İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə Kreml təbliğat maşını yenidən işə salınıb. Bu dəfə hədəf Azərbaycanın dövlətçilik tarixidir.

Rusiya mediası utanmadan iddia edir ki, guya 1918-ci ilə qədər “Azərbaycan” adlı dövlət olmayıb, bu torpaqların müasir mənada dövlətçiliyi mövcud olmayıb və əslində bugünkü Azərbaycanı Vladimir Lenin yaradıb.

Saxtalaşdırılmış məlumatda utanmadan deyilir: “Tədqiqatçıların fikrincə, 1918-ci ilə qədər azərbaycanlıların öz dövlətçiliyi yox idi və özlərini çoxəsrlik milli ənənənin davamçısı hesab edən qonşu gürcü və ermənilərdən fərqli olaraq, Zaqafqaziya müsəlmanları özlərini daha böyük müsəlman dünyasının ayrılmaz hissəsi saysalar da, əslində Rusiyanın hökmranlığı altında idilər.

1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Zaqafqaziyada baş verən inqilabi hadisələrlə əlaqədar olaraq üç müstəqil dövlət: Gürcüstan Demokratik Respublikası, Ermənistan Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti (əsasən Bakı və Yelizavetpol quberniyaları, Zakatpol quberniyalarının torpaqlarında) elan edildi.

Beləliklə, Azərbaycan dövlətçiliyi Leninin təşəbbüsü ilə yarandı, onun dövründə Azərbaycan imperiya əyalətindən Azərbaycan SSR-yə çevrildi”, -Bu, yalnız tarixi saxtalaşdırma deyil – həm də Azərbaycan xalqının milli kimliyinə, minillik dövlətçilik ənənələrinə qarşı açıq təxribatdır. Məqsəd isə bəllidir: Azərbaycanın suverenliyini şübhə altına almaq, milli yaddaşı zəiflətmək və Kreml qarşısında “tarixi minnətdarlıq” kompleksi yaratmaq.

manaaaaa.jpg (30 KB)

Azərbaycan dövlətçiliyi heç bir halda XX əsrin məhsulu deyil. Bu torpaqlarda dövlət hələ eramızdan əvvəl mövcud olub. Manna dövləti (e.ə. IX–VI əsrlər), Midiya, Atropatena kimi dövlətlər regionun siyasi xəritəsini formalaşdırıb. “Azərbaycan” adının kökü də məhz Atropatena dövlətindən gəlir.

Eramızdan əvvəl IV əsrdən VIII əsrə qədər Qafqaz Albaniyası Şimali Azərbaycan torpaqlarında mövcud olub. Orta əsrlərdə Sacilər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətlər həm bölgədə, həm də beynəlxalq aləmdə söz sahibi olublar. XVIII əsrdə isə Qarabağ, Gəncə, Şəki, Naxçıvan, Bakı, Şirvan və digər xanlıqlar yaranaraq faktiki müstəqil idarəetmə qurublar. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan dövlətçiliyi SSRİ-dən min illər əvvəl mövcud olub.

xanliqlar.jpg (65 KB)

XIX əsrin əvvəllərində Rusiya imperiyası Qacar dövləti ilə müharibələr nəticəsində Azərbaycan torpaqlarını işğal etdi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan tarixi torpaqları iki yerə bölündü. Şimal torpaqlarımız Rusiya imperiyasına qatıldı, milli dövlətçilik müvəqqəti olaraq zorla ləğv edildi.

28 may 1918-ci ildə Azərbaycan xalqı yenidən tarix səhnəsinə çıxdı və Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, yalnız milli iradənin nəticəsi idi – heç bir Lenin “lütfü” yox idi. Cümhuriyyət Şərqdə ilk parlamentli respublika idi, qadınlara seçki hüququ verən ilk müsəlman dövləti idi, dövlət dili Azərbaycan türkcəsi elan olundu.

1920-ci il aprelin 28-də Sovet Rusiyası Azərbaycanı işğal etdi. Lenin və bolşeviklər Azərbaycanda dövlət qurmadılar – əksinə, mövcud müstəqil dövləti məhv etdilər, onun yerinə Moskvanın idarə etdiyi Azərbaycan SSR adlı qurum yaratdılar. Bu, dövlətçilik deyil, müstəqilliyin boğulması idi.

SSRİ dağıldıqdan sonra Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Bu, 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisliyinin bərpası idi. Azərbaycan xalqı öz dövlətini yenidən qurdu – Kreml diktəsinə və saxta “yaradılma” hekayələrinə baxmadan.

Kremlin bu cür iddialarının arxasında təkcə ideoloji yox, həm də geosiyasi hədəflər dayanır. Moskva Azərbaycanı “Sovet mirası” kimi təqdim etməklə beynəlxalq aləmdə onun tarixi legitimliyini zəiflətmək, eyni zamanda gələcəkdə geosiyasi təzyiq aləti kimi istifadə etmək istəyir.

Lakin faktlar dəyişməzdir: Azərbaycan dövlətçiliyi minilliklərə dayanır, Lenin isə bu dövlətin qurucusu yox, müstəqilliyini zorla əllərindən alan işğalçı idi.

DSCF0427.jpg (46 KB)

Tarix üzrə fəlsəfə doktoru Boran Əziz Musavat.com-a açıqlamasında bildirib ki, bu gün Rusiya mətbuatında Azərbaycan dövlətinə, xalqına, tarixinə qarşı olduqca çirkin, tarixi həqiqətlərdən uzaq bir kampaniya başladılıb:

“Bunun səbəbləri hər kəsə məlumdur. Azərbaycan müstəqil siyasət yürüdür və bu, Moskvanın xoşuna gəlmir. Rusiya mətbuatı saxtakarlıqla yazır ki, guya Azərbaycanın dövlətçilik tarixi olmayıb, ölkəmizdə dövlətçiliyi ruslar yaradıb. Kökündən yanlışdır, Bizim dövlətimiz, iri şəhərlərimiz olduğu zamanda Rusiyada hələ dövlətin nə olduğunu bilmirdilər. 1947-ci ilin dekabrında Çaykovski adına konsert salonunda gəncənin 800 illik yubileyi keçirilərkən, məşhur rus şərqşünası Yevgeni Bertels çıxış edərək demişdi: “Mən Gəncəni və gəncəliləri ona görə sevirəm ki, 800 il bundan əvvəl knyaz Yuriy Dolqorukiy Moskvanın təməlini yenicə qoyarkən Gəncə nəyinki tarixi şəhər kimi mövcud idi, hətta cahana şərqin poeziya günəşi – Nizami Gəncəvini və gözllər gözəli -Göygölü vermişdi. Sonra da sual edirdi ki, bəs bu Gəncə haradadır?”. Moskva alimləri nəzərə alsınlar ki, Rusiyada Moskvanın əsası nə zaman qoyulub. Tarixi və elmi həqiqətə baxsınlar, 1813-və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqlarının işğal tarixini öyrənsinlər. 1805-ci il mayın 14-də Rusiya dövləti adından Qarabağ, Şəki xanlığı ilə, daha sonra Şirvan xanlığı ilə bağladıqları 11 maddədən ibarət andlı öhdəliklərə baxsınlar. Bizim dövlətimiz yox idisə, rus sərkərdəsi Sisianov bu müqavilələri kimlə imzalayıb?!

1917-ci ildə çar imperiyası devrildikdən sonra Azərbaycan 1875-ci ildən başladığı azadlıq mübarizəsini başa çatdırdı və tarixi torpaqlarımızn yalnız bir hissəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətini yaratdı. Bu cumhuriyyəti 1920-ci ildə 72 minlik 11-ci qızıl ordu işğal etdi. Ruslar türk xalqlarına hansı dövləti yaradıb? Tamamilə yanlış və həqiqətən uzaq fikirdir. İnsan nə qədər tarixdən və elmi ədəbiyyatdan uzaq olmalıdır ki, tarixi bu qədər saxtalaşdıra bilsin”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR