Onlayn ictimai-siyasi qəzet
Qazprom və Qazaxıstan Rusiyadan Qazaxıstana yeni qaz kəmərinin çəkilməsi layihəsinin həyata keçirilməsinə dair memorandum imzalayıblar.
Musavat.com Qazprom-un açıqlamasına istinadən xəbər verir ki, sənəd “Qazprom”un rəhbəri Aleksey Miller və Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar arasında keçirilən işgüzar görüşdə imzalanıb.
Bildirilir ki, tərəflər Qazaxıstanın təbii qaza artan tələbatını nəzərə alaraq, uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını qeyd ediblər.
Bundan əlavə, Qazaxıstan qazının Rusiyada uzunmüddətli emalının əsas şərtləri haqqında saziş də imzalanıb. Sənəddə modernləşdiriləcək Orenburq Qaz Emalı Zavodunda “Qaraçaqanak” yatağından hasil edilən qazın emalı üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.
“Qazprom”un rəhbəri ilə Qırğızıstanın energetika naziri Taalaibek Ibrayev arasında da işgüzar görüş keçirilib: "Tərəflər qaz sektorunda cari və gələcək əməkdaşlığı müzakirə ediblər. Xüsusilə Rusiya qazının respublikaya tədarükü və "Qazprom Qırğızıstan" MMC-nin Qırğızıstanın qaz nəqli və paylama sistemlərinin payız-qış dövrünə hazırlanması üzrə işləri müzakirə edilib".
Bundan başqa, Miller Pakistanın neft və qaz naziri Əli Pərviz Maliklə görüşüb: "Tərəflər qaz sənayesində əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə ediblər. Aleksey Miller və Əli Pərviz Malikin iştirakı ilə Oil and Gas Development Company Limited (Pakistan) ilə anlaşma memorandumu imzalanıb".
Qeyd edək ki, Avropa İttifaqı 2028-ci ilin 1 yanvarına qədər Rusiyadan bütün növ enerji məhsullarının, o cümlədən təbii qazın alışını tam dayandırmaq planını razılaşdırıb. Bu isə Rusiyanın boru kəməri və maye formada Avropaya ixrac etdiyi 30 milyard kubmetrə qədər qaz üçün bazar tapmasını zəruri edir. Rusiya Avropa qapılarında qalacaq qazını Mərkəzi Asiya ölkələrinə sırımağa çalışır.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ