İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müharibə cinayətləri sübuta yetirilir – BAKIDA TARİXİ MƏHKƏMƏ  

Bu gün, iyulun 17-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etidiriləcək.

Musavat.com xəbər verir ki, bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir. İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Bu faktlar Ermənistan ordusunun Qarabağda sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törətdiyini ortaya qoyub. Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar. Hazırda prosesdə zərərçəkənlər ifadə verir, şahidlər dindirilir, video və digər sübutlar tədqiq olunur.
Ötən məhkəmə prosesində zərərçəkmişlər ifadə veriblər.

Zərərçəkmişlər girov və əsirlikdə ermənilər tərəfindən döyülmə, silah qundaqları ilə vurulma, dişlərin kəlbətinlə çıxarılması, barmaqların sındırılması, çiyin və baş nahiyəsinə ağır xəsarətlərin yetirilməsi, suyun içinə elektrik cərəyanı verilməsi, ac və susuz saxlanılma, məcburi əmək, soyğunçuluq, cinsi və mənəvi təhqir, lazımi tibbi yardımın göstərilməməsi kimi ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Hətta bəzi hallarda əsirlərə və girovlara uşaq xəstəxanasında, bağçalarda, tövlələrdə qeyri-insani münasibət göstərilib. Bir çox zərərçəkmiş ifadəsində ailə üzvlərinin, xüsusilə uşaqların, anaların, qadınların işgəncəyə məruz qalmasını, öldürülməsini, meyitlərlə birgə saxlanılma hallarını təsvir ediblər. Bəzi girovlar analarının, övladlarının, həyat yoldaşlarının ölümünə və ya onlara verilən işgəncələrə gözləri qarşısında şahid olduqlarını qeyd ediblər. İfadələrdə azyaşlı uşaqların və qadınların da girov saxlanıldığı, doğuşun girovluq şəraitində baş verdiyi, uşaqların baxımsızlıq və səhhət problemlərindən öldüyü bildirilir. Bəzi qadın girovlar uşaq xəstəxanalarında saxlanılıb, uşaqlarının inkişafdan qaldığını və ya ölümünü qeyd ediblər. Təkcə hərbçilər deyil, mülki şəxslər də kütləvi şəkildə əsir və girov götürülüb, işgəncə və qeyri-insani rəftara məruz qalıblar. Hamilə qadınlar, yaşlılar, kənd sakinləri, sənət adamları, məsələn, musiqiçi Valeh Hüseynov da vəhşiliklərin hədəfi olub. Musiqiçi olduğu üçün dırnaqları çıxarılıb, əlləri yandırılıb. Zərərçəkmişlərin ifadələrinə əsasən, onlar Xankəndi, Şuşa həbsxanası, Xocavənd, Əsgəran, İrəvan, Kəlbəcər, Xocalı, Cinli kəndi, Ağbulaq, uşaq xəstəxanası və bağçalar, fermalar, hətta Sovet ordusunun nəzarətində olan ərazilərdə saxlanılıblar. Bəzi girovlar digər əsir və girovların meyitlərini gördüklərini, ölülərin maşınlara yığıldığını, əsirlikdə ölümlərə şahid olduqlarını bildiriblər. Zərərçəkmişlər arasında həm 1990-cı illərdə, həm də 2020-ci ilin 44 günlük müharibəsi zamanı girov və əsir götürülənlər olub. Bu da Ermənistanın beynəlxalq humanitar hüquqa uzunmüddətli və sistematik şəkildə zidd davranışını təsdiqləyir. Bu ifadələr yalnız fərdi acıları deyil, Ermənistan dövlətinin planlı, mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və hərbi təcavüz siyasətinin sübutudur. Bu ifadələr sayəsində Azərbaycanın hüquqi mövqeyi daha da güclənir və bu tarixi proses beynəlxalq ictimaiyyətə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətini göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR