İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa İlyas Bozkurt ilə görüşüb

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Türkiyənin tanınmış qeyri-hökumət platformalarından olan TESİAD (Tüm Etkin Sanayici İşadamları ve İşkadınları Federasyonu) və TESAM (Türkiye Ekonomik, Siyasal ve Stratejik Araştırmalar Merkezi) qurucu başqanı İlyas Bozkurtun başçılıq etdiyi heyət ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, Türk dünyasında vətəndaş cəmiyyəti platformalarının gücləndirilməsi, iş dünyası ilə strateji araşdırma institutlarının ortaq təşəbbüsləri və gələcəyə istiqamətlənmiş inteqrasiya layihələri müzakirə olunub.

Komitə sədri Fazil Mustafa, Türk dünyasında ortaq tarixi-mədəni dəyərlərin qorunması və inkişafı yönündə QHT-lərin, ümumən vətəndaş cəmiyyəti institutlarının, düşüncə mərkəzlərinin rolunu xüsusi vurğulayaraq, bu cür təmasların həm siyasi, həm də sosial baxımdan önəmli olduğunu qeyd edib.

TESİAD və TESAM-ın qurucu başqanı İlyas Bozkurt, Türk dünyasında ortaq iqtisadi, strateji və mədəni platformaların yaradılması zərurətini vurğulayıb. O, Türk dövlətləri arasında vətəndaş cəmiyyəti və iş dünyası əməkdaşlığının dərinləşdirilməsinin, eləcə də yeni çağırışlara cavab verə biləcək institutların gücləndirilməsinin vacibliyini qeyd edib. Bozkurt, bu yöndə Azərbaycanın önəmli strateji tərəfdaş olduğunu xüsusi vurğulayıb.

TESİAD başqanı Halil İbrahim Yılmaz isə çıxışında Türk dövlətləri arasında elmi-analitik əməkdaşlıq, diaspor və lobbi təşəbbüslərində vətəndaş cəmiyyəti institutlarının koordinasiyası, gənc nəslin yeni çağırışlara uyğun akademik təlimlərə cəlb edilməsi və digər aktual istiqamətlər barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.

TESAM başqan müavini Yıldırım Deniz, TESİAD başqan müavini Talha Zeytinci, TESİAD və TESAM Türk Dünyası koordinatoru Muhammet Kıldıze, işadamı Faruk Kazancı, TESİAD və TESAM Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə və komitənin eksperti Əkbər Qoşalı görüşdə iştirak edib.

Komitə sədri Fazil Mustafa bu istiqamətdə komitənin konstruktiv dialoqda maraqlı olduğunu bildirib və əlaqələrin gücləndirilməsinin zəruriliyini ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR