Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Tehrandakı səfirliyinə avtomat silahla hücum edən şəxs Yasin Hüseynzadə bu gün edam edilib. Artıq İran mediası və məhkəmə orqanları bu məlumatı təsdiqləyiblər.
Məlum olduğu kimi, həmin hücum zamanı səfirliyin əməkdaşlarından biri həlak olub, digərləri isə möcüzə nəticəsində sağ qalıb.
Bu hadisə Azərbaycan-İran münasibətlərində uzun illər yığılıb qalmış gərginliyi pik həddə çatdırmış və Bakının sərt diplomatik addım ataraq Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmasına səbəb olmuşdu.
Azərbaycan tərəfi bu terror aktından sonra münasibətlərin normallaşması üçün 2 konkret tələb irəli sürmüşdü. Tələblərdən biri Yasin Hüseynzadənin İran qanunlarına uyğun olaraq ən ağır cəza ilə cəzalandırılması idi. Bu gün, 2025-ci il mayın 21-də bu tələb artıq yerinə yetirildi.
Digər tələb isə Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdi sifariş edən və maliyyələşdirən şəxslərin təhvil verilməsi ilə əlaqədadır.
Deputat Fazil Mustafaya qarşı cinayət işinin matertiallarında, sonradan məhkəımə araşdırmalarında cinayətin sifariş verilməsi və maliyyələşməsində konkret şəxslərin adları keçib.
Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmədə müttəhimlərin ifadələrindən cinayətin İrandan idarə olunması aydınlaşırdı.
Müttəhim Azər Səricanov istintaqda deyib ki, Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib.
“Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O, özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi.
Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi”, - o deyib.
Bundan başqa, Fazil Mustafaya sui-qəsd cəhdindən əvvəl onu sosial şəbəkələr üzərindən terrorla öldürəcəkləri barədə təhdid ünvanlanmışdı.
Təhdidi ünvanlayan Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov idi. Bu şəxs - Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib. Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib.
Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.
Hazırda İranda yaşayan və dini dairələrin himayəsi altında olan terrorçuların Azərbaycana təhvil verilməsi gündəmdədir. Azərbaycan xüsusi xidmət orqanlarının araşdırmalarına görə, Fazil Mustafaya qarşı törədilən sui-qəsdin arxasında İran xüsusi xidmətlərinə bağlı dini ekstremist şəbəkə dayanır.
Bu şəxslərin böyük əksəriyyəti vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş, sonradan İrana sığınıb dini təşkilatların qanadları altına keçmiş şəxslərdir. Onlar təkcə Fazil Mustafaya qarşı yox, ölkədə sabitliyi pozmağa yönəlmiş daha geniş terror planlarının iştirakçıları kimi də tanınır.
İran Azərbaycanın iki şərtindən birini yerinə yetirdi – Yasin Hüseynzadə edam olundu. İndi ikinci, bəlkə də daha vacib olan şərtin də yerinə yetiriləcəyi gün uzaqda deyil.
Fazil Mustafaya qarşı sui-qəsdi sifariş edənlər, Azərbaycanda sabitliyi pozmağa yönəlmiş daha geniş terror planları quranlar da Azərbaycana təhvil verilməlidirlər!
Bu addım atılmasa, Tehran özünü terrora qarşı mübarizədə səmimi və ardıcıl tərəfdaş kimi təqdim edə bilməyəcək. Əks halda, Yasin Hüseynzadənin edamı sadəcə ictimaiyyətin gözündə İranın reputasiyasını qorumaq üçün atılmış kosmetik bir addım kimi qiymətləndiriləcək.
Azərbaycan cəmiyyəti və dövləti bu məsələnin davamını gözləyir. Çünki bu yalnız bir nəfərə – Fazil Mustafaya qarşı yox, ümumilikdə Azərbaycan dövlətinə və onun müstəqillik iradəsinə qarşı törədilmiş terror hücumudur.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Vasif Natiq oğlu Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.
FOTODA Orxan Əsgərov
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin heyəti İrana geri dönüb.
Səfirliyimizə xain hücumdan sonra 2 ay sonra Bakıda, evinin qarşısında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd baş verib. 2023-cü il martın 28-də saat 21:51-də deputat idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanına gəlib. Evin darvazasında onun idarə etdiyi avtomobilə “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa möcüzə nəticəsində sağ qalıb. Həkimlər onun bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yaraları müəyyən ediblər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ