İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov bu ölkədə sülh müqaviləsindən DANIŞDI: Ləğv edilməlidir! - DETALLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstan Respublikasında işgüzar səfərdə olub.

Musavat.com-un məlumatına görə, Azərbaycan-Yunanıstan ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi məqsədilə həyata keçirilən səfər çərçivəsində Elçin Əmirbəyov Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos, baş nazirin diplomatik ofisinin rəhbəri Yannis Miltiadis Nikolaidis, xarici işlər nazirinin müavini Aleksandra Papadopulo, Yunanıstan Parlamentinin üzvü Sofia Yannis Voultepsi, eləcə də Delfi İqtisadi Forumunun Prezidenti Symeon Tsomokos ilə görüşlər keçirib. Sözügedən görüşlərlə yanaşı, E.Əmirbəyov Avropa və Xarici Siyasət üzrə Yunan Fondunun (ELIAMEP) rəhbər və ekspert heyəti ilə dəyirmi masa çərçivəsində tərəfləri maraqlandıran mövzularda müzakirələr aparıb.

Elçin Əmirbəyov BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illərdə qeyri-daimi üzvü və Avropa İttifaqının fəal üzvü kimi Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, son dövrlərdə iki ölkə arasında yenidən canlanan və konstruktiv şəraitdə həyata keçirilən siyasi dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Bu xüsusda, ticarət dövriyyəsinin artırılması və yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə və turizm kimi sahələrdə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xalq diplomatiyası çərçivəsində əlaqələrin genişləndirilməsi istiqamətində parlamentlərarası təmasların mühüm əhəmiyyət kəsb etdiyi və bu məsələ üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı niyyət ifadə olunub.

Azərbaycan-Aİ münasibətlərində 2025-ci ilin əvvəlindən təkan götürən müsbət dinamikanın davam etdirilməsinə qitənin aparıcı təsisatının fəal iştirakçısı kimi Yunanıstanın müsbət töhfə verəcəyinə inam qeyd olunub. Bu xüsusda, Elçin Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daşıdığı strateji rolu və nəqliyyat bağlantıları və xüsusi olaraq, Orta Dəhliz vasitəsilə Asiya-Avropa ticarət dəhlizində açar və əlaqələndirici funksiyasını diqqətə çatdırıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın və ölkələr arasında əlaqələrdə son zamanlar müşahidə olunan müsbət meyillərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, etibarlı, davamlı və dönməz sülhün əldə olunması istiqamətində hələ də öz həllini gözləyən mövcud maneələr, o cümlədən rəsmi Bakının Ermənistandan və beynəlxalq ictimaiyyətdən gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yolverilməz olduğunu qeyd edən E.Əmirbəyov, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməli və keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk qrupu və digər aidiyyəti qurumların ləğv edilməli olduğunu bildirib. Əlavə olaraq, rəsmi Afinanın ölkəmizin sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə edilib. Qarşı tərəf Ermənistanla Azərbaycan arasında ötən mart ayında sülh müqaviləsinin mətninin razılaşdırılması, eləcə də şərti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində əldə olunan irəliləyişləri alqışladıqlarını bəyan edib, iki ölkə arasında davamlı sülhün tezliklə əldə edilməsinin tərəfdarı olduğunu qeyd edib.

Səfər zamanı E.Əmirbəyov, həmçinin, yunan tərəfin diqqətini Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal siyasətinə, ələlxüsus Azərbaycan mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına çəkib. Görüşlərdə Ermənistan tərəfindən ərazilərimizin kütləvi və nizamsız şəkildə minalarla çirkləndirilməsi problemini vurğulayan dövlət rəsmisi, mina qurbanları, eləcə də ölkəmizdə aparılan minatəmizləmə fəaliyyətləri barədə təfərrüatlı məlumat verib, bu sahəyə dair nəşrləri yunan tərəfinə təqdim edib.

Yuxarıda qeyd olunan görüşlərdən savayı, Prezidentin nümayəndəsi səfər çərçivəsində nüfuzlu yerli media orqanlarına da müsahibələr verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR