Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukraynada sülh yaratmaq üçün son diplomatik cəhdləri Kreml tərəfindən etinasızlıqla qarşılanıb.
“Time” jurnalının müxbiri Saymon Şusterin təhlilinə görə, Vladimir Putin sülh danışıqlarına deyil, daha çox müharibəni davam etdirməyə üstünlük verir.
Son həftələr Tramp administrasiyası Moskva ilə gizli və açıq kanallar vasitəsilə təmaslar quraraq, Ukrayna böhranına son verə biləcək kompromis variantlar axtarıb. Lakin Kreml bu təşəbbüslərə konstruktiv cavab verməyib.
Putinlə Tramp arasında son telefon danışığından dərhal sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ikimənalı açıqlama verib. O, danışıqlardan nikbinlik əlaməti göstərmək əvəzinə, prosesi uzatmaq və Qərbə əlavə mesajlar göndərmək yolunu seçib.
Ardınca Rusiya XİN sözçüsü Mariya Zaxarova sərt bəyanatla çıxış edərək, Ukraynaya təhlükəsizlik zəmanəti kimi NATO qüvvələrinin yerləşdirilməsi ideyasını “qəti şəkildə qəbulolunmaz” adlandırıb. Bu mövqe Kreml tərəfinin kompromisə meylli olmadığını açıq şəkildə nümayiş etdirir.
Eyni zamanda, Moskva diplomatik ritorikada yeni tələblər, əlavə şərtlər və vaxt qazanmağa hesablanmış bəyanatlarla çıxış edir.
Şusterin yazdığına görə, bütün bunlar Kremlin nə Zelenski ilə görüşə, nə də real sülh sazişinə hazırlaşmadığını göstərir.
ABŞ administrasiyası hələlik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gündəmə gətirmir. Ağ Evdə hesab edirlər ki, əlavə sanksiyalar danışıqları tamamilə çətinləşdirə bilər. Lakin digər tərəfdən, Trampın Putini masa arxasına gətirmək üçün hansı vasitələrdən istifadə edə biləcəyi də aydın deyil.
Tramp diplomatik kanalları açıq saxlamağa çalışır, amma “Time” yazır ki, Kremlin reaksiyalarına baxanda rus tərəfi heç də sülhə yaxınlaşmaq niyyətində deyil. Əksinə, Putinin strategiyası daha çox hərbi gərginliyi davam etdirməyə hesablanıb.
Saymon Şusterin qənaətinə görə, Kreml indi sülh masasına oturmaqdan daha çox müharibə taktikasını seçir. Putinin davranışları və onun ətrafının açıqlamaları göstərir ki, Moskva hazırda hərbi üstünlük qazanmaq və Qərbi təzyiq altında saxlamaq üçün vaxt qazanmağa çalışır.
Beləliklə, Trampın bütün sülhməramlı cəhdlərinə baxmayaraq, Ukraynadakı qanlı savaşın yaxın müddətdə bitəcəyi inandırıcı görünmür.
Musavat.com
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ