Onlayn ictimai-siyasi qəzet
Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər verir. Qeyd olunur ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir.
“Əl-Ərəbiyyə” nəşri ABŞ-ın vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib. Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır. Nəşr həmçinin bildirir ki, İsrail nümayəndə heyəti Əs-Süveyd ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycanda danışıqlara yollanacaq.
Bununla yanaşı, İsrail Suriyaya hücumları dayandırmaq öhdəliyini üzərinə götürməyib və 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda və yarım kilometrdən 10 kilometrə qədər dərinlikdə geniş demilitarizasiya olunmuş bufer zonasının yaradılmasında israr edir.
Daha əvvəl bildirilib ki, ABŞ, İsrail və Suriyanın yüksək səviyyəli nümayəndələri Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün 24 iyulda görüşəcəklər, lakin görüşün keçiriləcəyi yer hələ açıqlanmır. Bundan əvvəl İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında danışıqlar Bakıda keçirilib.
Azərbaycan hər iki tərəf üçün əlverişli yerdir. Biz İsraillə dost, tərəfdaş ölkəyik, Suriyanın keçid hökuməti ilə isə yeni əlaqələr qurulub, prezident Əhməd əş-Şaraa bu günlərdə paytaxtımıza təşrif buyurub, azərbaycanlı həmkarıyla danışıqlar aparıb. Eyni zamanda Azərbaycan enerji məhsullarının ən böyük payını İsrailə satır, Suriyaya da qaz nəqli nəzərdə tutulub. Bu mənada Bakı ev sahibliyi üçün ən münbit yerdir.
Daha əvvəl Azərbaycan Rusiya-Suriya, İsrail-Türkiyə, NATO generalları ilə rus generallarının görüşünə ev sahibliyi edib. Bu da ölkəmizin etibarlı, sabit məkan olduğunu, “təhlükısizlik adası”na çevrildiyini bir daha nümayiş etdirir.
Bəs görüşdən gözləntilər nədir?
Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, əgər Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolu tutsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və adekvat cavab verəcək. Onun sözlərinə görə, Türkiyə adı çəkilən qüvvələrin Suriyanın parçalanmasına töhfə verməyəcəyi təqdirdə dialoqa getməyə və onların tələblərini dinləməyə hazırdır. Suriya rəhbərliyi isə ölkənin müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmi hərbi dəstək istəyib. Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Siyasi şərhçi Ramiyə Məmmədova “Yeni Müsavat”a deyib ki, Azərbaycanın bu görüşlərə ev sahibliyi etməsi təsadüfi deyil: “Biz həm İsraillə strateji tərəfdaşıq, həm də Suriya ilə yeni əlaqələr qurmuşuq. Bakı bu formatda müzakirələrin keçirilməsi üçün ən uyğun məkan kimi görünür. Burada söhbət yalnız logistik rahatlıqdan getmir. Azərbaycan son illər bölgədə neytral, amma etibarlı vasitəçi kimi reputasiya qazanıb. Bu, ölkəmizin diplomatik çəkisini artırır və Bakını regional təhlükəsizlik məsələlərində açar oyunçuya çevirir”.
Ramiyə Məmmədova
Onun sözlərinə görə, Bakının belə danışıqlara ev sahibliyi etməsi həm də Qərb, Rusiya və Yaxın Şərq paytaxtlarına “Azərbaycan bu regionda təhlükəsizlik adasıdır” mesajını verir. Azərbaycan bütün tərəflərlə dialoq qurmağı bacaran ölkədir: “Bu, bizi regionda bənzərsiz oyunçuya çevirir. Biz əvvəllər də Rusiya-Suriya, İsrail-Türkiyə, NATO və Rusiya nümayəndələrinin görüşünə platforma olmuşuq. İndi isə yeni bir format formalaşır. Bu, Azərbaycanın özünü böyük oyunçuların dialoq məkanı kimi təqdim etməsinə xidmət edir”.
Siyasi şərhçi görüşdən gözləntilər haqda fikirlərini bölüşüb: “Türkiyənin xarici işlər naziri Hakan Fidan isə xəbərdarlıq edib ki, əgər Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolunu seçsələr, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid sayacaq və adekvat cavab verəcək. Eyni zamanda Türkiyə bu qüvvələrlə dialoqa da açıq olduğunu bildirib. Suriya rəhbərliyi isə İŞİD başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq və ölkənin müdafiəsini gücləndirmək üçün Türkiyədən rəsmi hərbi dəstək istəyib. Bakıda keçiriləcək görüş həm İsrail-Suriya münasibətlərində gərginliyi yumşalda, həm də Türkiyənin vasitəçilik rolunu möhkəmləndirə bilər. Əsas məsələ tərəflər arasında etimad yaratmaqdır. Bu isə uzunmüddətli prosesdir. Amma Bakı bu yolun başlanğıcı üçün doğru seçimdir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ