Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda deputat İmamverdi İsmayılovun mətbuatda dərc olunan “Bayquş və qarovulçu” hekayəsi böyük oxucu marağına səbəb olub. Hətta müəllifin hekayəsi ilə bağlı akademik Nizami Cəfərov geniş məqalə ilə çıxış edib.
Musavat.com-un məlumatına görə, Milli Məclisin komitə sədri Fazil Mustafa da parlamentin növbədənkənar sessiyasının son iclasındakı çıxışı zamanı həmkarının yazdığı hekayəyə istinad edərək maraqlı nitq söyləyib.
F.Mustafa çıxışında “Terrorsuz Türkiyə” siyasi prosesi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, “Terrorsuz Türkiyə” hərəkatının məhsulları artıq ortaya çıxmağa başlayır: “45 ildən çox Türkiyəyə böyük faciələr yaşadan PKK terroruna dinc yolla son qoyulması istiqamətində real addımlar atılmaqdadır. Bu prosesi Azərbaycan ictimaiyyətindən gözəl heç kəs anlaya bilməz. Çünki 5 il öncə Laçının, Kəlbəcərin, Ağdamın dinc yolla, Azərbaycan Prezidentinin böyük diplomatik qabiliyyəti, bacarığı ilə terrorçu işğalçılardan azad edilməsinin nəticələrini biz necə hiss etdiksə, Türkiyə də yaxın gələcəkdə bu terrordan qurtulmağın nəticələrini daha aydın şəkildə hiss edəcək. Eyni zamanda Suriyada terrorun mənbələrinin müəyyən dərəcədə təhlükəsizləşdirilməsində Türkiyəyə, bəlkə də, ən böyük dəstəyi Azərbaycan verib”.
Millət vəkili ardınca bildirib: “Bu günlərdə Azərbaycan mətbuatında çox gözəl bir hekayə çıxmışdı. Dəyərli həmkarımız İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi... Çox anlamlı, gözəl hekayədir. Orada maraqlı bir ifadə yaddaşımda qaldı. Deyir ki, bayquşun arxasınca düşənlər mütləq gedib xarabalığa çıxacaq. Ümumiyyətlə, bu terrorun arxasınca düşən bütün cəmiyyətlər də mütləq o bölgədə ancaq xarabalıq görə bilərlər. İndi Türkiyənin o xarabalıqdan xilas olmaq imkanları var”.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ