Onlayn ictimai-siyasi qəzet
Paytaxtda fəaliyyət göstərən avtobus marşrut xətlərində iki növ nəqliyyat vasitəsi mövcuddur: köhnə və yeni tipli avtobuslar. Köhnə, istismar müddətini başa vurmuş avtobuslardan əlilliyi olan şəxslər ümumiyyətlə, istifadə edə bilmir.
Yeni avtobusların üstünlüklərindən biri fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan xüsusi oturacaqların və əlil arabasını yerləşdirmək üçün ayrılmış yerlərin olmasıdır. Ancaq bu yerlərdə təhlükəsizlik kəmərləri çox vaxt mövcud deyil. Həmçinin, əlil arabası istifadəçiləri üçün nəzərdə tutulmuş dəmir tutacaqların bir çoxu sınıq və yararsız vəziyyətdədir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov mediaya verdiyi açıqlamada yolların əlil şəxslər üçün əlverişsiz olduğunu, lakin bu problemləri aradan qaldırmaq üçün cavabdeh qurumların mütəşəkkil fəaliyyət göstərməli olduğunu qeyd edib.
Bu cür maneələr yalnız avtobuslarla məhdudlaşmır. Metrolarda da bənzər problemlər mövcuddur. Bir çox metro stansiyası əlilliyi olan şəxslər üçün uyğun deyil. Mövcud panduslar istifadəçini başqasının köməyi ilə hərəkət etməyə məcbur edir. Liftlər isə yalnız bənövşəyi xəttin stansiyalarında nəzərdə tutulub və onların da işlək vəziyyəti qeyri-sabitdir.
Bakı Metropoliteni bu problemləri nəzərə alaraq “Əlçatan Metro” layihəsini irəli sürüb. Bu xidmət çərçivəsində əlilliyi olan şəxslərə azı iki metro işçisinin köməyi ilə hərəkət imkanı yaradılır. Lakin bu xidmətdən istifadə etmək üçün ən azı 1 saat əvvəl, ümumilikdə isə 24 saat ərzində əvvəlcədən müraciət etmək tələb olunur. Yəni əlilliyi olan şəxslər metrodan digər sərnişinlər kimi sərbəst istifadə edə bilmir, mütləq 1 saat gözləməli olurlar. Bir neçə stansiyalarda eskalatorların olmaması da çətinliyi yaradan amildir. Sakin bilmir qol ağacından tutsun, yoxsa məhəccərdən.
Yerüstü və yeraltı piyada keçidləri də sözün əsl mənasında maneələrlə doludur. Bu keçidlərdən istifadə etmək istəyən fiziki məhdudiyyətli şəxslər mütləq müəyyən fiziki gücə sahib olmalıdır ki, yolu keçə bilsin. Piyada yolların düzgün qurulmaması, yolların mağazalar və maşınlar tərəfindən zəbt olunması böyük narahatlıq yaradır.
Bütün bu problemlər səbəbindən yüzlərlə insan illərlə sanki karantin şəraitində yaşamağa məcbur qalır və ya aldıqları əlillik müavinətinin əksər hissəsini taksi xərclərinə yönəltməli olurlar.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında deyib ki, ictimai nəqliyyatın avtobus seqmentində “BakuBus” bu işin pioneri oldu: "Əlil arabasından istifadə edənlər üçün şərait asanlaşdırıldı. Sürücülərə də tələb qoyuldu ki, əlil arabası ilə avtobusa daxil olan şəxslərə yardım etsinlər”.
Eldəniz Cəfərov əlavə edib ki, köhnə modifikasiyalı avtobuslarda isə bu imkan yoxdur və yaxın vaxtlarda bu problemin aradan qaldırılması vacibdir.
Ekspert hesab edir ki, əlilliyi olan insanların sərbəst hərəkətini təmin etmək üçün konduktor və nəzarətçi sistemi bərpa edilə bilər.
“Konduktor və nəzarətçi sistemi bərpa olunarsa, onlar yalnız ümumi nəzarət işini deyil, həm də əlilliyi olan sərnişinlərin avtobusa və metroya minib-düşməsinə kömək edə bilərlər,” – deyə o bildirib.
O həmçinin metropolitenin bu sahədəki fəaliyyətinə də toxundu : “Əlçatan metro” layihəsi çox yaxşı sosial layihədir. Hazırda Metropoliten əlilliyi olan şəxslərə yardım üçün mümkün olan ən effektiv üsulları tətbiq edir”.
Keçidlərdə yaşanan problemlərin aradan qaldırılması üçün 2025-2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramını vurğulayaraq dedi: “Bu illər ərzində liftlərin, eskalatorların, pandusların müvafiq vəziyyətə gətirilməsi təmin edilməsi məsələsi proqrama daxildir. Ümid edirik ki, bu ilin sonu, gələn ilə qədər bu problem öz həllini tapar”.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ