bu iki dövlətə qarşı döyüşməkdən vaz keçmək istəmir. Dəbdə olan ifadə elə desək, “Hizbullah” İranın proksi qüvvəsidir. İranın Yəməndəki və Suriyadakı proksilərinin zəifləməsi fonunda “Hizbullah”ın hərbi qanadının da sıradan çıxarılması perspektivi Tehranı narahat edir.

bryr.jpg (76 KB)

Beynəlxalq medianın yazdığına görə, bu səbəblərdən Beyrutda vəziyyət son dərəcə gərgindir. Hökumətə təslim olmaq istəməyən "Hizbullah” güc nümayiş etdirir, təşkilatın fəalları hər axşam Beyrutun şiə əksəriyyətinin yaşadığı cənub ətrafının küçələrində motosikletlərlə nümayişlər keçirir. Livan ordusu şəhərətrafı qəsəbələrin bütün girişlərində nəzarət-buraxılış məntəqələri quraraq nümayişçilərin Beyrutun digər ərazilərinə getməsinə mane olur.

Bu, artıq Livanda yeni vətəndaş müharibəsinin başlamaq üzrə olduğuna dair siqnallardır. “Hizbullah” Livan hökumətinin tərksilah təşəbbüsünü pisləyən İrandan güc alaraq, mövqeyini daha da sərtləşdirib.
Bundan əvvəl Laricani İraqa da səfər edib və orada Tehrana arxalanan, yerli şiə qruplarından ibarət koalisiya olan “Həşd əş-Şaabi”nin taleyini müzakirə edib.

Göründüyü kimi, İran regiondakı proksi qüvvələrini himayə etməkdə, onların öz hərbi gücünü saxlamasında maraqlı olduğunu göstərməkdədir. Bu dövlətin 12 günlük müharibədən çıxardığı dərs budur ki, heç cür pəs etmək olmaz. Nəyin bahasına olursa, olsun, regionun güclü dövlətlərindən biri olaraq qalmaq lazımdır.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR