Onlayn ictimai-siyasi qəzet
“Nature” jurnalında yayımlanan yeni tədqiqat dördgünlük iş modelinin həm işçilər, həm də işəgötürənlər üçün faydalı olduğunu üzə çıxarıb.
Musavat.com xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, İrlandiya və Böyük Britaniyada aparılan araşdırmada 141 şirkətdən 3000-ə yaxın işçi iştirak edib.
6 ay davam edən bu eksperimentin nəticələri ümidvericidir:
İşçilər daha motivasiyalı və məmnun olublar;
Stress və iş zamanı yol verilən səhvlərin sayı azalıb;
Psixi və fiziki sağlamlıq göstəricilərində irəliləyiş qeydə alınıb;
Ən önəmlisi – məhsuldarlıq azalmayıb, əksinə daha effektiv nəticələr əldə edilib.
Boston Kollecindən aparıcı tədqiqatçı Ven Fan bildirib:
“Əvvəlcə bu modelin əlavə stress yaradacağını düşünürdük. Amma əksinə, işçilər özlərini daha rahat və məhsuldar hiss etdilər.”
Sınaq bitdikdən sonra iştirakçı şirkətlərin 90%-i dördgünlük iş rejimini davam etdirmək qərarı verib.
İqtisadçı Pedro Qomes isə belə şərh edib:
“İnsanlar yaxşı dincəldikdə, həm diqqətli, həm də daha səmərəli olurlar.”
Digər ölkələrdə də maraqlı təcrübələr var:
İslandiya – 2500 nəfərlik sınaq zamanı iş saatları azaldı, məhsuldarlıq isə eyni səviyyədə qaldı.
Belçika – 2022-ci ildən dördgünlük iş seçimi qanuniləşdirilib.
BƏƏ/Dubay – 2025-ci ilin yayından dövlət sektorunda çevik iş rejimi tətbiq olunacaq.
Tədqiqatçılar bildirirlər ki, bu sınaqlar əsasən könüllü iştirak əsasında keçirilib. Bu səbəbdən nəticələr ideal görünə bilər. Lakin daha geniş və təsadüfi seçmələrlə aparılacaq araşdırmaların nəticələri daha obyektiv ola bilər.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ