İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni xaçına and içən Sobhani... Pezeşkiana qarşı

İLK yayım saatı: 15:08

Tehranın İrəvandakı səfiri Mehdi Sobhanin İran Prezidenti Məsud Pezeşknanın Azərbaycana ikinci dəfə, özü də Xankəndiyə etdiyi səfərdən erməni revanşistlər kimi dilxor olacağı haqda yazmışdıq. Yanılmadıq. Səfər ərəfəsi onun haylara xoş gəlmək üçün anonim mənbələrə istinadla bizə iftira atması əsla təsadüfi deyildi. Guya 12 günlük müharibə zamanı İsrail İrana zərbə üçün hava məkanımızdan istifadə edib.

Doğrudur, az sonra və rəsmi Bakının sərt etirazından sonra o, “tüpürdüyünü yalamalı” oldu. Üstəgəl, Pezeşkian Xankəndidən qayıdar-qayıtmaz şayiələrə nöqtə qoydu. Bildirdi ki, İranın təhlükəsizlik orqanları İsrailin qonşu ölkələrin ərazisindən Tehrana hücum üçün istifadə eləməsi ilə bağlı heç bir fakt, sübut aşkarlamayıb.

Amma kimə deyirsən. Sobhani həmişəki kimi, öz mənfur qılafındadır. Sanki erməni xaçına and içib ki, Bakı-Tehran əlaqələrinin normallaşmasına imkan verməyəcək. Nə sirdir ki, İranın yeni səfiri – Müctəba Dəmirçili Azərbaycan paytaxtına ayaq basan günü də Sobhani İrəvandan əleyhimizə növbəti hədyanlar səsləndirdi...

Bu yerdə yada salaq ki, 21-22 iyun tarixində İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib. Sessiyanın yekun siyasi sənədi kimi İstanbul Bəyannaməsində də Qərbi Azərbaycan İcmasının öz yurdlarına qayıdış hüququna dəstək ifadə olunub, Ermənistan tərəfindən soydaşlarımızın hüquqlarının inkar olunması qınanıb.

Sobhani isə İranın həmin sənədi dəstəkləmədiyi iddiasına ortaya atmış, üstəgəl, erməni rəsmiləri kimi ümumiyyətlə, Qərbi Azərbaycan ifadəsinə qarşı çıxmışdı. Guya bununla Bakının Ermənistana ərazi iddiası əksini tapıb. Halbuki söhbət yalnızca təməl insan haqlarından gedir. Bu barədə Azərbaycan rəhbərliyi zaman-zaman birmənalı açıqlamalar verib...

İrəvandakı səfir indi də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilən və öz prezidentinin də qatıldığı tarixi 17-ci Zirvə görüşünə qara yaxmağa çalışıb. Erməni mediasına müsahibəsində sammitin yekun sənədi və orada əksini tapmış Qərbi azərbaycanlılarla bağlı absurd iddialar səsləndirib. Təbii ki, yenə də cavabını dərhal alıb.

XİN Mətbuat xidməti rəhbəri Ayxan Hacızadə səfirin iddialarını qəbuledilməz adlandırıb və diqqətə çatdırıb ki, Xankəndi Kommünikesi İƏT-ə üzv dövlətlərlə əvvəlcədən razılaşdırıldığı kimi, öncəki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilib və təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib.

“Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər”, - rəsmi izahatda bildirilir.

Sitat: “Həqiqət belədir ki, İran İslam Respublikası da daxil olmaqla İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil, həmin dövlətlərin hamısı 21-22 iyunda İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb”.

XİN rəsmisi ardınca vurğulayıb ki, Xankəndi Kommünikesi İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir. “Bununla əlaqədar İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, - Hacızadə sonda əlavə edib.

Paradoks həm də ondadır ki, Paşinyan hökumətinin özü nə Xankəndi sammitinə, nə də onun Qərbi Azərbaycan ifadəsinin yer aldığı yekun sənədinə irad bildirib. Əcəba, Sobhaniyə nə düşüb görəsən...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR