Onlayn ictimai-siyasi qəzet
“Yaxın günlərdə” ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni arasında danışıqlar baş tutacaq. Musavat.com xəbər verir ki, Kanadanın İdarələrarası əlaqələr naziri və Kanada-ABŞ ticarətinə cavabdeh Dominik LeBlanc bunu CBS telekanalına müsahibəsində deyib.
O, Vaşinqton rəsmiləri ilə söhbətlərindən sonra ticarət sazişinin bağlanması perspektivlərinə nikbin olduğunu vurğulayıb: "Biz ABŞ Ticarət naziri Hovard Lutnik və Ticarət nümayəndəsi Ceymison Greer ilə söhbətlərimizdən ruhlanmışıq. Lakin biz hələ hər iki ölkə iqtisadiyyatının maraqlarına cavab verəcək razılaşma əldə etməyə imkan verən nöqtədə deyilik".
Nazir onu da əlavə edib ki, o, “tariflərin bir hissəsini azaldacaq və investisiya üçün daha çox əminlik yaradacaq” razılaşmanın əldə olunmasının mümkün olduğuna inanır.
Daha əvvəl Karni bildirmişdi ki, Amerikanın 35 faizlik tariflərinə cavab olaraq Ottava sənayedə rəqabət qabiliyyətini dəstəkləmək və iş yerlərini qorumaq üçün tədbirlər görəcək. Bununla belə, o, ABŞ mallarına cavab rüsumlarının tətbiq ediləcəyini bildirməyib.
Avqustun 1-də Trump, Kanadaya tarifləri 25 faizdən 35 faizə qaldıran sərəncam imzalayıb. O, həmçinin bildirib ki, Ottava Fələstini tanımaq niyyətini açıqladığı üçün Kanada ilə ticarət razılaşması əldə etmək onun üçün çox çətin olacaq.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ