Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüşdən sonra Avropa liderlərinə, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskiyə bildirib ki, sülhün təmin olunması üçün işğal olunmamış Ukrayna ərazilərinin Rusiyaya verilməsini dəstəkləyir.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” iki avropalı rəsmiyə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp Avropa liderlərinə atəşkəsə nail olmağa çalışmaq əvəzinə, işğal olunmamış ərazilərin Rusiyaya təhvil verilməsi ilə Ukraynada müharibəyə son qoymaq planını dəstəklədiyini bildirib.
Prezident Zelenski və digər Avropa liderləri isə bu ərazilərin verilməsinə qəti şəkildə qarşı çıxıblar. Sözügedən ərazilər həm mühüm müdafiə xətləri, həm də zəngin faydalı qazıntı yataqları ilə seçilir.
Nəşrin məlumatına görə, Tramp bu planı bazar ertəsi Ağ Evdə Ukrayna prezidenti ilə müzakirə edəcək və Avropa liderlərini də görüşə dəvət edib. Mənbələr bildiriblər ki, Tramp avropalılarla söhbət zamanı Rusiyaya qarşı yeni sanksiyalardan danışmayıb.
Avropa rəsmilərinin fikrincə, demək olar ki, yeganə müsbət məqam Putin tərəfindən Trampa verilən mesajdır. Belə ki, Rusiya lideri müharibədən sonra Ukraynaya güclü təhlükəsizlik təminatları verməyə razılıq verib və Tramp bu zəmanətlərin yerinə yetirilməsində Amerika qoşunlarının da iştirak edə biləcəyini bildirib.
“The New York Times” yazır ki, Kiyev ABŞ prezidentinin Ukraynada atəşkəs əldə etmək planından qəfil niyə imtina etdiyini və Putinlə dərhal tam hüquqlu sülh sazişi bağlamaq təklifini niyə qəbul etdiyini başa düşmür.
Qəzet əlavə edir ki, bazar ertəsi baş tutması gözlənilən görüşdə Ukrayna prezidenti Trampın Putinlə görüşdən sonra səsləndirdiyi yeni təkliflə bağlı “aydınlıq istəyəcək”.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ