Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 6-dan etibarən Azərbaycanda unun topdansatış qiymətlərində artım müşahidə olunur. Yeni müəyyənləşmiş qiymətlərə əsasən, 50 kq-lıq un kisəsinin topdansatış qiyməti 26,20 manatdan başlayaraq 28,40 manata qədər yüksəlir. Əvvəlki qiymətlərlə müqayisədə həm minimum, həm də maksimum qiymət 40 qəpik artaraq müvafiq olaraq 25,80 manatdan 26,20 manata və 28 manatdan 28,40 manata çatıb. Bu artım ölkədə fəaliyyət göstərən müxtəlif un istehsalçılarına görə fərqlilik göstərir.
Ən ucuz un məhsulu “Dəvəçi-Taxıl” MMC-yə (26,20 manat), ən bahalı isə “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-yə (28,40 manat) məxsusdur. Digər istehsalçı müəssisələrin qiymətləri isə bu aralıqda dəyişir. Bu dəyişiklik fonunda “ATS Mill”, “Anadoluqida”, “AVETA”, “KARAT Holdinq” MMC-lərə məxsus unun topdansatış qiyməti 27,30 manat, “Gəncə Dəyirman” və “Nural” MMC-lərdə isə 27,50 manat səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, 2023-cü ildən etibarən Azərbaycanda unun topdansatış qiymətində mərhələli artım müşahidə olunur. Müxtəlif dövrlərdə aparılan müşahidələrə əsasən, qiymətlər həm mövsümi, həm də beynəlxalq bazarlardakı dəyişikliklərə uyğun olaraq dəyişib. 2023-cü ilin oktyabr ayında unun 50 kiloqramlıq kisəsinin qiyməti təxminən 27,25 manat civarında idi. 2024-cü ilin may ayında bəzi istehsalçılarda bu qiymət 24,70 manatdan başlayaraq 26,80 manata qədər yüksəldi. 2024-cü ilin noyabr ayında isə qiymət diapazonu 25,95 – 28,20 manat arasında dəyişdi. 2025-ci ilin əvvəlindən etibarən qiymətlərdə nisbətən sabit qalma meyli müşahidə olunsa da, fevral və aprel aylarında topdansatış qiymətləri 26,50 – 28,20 manat aralığında dəyişməyə davam etdi.
2025-ci ilin iyun ayında bəzi istehsalçılar qiymətləri azaldaraq 25,80 manata qədər endirdi, lakin bu azalma uzunmüddətli olmadı.
Bəs unun bahalaşmasının əsas səbəbi nədir? Bu artım davamlı olacaqmı? Çörəyin qiymətinə necə təsir edəcək?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Təkcə yerli bazarlarda deyil, həm də dünya əmtəə birjasında, xüsusilə London Əmtəə Birjasında buğdanın qiymətində azalma müşahidə olunur. Yəni dünyada son bir ildə buğdanın qiyməti təxminən 12–13% aşağı düşüb. Lakin bazarda indi müşahidə olunan bahalaşma dünya qiymətləri ilə bağlı deyil. Bu daha çox daxili amillərlə əlaqədardır. Məsələn, son dövrlərdə Tarif Şurası nəqliyyat, enerji və digər sahələrdə qiymət artımları həyata keçirib. Dizel və benzin bahalaşıb, bu isə birbaşa daşınma xərclərinə təsir edir. Bundan əlavə, işıq, qaz, su kimi kommunal xidmətlərin qiymətlərində də artımlar baş verib. Bütün bunlar daxili bazarda məhsulun maya dəyərini yüksəldir və nəticədə buğdanın, eləcə də digər ərzaq məhsullarının qiymətlərinə təsir göstərir.
Əslində, hazırkı bahalaşma yalnız dünya bazarındakı qiymət dəyişiklikləri ilə bağlı deyil. Dediyim kimi, dünya birjalarında, o cümlədən London Əmtəə Birjasında buğdanın qiyməti son bir ildə təxminən 12–13% azalıb. Bu ilin dekabr ayında 1,1%-lik fyüçerslərdə artım müşahidə olunub. Yəni qlobal səviyyədə buğda bahalaşmayıb, əksinə, ucuzlaşıb”.
İqtisadçı qeyd edib ki, bizdəki bahalaşmanın əsas səbəbləri daxili amillərlə bağlıdır:
“Məsələn, son dövrlərdə minimum əməkhaqqı və orta əməkhaqqı artıb, ictimai nəqliyyatda qiymətlər bahalaşıb, yəni işçi qüvvəsi ilə bağlı xərclər yüksəlib. Bu isə istehsalçı və ya sahibkar üçün əlavə xərc deməkdir. Eyni zamanda, enerji daşıyıcılarının - dizelin, benzinin, qazın, eləcə də işığın qiymətlərinin artması istehsal və daşınma xərclərini artırır. Sahibkar da təbii ki, bu artan xərcləri qiymətin üzərinə qoyur, çünki onun məqsədi gəlir əldə etməkdir. Sahibkar humanitar fəaliyyət göstərmir, o, iqtisadi maraqla hərəkət edir. Ona görə də bu gün daxili bazarda müşahidə olunan bahalaşma əsasən xərc artımının nəticəsidir, qlobal qiymət artımının yox.
Ümumiyyətlə, bu məsələ təkcə yerli bazarla məhdudlaşmır. Bütün dünya üzrə ticarət və ərzaq göstəricilərinə baxanda Ümumdünya Ərzaq Təşkilatının (FAO) son hesabatında da qeyd olunur ki, taxıl istehsalında artım var - təxminən 0,4 faiz civarında. Yəni dünya üzrə taxıl hasılatı artır, qiymətlərdə isə ciddi dəyişiklik yoxdur. Bu onu göstərir ki, hazırda Azərbaycanda müşahidə olunan qiymət artımları qlobal amillərlə deyil, əsasən daxili xərclərlə bağlıdır. Bura enerji qiymətlərinin artımı, əməkhaqqının yüksəlməsi, nəqliyyat və logistika xərclərinin bahalaşması kimi faktorlar daxildir.
Hazırkı qiymətlər “çox baha” hesab edilə bilməz və bu, çörək qiymətlərinə ciddi təsir göstərməyəcək”.
Afaq Mirayiq,
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ