İnsanlara hürriyət, millətlərə istiqlal!

Fürsət bu fürsətdir, şüar o şüar – “Davam etsin 37, daha kəskin, daha ciddi”

Belə görünür ki, nəinki bu həftə, hətta bu oktyabr ayı bitənə qədər əsas mövzu bu olacaq. Bilirsiniz, hansı mövzunu deyirəm.

Bu, elə bir söhbətdir ki, Şəbnəm Tovuzlunun “həci”sinin o biri qolu görüntülənsə də, Səidə təzədən qaçqın-köçkünləri atlı qarışqaya yük eləsə də, hansısa müxalifətçinin şalvarsız halının videosu yayılsa da, belə bir gündəmi dəyişməyə qadir deyil.

Bu, xalqın 30 il gözlədiyi gündəmdir, bəlkə də aydəmdir. İldəm də ola bilər. Hazırda siyasi mövqeyindən, sinfi mənşəyindən, hansı sosial təbəqəyə mənsubluğundan asılı olmayaraq, məmləkət əhli Mehdiyevin ifşası mövzusuna kilidlənib. Adam az qala zəmanəmizin Mehdisiymiş, zühur edib, intəhası, barəsində cinayət işi açıblar.

Bu söhbətin nədən belə yoğunladığının dəruni səbəbləri var. Çox dərindir, yetmiş arşın quyu qədər. Düşürsən, çıxa bilmirsən, çabalaya-çabalaya qalırsan.

Bu, ona görə belədir ki, müəllim uzun illər millətin anasını ağlatmaqla məşğul olub, indi isə zərərçəkmişlərin əllərinə qisas fürsəti düşüb.

Ancaq ələ düşən təkcə qisas fürsəti deyil. Başqa fürsətlər də var. Biri də özünü gözə soxmaq fürsətidir. İndiyədək kölgədə qalmış bəziləri düşünürlər ki, ifşaçı olsalar və yıxılmış kötüyü Çelentano kimi baltalasalar (“Höcətin ram edilməsi” filmindəki tək), qabağa gedə bilərlər.

Bir xeyli adam da bu pəstəhanı öz köhnə rəqiblərini, düşmənlərini vurmaq fürsətinə çevirmək istəyir. Bunun sadə mexanizmi var: hədəfə alınmış hazırkı və ya sabiq məmuru “vurulmuş” məmura bağlayır, ikisinin (və ya üç-beşinin) qoşa şəklini paylaşır, yaxud da birincilərin ikinci haqqında dediyi mədhiyyələrdən fraqmentləri təkrar dərc edirlər, bağlantı qurulur. Beləcə, həmin şəxslər “Mehdiyevin adamı” olaraq gilyotinə təqdim-təklif edilir.

Niyyət həmin niyyərdir, ritorika da 37-ci ildəkinin eynisidir, sadəcə, zaman o zaman deyil. O Stalin, Yejov, Beriya, Bağırov idi, belə təqdimatları cavabsız buraxmırdılar, donosu alan kimi tədbir görməyə başlayırdılar. Məsələn, “xalq düşməni” kimi tutulmuş birinin qonşusunun bədxahı gecəylə orqanlara yazırdı ki, həmin şəxs filankəslə çox mehriban idi, bir oturub-dururdular, birevli kimiydilər. Vəssalam. Adamın qanı gedirdi.

Çünki o vaxtın qonşuları indikilər kimi olmayıblar, içli-dışlı olublar, eyvanda oturub dərdləşiblər, nərd oynayıblar və s. Televizor yox, kompüter, internet-filan yox, nə etsinlər? Qonşular məcbur idilər ki, bir-birinə qonaq getsinlər, real həyatda ünsiyyət qursunlar. Bu isə ifşaçıların əlində dəstəvuz olurdu. “Xosunlaşırdılar, mütləq əlbir idilər”. Di get.

Düzdür, indiki qonşular əsasən virtual həyatdadırlar və mənzillərinin arasında 5 metr məsafə olsa da bir-birilə sosial şəbəkə çatıyla yazışır, danışırlar, eyvana çıxıb iki kəlmə gap eləmirlər, amma indi də vaxtilə çəkilmiş şəkillər və mediaya verilmiş açıqlamalar var. Bunların hamısı da sənəddir, dəlil-sübutdur. “O vaxt deyirdin, dahidir, di cavab ver”.

Eləcə, buna fikir verən, dəlil-sübutları toplayıb qovluğa dolduran, ittiham aktına çevirən, tuşudulmuş şəxsi gecəylə “Fiat-Dobla”ya basıb içəri aparan lazımdır.

Yəni prinsip etibarilə bu günlərdə ölkədə 37-ci il ab-havasının bərpasını istəyən yüzminlərlə adam var. “Davam etsin 37, daha qanlı, daha ciddi” – düçüncə budur. Bəlkə yüzminlərlə yox, milyonlarla adam belə düşünür. Adları çəkilən, çəkilməyən şəxsləri kazarmaların birinin həyətində sıraya düzüb güllələləsər, o sayda adamın ürəyindən tikan çıxar, “ooohhh” deyə ləzzət alarlar. Bunun da dəruni səbəbləri var. Uzun söhbətdir.

Ola bilər, 37-ci ildə də belə olub. Stalin və Bağırov harınlamış silahdaşlarını (o cümlədən bolşeviklərin qabağına düşüb milli hökuməti devirən, məmləkəti rus ayaqaltısı edənləri) yalvarda-yalvarda gülləyəyəndə, onları tanıyanların ürəyindən tikan çıxırmış. Amma ara yerdə Bəkir Cobanzadə, Vəli Xuluflu, Salman Mümtaz kimi alimlər, Tağı Şahbazi, Hüseyn Cavid, Mikayıl Müşviq, Seyid Hüseyn kimi şair-yazıçılar da güdaza gedib axı.

İndi rəvadırmı ki, dövlətin, xalqın əmlakını talayan keçmiş və ya indiki məmurlarla yanaşı, bir sıra alim-şair-yazıçıları da cəzalandırsınlar? Məsələn, elə bir şey olsa, gərək Mehdiyev üçün 30-a yaxın kitab yazanlar da içəri basılsın. Yazıq deyillərmi? İntellektlərini sərf edib 5 manat pul qazanıblar.

Dediyim odur ki, biz gərək 88 ildən sonra içimizdə oyanan başyeyənlik mərəzini müalicə edək. Bu, yaxşı şey deyil. Həm də yəqin “əjdaha qardaş özü bilər, nə edər” lətifəsini bilirsiniz. Bilməyənlər üçün yaza bilərəm. Amma kimsə mütləq fürsətdən istifadə edəcək, bunu skrin-şot edib paylaşacaq, altından da yazacaq ki, 22 il əvvəl hansı düşüncədəydilərsə, elə də qalıblar.

Yüzminlərlə insanın 88 il əvvəlki düşüncədə qalması isə daha qorxuludur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR