Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin rəhbərliyinə yaxın şəxslərdən biri – Katolikosun qardaşı sensasion bəyanatla çıxış edib. O açıq şəkildə bildirib ki, kilsə Ermənistanda inqilab üçün çalışacaq, çünki baş nazir Nikol Paşinyanın seçdiyi yol – qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamaq xətti kilsənin maraqlarına ziddir.
Bu sözlər Ermənistan tarixində yeni mərhələnin başlanğıcını qoyur. Hazırda ölkədə Paşinyan hökuməti ilə kilsə arasında görünməmiş səviyyədə kəskin münaqişə yaşanır. İlk dəfədir ki, iki arxiyepiskop həbsdədir, ilk dəfədir ki, Ermənistanın siyasi rəhbərliyi kilsənin hökmran mövqeyinə açıq şəkildə meydan oxuyur.
Xüsusi vurğulanmalıdır ki, Ermənistan kilsəsi tarixi boyu Çar Rusiyası dövründən bəri daim Rusiyanın təsiri altında olub. İndi də kilsənin küçəyə çıxma çağırışları, mitinqlər, ölkədə sabitliyi pozmağa yönəlmiş “inqilab” planları əslində Moskvanın idarə etdiyi bir ssenaridir. Paşinyan hökuməti faktiki olaraq təkcə daxili rəqiblə yox, Ermənistan kilsəsinin timsalında Rusiyanın regiondakı təsir şəbəkəsi ilə döyüşür.
Bundan əlavə, məlum olub ki, Katolikosun qardaşı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni açıq dəstəkləyir, rus əsgərlərinə xeyir-dua verərək bu qanlı kampaniyanı legitimləşdirir. Mart ayında isə bunun qarşılığında şəxsən Putin tərəfindən ordenlə təltif olunub.
Beləliklə, Ermənistan kilsəsi indi faktiki olaraq həm ölkə daxilində sabitliyi pozmağa, həm də Rusiyanın geosiyasi planlarına xidmət edən açıq siyasi oyun aparır. Paşinyan hökuməti isə tarixdə ilk dəfə olaraq bu güclü dini-siyasi mexanizmə qarşı dirəniş göstərir.
Musavat.com prosesi izləməkdə davam edəcək.
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ