Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin ortalarında müəyyən səbəblərdən onlara şəxs Sovet İttifaqı Qəhrəmanı fəxri adından və onu müşayiət edən orden-medaldan məhrum edilib. Lakin fəxri addan məhrum edilənlərin içərisində Valentin Petroviç Purginin adı xüsusi çəkilir. Dələduz, yalançı və hiyləgər jurnalist anasının hesabına bir çox mükafatlar alıb.
"Purgin"in əsl adı və soyadı Vladimir Qolubenko olub. 1914-cü ildə Uralda fəhlə ailəsində dünyaya göz açıb. Ancaq yeni sovet fəhlə və kəndli dövlətində Qolubenko təhsil yox, cinayət yolu ilə gedib və 1933-cü ildə ilk dəfə tramvayda pul kisəsi oğurladığına görə məhkum edilib. 1937-ci ildə oğurluq, dələduzluq və saxtakarlığa görə yenidən türməyə düşüb. O, cəzasını çəkmək üçün Dmitrovlaqa göndərilib. Qolubenko həbs düşərgəsində qalmaq istəməyib və çox keçmədən oradan qaçıb.
Qolubenko qatarda təsadüfən tanıdığı Valentin Purginin pasportunu oğurlayıb və sənədin içinə öz şəklini yapışdırıb. O andan etibarən Valentin praktik olaraq yeni həyata başlamaq qərarına gəlib. O, vağzaldan birbaşa Sverdlovska gedib və Hərbi Nəqliyyat Akademiyasına daxil olduqdan sonra “Putyovka” qəzetində işə düzəlib. Ancaq o, qəzetdə çox işləməyib. Qısa müddətdən sonra “Purgin” orta məktəbi bitirmək haqqında saxta sənədlər, arayışlar və Sverdlovsk Hərbi Nəqliyyat Akademiyasının rəhbərinin tövsiyə məktubu ilə Moskvaya gedib və paytaxtda “Qudok” qəzetində işə düzəlib.
Əvvəlcə o, “Komsomolskaya Pravda” qəzetinin əməkdaşları İlya Aqranovski və Donat Mogilyovski ilə görüşüb, qısa müddət ərzində onların etimadını qazanaraq dost olub. Baş redaktor əvəzi Arkadi Poletayevlə tanışlıq qəzetdə müxbir kimi işə düzəlməyinə mühüm təsir göstərib. Purginin karyerası sürətlə yüksəlib, 1939-cu ildə o, artıq qəzet redaksiyasının hərbi şöbə müdirinin müavini seçilib.
Bir gün Qolubenko-"Purgin" “Qırmızı Bayraq” ordeni sinəsinə sancılmış halda ictimaiyyət qarşısına çıxmağa başlayıb. "Purgin" onu hansı xidmətlərinə görə aldığı ilə bağlı bütün suallara müəmmalı sükutla cavab verdi. Sonradan məlum olub ki, Purginin anası SSRİ Ali Sovetinin Rəyasət Heyətinin binasında təmizlikçi işləyirmiş və Kalininin kabinetinə daxil olub, oradan onlara bir neçə medal və onlara aid kağız oğurlayıb.
"Purgin" anasının köməyi ilə üç orden “qazanıb”. Lakin tezliklə onun anası və sənədləri saxtalaşdırmağa kömək edən qravüraçı cinayət başında yaxalanıb. Lakin Purgin özü istintaqdan yayına bilib. Moskvada görünməməkdən ötrü o, Uzaq Şərqə, Xalxin-Qolda gedən döyüşləri “işıqlandırmaq” üçün ezamiyyətə göndərilməsini xahiş edib. Görünür, o, təyinat yerinə çatmayıb, amma işlədiyi qəzetin redaksiyasına “Purgin”in yaralandığı və hərbi xəstəxanada yatdığı barədə xəbər gəlib. Bir müddətdən sonra “Purgin” sinəsində “Lenin” ordeni ilə paytaxta qayıdıb. Sonradan məlum olub ki, təqdimat blankları fırıldaqçı jurnalist tərəfindən oğurlanıb. O, həmçinin özü üçün Qrodno şəhərində yerləşən 39-cu xüsusi təyinatlı diviziyanın möhürünü düzəldib.
Tezliklə qəzetin redaksiyasına “Purgin”in 39-cu diviziyadan oğurlanmış blankda çap etdirdiyi məktub gəlib. Məktubda bildirilib ki, o, Leninqrada xüsusi ezamiyyətə göndərilməlidir və əgər üç ay ərzində qayıtmasa, o zaman Nəqliyyat Akademiyasına oxumağa getmiş hesab olunacaq. Bu məktubun həqiqiliyinə şübhə edənlər də olub. Bununla belə, redaksiya heyətinin üzvlərindən biri Purginin müdafiəsinə qalxıb.
1940-cı ilin yanvarından “Purgin”in sovet-fin müharibəsində olduğu iddia edilib. Əslində o, Moskvanın kənarında dostlarının mənzilində yaşayıb və “Komsomolskaya Pravda”nın müxbirləri Mogilyovski və Aqranovski ilə ezamiyyət pullarını içkiyə xərcləyiblər. Sovet-fin müharibəsi başa çatdıqda, “Purgin” özünə Sovet İttifaqı Qəhrəmanı adı vermək qərarıan gəlib. Bunun üçün o, 39-cu diviziyadan oğurlanmış blank və möhürlərlə birlikdə tövsiyə məktubu düzəldib. Sənəddə yazılıb: “Kiçik komandir Valentin Petroviç Purginin adı Sovet İttifaqı Qəhrəmanı adına tövsiyə edilsin”.
Mükafatlar şöbəsi dəfələrlə “mükafatlandırılan” və Ümumittifaq Leninçi Gənclər Komitəsinin (komsomol) mətbu orqanında mühüm vəzifə tutan “Purgin” haqqında sənədləri öyrənərək, Ali Sovetin Rəyasət Heyətinə təqdimat göndərib. 21 aprel 1940-cı ildə Valentin Petroviç Purgin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1940-cı ilin mayında qəzetdə “Purgin”in cəbhədəki şücaətləri haqqında məqalə çıxıb və orada “qəhrəman”ın fotosu yer alıb. Amma bu foto saxtakarı ölümə aparıb. Məhz bu fotodan onun kimliyi müəyyən edilib. “Purgin” mükafatı almağa gedəndə Kremlin Spasski qapısında həbs olunub. 1940-cı ilin avqustunda “Purgin”-Qolubenkonun məhkəməsi keçirilib və o, edam cəzasına məhkum edilib. İyul ayında Valentin Petroviç Purginə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında fərman qüvvədən düşüb. Həmin ilin noyabr ayında hökm icra olunub və Qolubenko güllələnib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ