Onlayn ictimai-siyasi qəzet
Fransada islamofobiya ilə bağlı yeni təxribat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, Lion yaxınlığındakı Viyerban şəhərində yerləşən “Ərrama” məscidində naməlum şəxs Quranı oğurlayıb və onu məscidin çıxışında yandıraraq qaçıb.
Hadisə iyunun 2-nə keçən gecə, sübh azanından təxminən 20 dəqiqə əvvəl baş verib. Bu barədə Ron Departamenti Məscidlər Şurasının saytında rəsmi açıqlama yayılıb.
Şura bu təxribatı “nifrət zəminində törədilən hücumlar zəncirinin bir halqası” adlandıraraq Fransada müsəlmanlara qarşı artan düşmənçilikdən ciddi narahatlığını bildirib. Açıqlamada həmçinin qeyd olunur ki, son vaxtlar Qar və Var departamentlərində baş verən iki hücum hadisəsi insan ölümü ilə nəticələnib.
“Məsul qurumları bu çirkin hərəkəti törədən şəxsin şəxsiyyətini müəyyənləşdirib, onu məsuliyyətə cəlb etməyə çağırırıq”, - deyə şuranın bəyanatında vurğulanıb.
Fransada artan islamofob hadisələr ölkədə yaşayan milyonlarla müsəlman və dini qurumlar arasında ciddi təşviş yaradıb. Hadisənin ictimai rezonansa səbəb olması və istintaqın tezliklə başlanması gözlənilir.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ