Onlayn ictimai-siyasi qəzet
Gürcüstan 28–30 oktyabr tarixlərində İrəvanda keçiriləcək “Avronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili “Avronest” rəhbərliyinə ünvanladığı məktubda qərarın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bəzi Avropa Parlamentinin üzvlərinin Gürcüstana qarşı “düşmənçilik ritorikası” nümayiş etdirməsi və Tiflisdə keçirilən etiraz aksiyalarına qoşulması “qarşılıqlı hörmət prinsiplərinə və parlament diplomatiyasının çərçivələrinə ziddir”.
Maxaşvili qeyd edib ki, bəzi Avropa deputatlarının bəyanatları Gürcüstanda “ictimai qarşıdurma, radikallaşma və zorakılığı qızışdırıb”. O əlavə edib:
““Avronest”in qəbul etdiyi qətnamə və hesabatlarda Gürcüstan xalqının demokratik şəkildə ifadə olunmuş iradəsi hələ də nəzərə alınmır. Biz həmçinin dərin narahatlıqla qarşılayırıq ki, plenar iclasa “vətəndaş cəmiyyəti nümayəndələri” adı altında dəvət olunan bəzi şəxslər ölkəmizdə seçkilərin legitimliyini tanımayan, demokratik institutları sarsıdan və hakimiyyətin devrilməsinə cəhd edən qrupları dəstəkləyiblər”.
Gürcü deputatın məktubunda vurğulanır ki, belə şəxslərə tribunadan söz verilməsi “Avronest”in anti-demokratik davranışları təşviq etməsi və radikal siyasi proqramları dolayısı ilə legitimləşdirməsi kimi qiymətləndirilir.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ