İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Xalqın qəhrəman bildikləri satqın və casus çıxdılar” – ŞOK ETİRAF

Musavat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan 8 oktyabrda Baş Prokurorluq Günü münasibətilə çıxış edərkən sensasion etirafla çıxış edib. O, ölkənin silahlı qüvvələrində və dövlət strukturlarında “onlarla dövlətə xəyanət hadisəsinin” aşkar olunduğunu bildirib.

Paşinyan deyib ki, bu hallar barədə ictimaiyyətə çox məlumat verilmir, çünki istintaq və məhkəmə prosesləri qapalı keçirilir:

“Son illərdə elə hallar olub ki, insan sadəcə inana bilmir. Bizdə onlarla belə hadisə olub. Bunu anlamalıyıq – biz nəyi düzgün etmirik? Sonra deyirlər: bu necə baş verdi, necə mümkündür? Bütün bunlar fərdin düşüncə tərzi, cəmiyyətin mühiti, dövlət sisteminin quruluşu ilə bağlı problemlərdən xəbər verir.”

Baş nazir daha sonra əlavə edib ki, Ermənistanda “vətənpərvərlik” haqqında çox danışılır, lakin bəzən qəhrəman kimi təqdim edilənlərin arasında satqın və casusların da olduğu üzə çıxır:

“Biz insanları əvvəlcədən qəhrəman adlandırırıq, amma sonra məlum olur ki, onların içində satqınlar da var.”

Ermənistan cəmiyyətinin mənəvi güzgüsü

Paşinyanın bu çıxışı, Musavat.com -a görə, sadəcə bir etiraf deyil — Ermənistan cəmiyyətinin mənəvi və ideoloji böhranının bariz göstəricisidir. O, faktiki olaraq, illərlə “milli qəhrəman” kimi ucaldılmış şəxslərin əslində casus və xain kimi ifşa olunduğunu açıq şəkildə etiraf edib.

Bu etiraf Ermənistanda “sədaqət böhranının” artıq gizlədilməz hala gəldiyini göstərir.

Bizə görə, Paşinyanın bu çıxışı həm də özünümüdafiə xarakteri daşıyır – o, Ermənistanda baş verən uğursuzluqların, xüsusilə də ordudakı dağınıqlığın və xəyanətlərin məsuliyyətini “cəmiyyətin təfəkkür tərzinə” yönəltməklə, hökumətin səhvlərini dolayı yolla pərdələməyə çalışır.

Nəticə etibarilə, Paşinyanın 8 oktyabr çıxışı Ermənistanın bu günkü mənzərəsini aydın şəkildə göstərir: xəyanət, inamsızlıq və saxta qəhrəmanlıq mifləri ölkənin mənəvi dayaqlarını içəridən yeyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR