Onlayn ictimai-siyasi qəzet
27 iyun 1929-cu ildə Kommunist partiyasının Mərkəzi Komitəsinin siyasi bürosunun iclasında ilk dəfə “islahedici əmək düşərgəsi” terminindən istifadə edilib. “Məcburi əmək düşərgələri” inqilabdan dərhal sonra meydana çıxsa da, onların məhbuslarına kütləvi ucuz işçi qüvvəsi mənbəyi kimi baxılıb: məhbuslar yalnız öz qulluq xərclərini ödəməli olublar.
Lakin 1929-cu ildən azadlıqdan məhrumetmənin əsas növünə çevrilən məcburi əmək düşərgələri əsasən muzdlu işçilərin getmək istəmədiyi yerlərdə (ilk növbədə ağackəsmə yerlərində) tikilib. “QULaq” (ruscada: Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й) iqtisadiyyatı belə yaranıb.
“Əmək məhv edir”
Daxau və Osvensim düşərgələrinin giriş qapılarında “Arbeit macht frei” (“Əmək azad edir”) şüarı yazılıb. Sovet düşərgələri isə “SSRİ-də əmək şərəf işidir, şöhrət işidir, şücaət və qəhrəmanlıq işidir” şüarı ilə bəzədilib. Bəs hansı düşərgələr daha dəhşətli idi - Hitlerin, yoxsa Stalinin?
Ümumilikdə 1934-1953-cü illər arasında “QULaq”-lardan milyonlarla insan keçib. 1935-ci ildə Almaniyanın konsentrasiya düşərgələrində 4 min məhbus var idisə, 1939-cu ildə bu rəqəm 30 minə çatıb. Bununla belə, müharibənin və yəhudi qırğınının (Holokost) başlanması ilə işğal olunmuş Avropada 24 konsentrasiya düşərgəsi və minlərlə digər düşərgənin ümumi əhalisi 2,5-3,5 milyon nəfərə çatıb.
Amerikalı tarixçi Timoti Snayder “Qanlı topraqlar” kitabında yazıb: “Sovet İttifaqında 00447 saylı sərəncam əsasında baş verdiyi kimi, Hitler Almaniyasında 18 ay ərzində təxminən 400 000 adamın edam edilməsini uzaqdan belə xatırladan heç nə yox idi.
1937 və 1938-ci illərdə nasist Almaniyasında 267, Sovet İttifaqında isə təkcə “QULaq” əməliyyatı zamanı 378 236 nəfər ölüm cəzasına məhkum edilib. 1937-1939-cu illərdə SSRİ-də ən azı 725 min insan siyasi səbəblərə görə edam edilib.
Yenə əhali fərqini nəzərə alsaq, sovet vətəndaşının “QULaq” əməliyyatı zamanı güllələnmə ehtimalı, hər hansı bir cinayətə görə Almaniyada bir alman vətəndaşının ölümə məhkum edilməsi şansından təxminən yeddi yüz dəfə çox idi”.
Həm Reyxdə, həm də SSRİ-də “düşərgə cəmiyyəti” ciddi şəkildə iyerarxik əsasda qurulub, nasistlər öz iyerarxiyasını “asosiallıq” və “irq” meyarlarına, kommunistlər isə “sinfi” kriteriyaya bölüblər.
Üstəlik, SSRİ-də terroru törədənlərin özləri də sistemin girovu olublar. Mühafizəçilərin və SS işçilərinin rifahı, hətta həyatı üçün heç nə təhlükə törətməyib, lakin stalinizm illərində Sovet İttifaqında on minlərlə “çekist” qoruduğu hokuməti tərəfindən öldürülüb. SSRİ-də məhbusların məhv edilməsi üçün rəsmi olaraq nəzərdə tutulmuş ölüm düşərgələri olmayıb. Qeyri-rəsmi olaraq kütləvi düşərgə edamları isə tətbiq olunub - Kolıma rayonunda yerləşən Serpentinka düşərgəsində baş verənlər kimi.
Ölüm düşərgələrinə çevrilən “QULaq”
Beriyanın məxfi hesabatına görə, 1942-ci ilin yanvarına qədər “QULaq”larda 9 817 məhbus güllələnib. Daha 1502 nəfər həbsxanaların boşaldılması zamanı konvoylar tərəfindən öldürülüb. Ən məşhuru 1941-ci il sentyabrın 11-də Oryol yaxınlığında 160-a yaxın siyasi məhbusun - məşhur inqilabçıların, menşeviklərin, bolşevik rəhbərlərin və alimlərin kütləvi öldürüldüyü hadisə olub.
Müharibə başa çatdıqdan sonra ölkə əhalisinin sayının azalmasına baxmayaraq, “QULaq” əsirlərinin sayı, əksinə, çoxalıb. 1948-ci ildə onun sayı iki milyondan çox olubi, onların təxminən dörddə biri əks-inqilabi cinayətlərə görə məhkum edilib. Sual olunur ki, yerdə qalan bir milyon yarım haradan gəlib?
Birincisi, müharibədən sonra cinayətlərin sayı xeyli artıb, avtomstik olaraq yaxalanan və məhkum edilən canilərin sayı da artıb. İkincisi, 4 iyun 1947-ci il tarixli “Vətəndaşların şəxsi mülkiyyətinin mühafizəsinin gücləndirilməsi haqqında” və “İctimai əmlakın mühafizəsinin gücləndirilməsi haqqında” iki fərman sayəsində oğurluq və mənimsəmə cinayətlərinə görə cəzalar kəskin şəkildə sərtləşdirilib.
Qərarlar “QULaq” əhalisini artırmaq üçün xüsusi olaraq imzalanıb. Çünki qul ordusu olmadan hakimiyyət artıq ölkə iqtisadiyyatını idarə edə bilməyib. Nəticədə çox sayda insan düşərgələrə göndərilib. Stalin repressiyalarının bütün tarixində dustaq sayının ən böyük artımı 1947-ci ildə olub.
II dünya müharibəsinin müttəfiq konfranslarından birində Stalin SSRİ-nin böyük insan itkiləri veridiyinə görə başsağlığı verən Çörçillə deyib: “Biz kollektivləşmə zamanı heç də az itki vermədik. On milyonlarla. Hər şey çox pis və çətin idi, amma lazım idi. Onların əksəriyyəti öz təsərrüfat işçiləri tərəfindən məhv edilib”. Çörçill isə cavabında deyib: “Mən də belə düşünürdüm, çünki siz milyonlarla kiçik insanla məşğul idiniz”.
Rəsmi hesablamara görə, Stalinin “oyunu” nəticəsində 40 milyondan çox insan həbs edilib, onlardan iki milyondan çoxu vəfat edib. Ölənlərin yarım milyonu isə uşaq olub. 1940-ci ildən 1945-ci ilə qədər Azərbaycanda 36 minə yaxın şəxs müxtəlif bəhanələrlə həbs edilərək “QULaq”lara göndərilib. Onlardan neçə nəfərinin sağ qaldığı və öldürüldüyü məlum deyil.
Təbii ki, illər sonra bir çox məhbuslar və cəza həyata keçirən şəxslər reabilitasiya olub. 2015-ci ildə Rusiya Ali Məhkəməsi SSRİ NKVD-nin keçmiş xalq komissarı, kütləvi repressiyaların təşkilatçısı və “QULaq”ın yaradıcısı Henrix Yaqodanı reabilitasiya etməkdən imtina edib. Hakimlər kollegiyası aprelin 2-də “Ali Məhkəmənin hərbi kollegiyasının hökmü ilə məhkum edilmiş Henrix Qriqoryeviç Yaqodanı reabilitasiyaya məruz qalmamış kimi tanımaq” barədə qərar çıxarıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
ŞƏRHLƏRŞƏRH YAZ