Onlayn ictimai-siyasi qəzet
"Sputnik" agentliyinin baş redaktoru Marqarita Simonyanın Azərbaycan düşmənçiliyi bitmək bilmir. İndi də erməni əsilli Rusiya vətəndaşı “Vladimir Solovyovla axşam” proqramının efirində Vladimir Solovyova qoşularaq, iyulun 19-da Xankəndidə keçirilən III Şuşa media Forumundan danışıblar.
Əsas mövzu isə bu forumda həmkarları - Mixail Qusman və Sergey Markovun iştirak etməsi olub. Xanım jurnalist və efirdəki opennenti başlarından böyük danışaraq, nə üçün rusiyalı vətəndaşların Şuşa forumunda iştirak etmələrinə toxunaraq, hər ikisini sərt tənqid ediblər. Sanki Mixail Qusman və Sergey Markov Simonyandan “icazə” almalı imişlər. Simonyan mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunaraq həbs edilən rəhbəri olduğu agentliyin Bakı ofisinin direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousovdan da danışıb. Utanmaz-utanmaz iki həmkarını günahlandırıb ki, Şuşa forumunda nə üçün İqor Kartavıx və Yevgeni Belousov barədə danışmayıblar, suallar verməyiblər. Görünən odur ki, Simonyan kimiləri hələ də qəbullana bilmirlər ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycanda cinayətə yol verən hər bir şəxs, kimliyindən asılı olmayaraq qanu qarşısında cavab verəcək, İqor Kartavıx və Yevgeni Belousov kimi...
Deputat Naqif Həmzəyev “Yeni Müsavat”da çox maraqlı faktları önə çəkdi. O, bu ittihamların kökündə aşağıdakı səbəbləri görür:
“Müasir media məkanında dezinformasiya və təbliğat vasitələrinin rolu getdikcə artmaqdadır. Bu kontekstdə xüsusilə diqqət çəkən Rusiya Federasiyasının öndə gələn təbliğatçıları Marqarita Simonyan və Vladimir Solovyovun Azərbaycana qarşı sistemli şəkildə aqressiv mövqe nümayiş etdirmələridir. Son dövrdə bu şəxslərin Şuşaya gedən rus jurnalistlərini "xəyanətkar" adlandırması məsələsi xüsusi rezonans doğurub. Marqarita Simonyan rusiyalı məşhur təbliğatçılardan biri olmaqla yanaşı, erməni əsillidir. Bu faktın onun Azərbaycana qarşı qərəzli mövqeyinin formalaşmasında mühüm rol oynadığı şübhəsizdir. Simonyan RT (Russia Today) telekanalının baş redaktoru vəzifəsində çalışır və Rusiyanın beynəlxalq media strategiyasının əsas icraçılarından biridir. Vladimir Solovyov isə Rusiya mediasının digər nüfuzlu siması olaraq, özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirməsi ilə tanınır. Bu "trio"nun (Simonyan, Solovyov və media maqnatı Aram Qabrielyanov) "işbirliyinin" faktları həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Hələ 2016-cı ildə bu "trio" ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Bu cəhd Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi daşıyan açıq dezinformasiya kampaniyası idi. 44 günlük vətən müharibəsini zamanında və ondan sonrakı dövrdədə Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalıblar.
Solovyov və Simonyan "rus təbliğatının ikiqat qartalı" adlandırılır. Onların fəaliyyət metodu aşağıdakı kimidir:
- Biri "qaş qaldırır"
- Digəri isə demək olar ki, "üç gündə Bakıya çatacağını" vəd edir
- Onlar qışqırıb-qışqırır, Bakıdan cavab gələndə isə bir-iki gün susdurulurlar
Son dövrlərdə Simonyan və Solovyovun Şuşaya gedən rus jurnalistlərini "xəyanətkar" adlandırması xüsusi maraq doğurur. Bu ittihamların arxasında aşağıdakı səbəblər dayanır:
Onlar Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq istəmirlər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu reallığını qəbul etmək onların ideoloji dünyagörüşünə zidd gəlir.
Erməni lobbisindən aldıqları dəstək və maliyyə məsələləri də onların bu cür davranmasında rol oynayayır.
Regionda Rusiyanın nüfuzunun azalması ilə əlaqədar narahatlıq və Azərbaycanın artan beynəlxalq mövqeyindən narazılıq.
Bu şəxslərin "xəyanətkar" ifadəsi əslində öz ölkələrinin jurnalistlərinin həqiqəti görmək istəməsinə qarşı etirazıdır. Şuşaya gedən rus jurnalistləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi reallığı ilə üz-üzə gəlirlər və bu da Simonyan-Solovyov kimi təbliğatçıları narahat edir.
Azərbaycan öz haqlı mövqeyini beynəlxalq arenada uğurla müdafiə etməkdə davam edir. Simonyan və Solovyov kimi təbliğatçıların fəaliyyəti isə getdikcə daha çox ifşa olunur və beynəlxalq ictimaiyyət tərəfindən tənqidlə qarşılanır.
Həqiqət öz yolunu tapır və heç bir təbliğat onu dayandıra bilməz. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi faktı da məhz belə bir həqiqətdir ki, onu heç bir dezinformasiya kampaniyası dəyişə bilməz”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə də fərqli düşünmür.
O hesab edir ki, rəsmi Kreml hazırda Cənubi Qafqazda ciddi nüfuz itkisi yaşayır:
“Ermənistan Qərbi Avromissiya müşahidəçiləri, NATO hərbi təlimçiləri qismində ölkəyə gətirib, Rusiyanı sahib olduğu bir sıra hərbi-strateji geolokasiyalardan, iqtisadi və ideoloji nüfuz imkanlarından məhrum edir. Bütün bunlar Vətən müharibəsində Ermənistanın Azərbaycana məğlub olmasından sonra, o cümlədən ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının intensivləşdiyi dövrdə baş verdiyi üçün Rusiya son zamanlar Azərbaycana hücumu artırıb. Bu fonda biz sadəcə Azərbaycanın mülki təyyarəsinin vurulmasını, Rusiyadakı azərbaycanlılara qarşı artan diskriminativ hərəkətləri və zorakılıqları, informasiya məkanında Azərbaycan əleyhinə çağırışları deyil, həmçinin Azərbaycan və Rusiya münasibətlərində müsbət körpü olan ruslara qarşı da hücumları qeyd edə bilərik. Hazırda Simonyanlar, Zatulinlər ölkəmizi “düşmən” obrazında təsvir edir. Simonyanın hədəf aldığı Mixail Qusman uzun onilliklər TASS-ın direktor müavini kimi medianın aparıcı siması olaraq daima Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət edib. Hazırda onun III Qlobal Şuşa Forumunda iştirakı və cənab Prezidenti tərif etdiyinə görə “qaralandığını” və Rusiyada ümumi anti-Azərbaycan isteriyasının qabarması fonunda hədəf alındığını demək olar.
Halbuki, “düşmənə xidmət edənlər”i “satqın” adlandıran Margarita Simonyan kimilər Azərbaycan-Rusiya münasibətlərini daha da zədələmək istəyən üçüncü güclərin əsl aləti rolunda çıxış edirlər. Onun media kanalını Ermənistan Parlament spikeri belə “dezinformasiya yaymaq, xalqı çaşdırmaq, sabitliyi pozmaq” iddiası ilə tənqid edib, özünü isə ölkəyə buraxmırlar. Beləcə biz Simonyanların iki cür olduğunu görürük: Alen və Margarita obrazında.
Beləliklə, Paşinyan hakimiyyətini məğlub edə bilməyən Rusiya eyni siyasət alətlərini - media-informasiya məkanını, revanşist erməniləri və onların “nümayəndələrini” Azərbaycan əleyhinə fəaliyyətə yönləndirir. Ermənistanla məhv olan münasibətləri fonunda Cənubi Qafqazdakı “müttəfiqi”, regionu heç zaman 3-cü güclərin platsdarmına çevrilməyə qoymayan Azərbaycana qarşı bu cür davranış və Ukrayna prizmasından dəyərləndirmə - Rusiyanın tamamilə yanlış imperial siyasət modelinin gedərək çürüməsi ilə nəticələnməkdədir. Bunun ən bariz göstəricisi isə Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən sülh bəyanı olacaq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ