İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın silahlanmasının ŞOK PƏRDƏARXASI - hiylə, yoxsa...

İrəvanın özünü sülhsevər kimi təqdim etməsi ilə silahlanması daban-dabana zidd görünür - iki fərqli proqnoz

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda səfərdə olarkən Bakının sülh sənədi ilə bağlı iki legitim şərtini bir daha təkrarladı. Bunlar Ermənistan Konstitusiyasından ərazi iddiası ilə bağlı müddəanın çıxarılması və Minsk Qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətdir.

Hələ ki, bu yöndə qarşı tərəfdən ciddi hərəkətlənmə müşahidə olunmur. Əvəzində artıq mətni razılaşdırılmış sülh sənədi layihəsi ilə bağlı az qala hər gün nikbin bəyanatlar səslənməkdədir.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması realdır”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

“Sülh sazişinin imzalanması reallığa çevriləcək. Bir daha vurğulamaq istərdim ki, bütün çətinliklərə və mövcud çağırışlara baxmayaraq, Ermənistan regionumuzda (Cənubi Qafqazda) davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir. Fikrimizcə, bu, bilavasitə qonşuluğumuzda olan bütün ölkələrin maraqlarına uyğundur”, - Mirzəyan əlavə edib.

Bu nikbinlik özünü reallıqda nə vaxt göstərəcək? Yəni Ermənistan rəhbərliyi nə zaman əməli addımlar üçün hərəkətə keçəcək? Tutaq ki, konstitusiyaya dəyişiklik zaman məsələsidir, Minsk Qrupunun de-yure ləğvi üçün Bakının təklifinə qoşulmağa nə mane olur? Ümumiyyətlə, rəsmi Bakı İrəvanın sülh nikbinliyini bölüşürmü? Bu, hiyləgərcəsinə vaxtı uzatmaq cəhdi deyilmi?

Rusiyadan Azər Badamovun ölkəyə buraxılmamasına — Reaksiya

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında Ermənistanın özünü sülhsevər kimi təqdim etdiyini vurğuladı: “Prezident İlham Əliyev Budapeştdə Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsi ilə bağlı danışanda bunun reallıq olduğunu bildirdi və Ermənistanın icra etməli olan iki şərti bir daha səsləndirdi. Bu iki şərt Ermənistanın konstitusiyasında edilməli olan müvafiq dəyişiklik və ATƏT-in Minsk qrupunun de-yure ləğvidir. Ermənistan sülh müqaviləsi ilə bağlı mətnində olan bütün şərtləri qəbul etdiyini və tezliklə sənədin imzalanmasını istədiyini bildirir. Hətta Paşinyan Ermənistanın Azərbaycanla bir daha müharibəsi olmayacağını ifadə edir. Mirzəyan isə sülh müqaviləsinin imzalanmasının reallığa çevriləcəyini qeyd edir. Yəni sözdə Ermənistan özünü sülh müqaviləsinin imzalanmasına tam şəkildə hazır olduğunu ifadə etməklə özünün sülhsevər kimi təqdim etməyə çalışır. Amma Ermənistanın özünün razı və imzalamağa hazır olduğunu bildirdiyi iki bəndinin,  konstitusiyasında dəyişikliyin edilməsini və ATƏT-in Minsk qrupunun de-yure ləğvi ilə bağlı birgə müraciətin göndərilməsi üçün hərəkətə keçmir”.

Deputat qeyd etdi ki, Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı sülh müqaviləsi imzalanan anda bu müraciəti də imzalamağa hazır olduğunu bildirir: “Amma Azərbaycanın ərazilərinə iddiası olmadığını bildirərək ağ yalan danışır. Bu yanaşmalar yenidən suallar yaradır. Belə ki, sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bar-bar bağıran Ermənistan vaxtaşırı dostlarının yanına qaçır və yeni silahların alınması üçün yeni razılaşmalar bağlayır. Belə ki, Hindistandan 1,5 milyard dollarlıq, Fransadan 250 milyon dollarlıq və digər ölkələrdən də böyük məbləğlərdə silahların alınmasını sürətləndirib. Ermənistanın bu hərəkətləri ölkəmizi düşündürməyə bilməz. Yəni Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirməsi, onun ancaq silahlanması üçün vaxt qazanmağa çalışmasından başqa bir şey olmadığını deməyimizə imkan verir. Çünki sülhə hazır olan tərəf silahlanmaya üstünlük verməz. Ermənistan hakimiyyəti düşünməsin ki, Azərbaycan da bir yerdə dayanıb saymır”.

SONA SON.jpg (56 KB)

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə proqnozlaşdırır ki, sülh sazişinin imzalanması ilə bağlı İrəvana Rusiya tərəfindən ciddi təzyiqlər mövcuddur: “Bu təzyiqlər getdikcə daha da şiddətlənir. Kreml hər vəchlə sülh prosesində yenidən aktivləşmək niyyətindədir. Ukraynadakı savaşın dondurulması və atəşkəsin əldə olunması ilə bağlı müsbət impulslar konteksində Moskvanın İrəvana qarşı daha da aqressivləşdiyini görürük. Kreml yenidən Güney Qafqaza qayıtmaq istəyir. Ermənistan isə ”mövcud çağırışlar" fonunda vaxt qazanmağa, Azərbaycanın digər iki şərtini də yerinə yetirməyə çalışır. İrəvandakı rəsmilər bunun üçün əlavə bir ilə ehtiyac olduğunu dilə gətirir. 2026-cı ildə konstitusiya islahatları keçirilməsi nəzərdə tutulur. Bu baş verdikdən sonra ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı İrəvan əvvəldən hazırlanan bəyanata sadəcə imza atacaq. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq".

Ekspertə görə, Rusiya isə bunu istəmir: “Hətta Azərbaycanla Ermənistanın ikilikdə münasibətlərini aydınlaşdırmasına da Kreml isti baxmır. Bu, Moskvanın istəyəcəyi ən son gedişatdır. Düşünürəm ki, İrəvan indi heç vaxt olmadığı qədər səmimi görünür. Çünki İrəvan Bakının bu məsələdə zarafat etmədiyini çox yaxşı başa düşür. Əks halda, Azərbaycanın vaxt udmağa çalışan Ermənistana qarşı adekvat siyasi gedişlər edəcəyinin də fərqindədir. Bu, Ermənistanı bütün regional layihələrdən əbədi olaraq kənarda saxlayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR