Onlayn ictimai-siyasi qəzet
Təzəlikcə Putinlə Çin lideri Si müəllimin görüşündə söhbətləri bilmədən mikrofona düşmüşdü. Mövzu insanın uzun yaşamaq imkanlarının artması barədə olmuşdu, Putin demişdi ki, təbabətin inkişafı sayəsində 150 il yaşamaq mümkün olacaqdır.
Uzun yaşamaq kasıbdan prezidentə qədər hər kəsin ürəyindən keçə bilən arzudur. Qədimdən bəri belədir. Məsələn, dini kitablara görə Adəm peyğəmbər 1000-2000 il arası ömür sürüb. Bizim Dədə Qorqudun ölümdən qaçması, lakin buna nail ola bilmədiyi əfsanəsini də bilirsiniz. Amma mənasız-məzmunsuz şəkildə çox yaşamağı da elə insanlar özü tənqid edib. Deyiblər qarğa kimi üç yüz il yaşayıb leş yeməkdənsə, otuz il yaşa, lakin eşşək ətindən dönər ye. (Zarafat edirəm, məsəlin əsli yadıma düşmədi). Sözgəlişi, hansı insanın çox yaşamasının lazım gəldiyini “Dədə Qorqud” dastanımızda gözəl şəkildə ifadə ediblər: “Gerçəklərin üç otuz on yaşını doldursa yeg!” İndiki dilimizə çevirsək, anlamı budur: “Doğruçu adam yüz il yaşasa yaxşıdır!”
Ölüm insanı şöhrətləndirə də bilər, necə ki, Vətən, ədalət, insanlıq uğrunda ölənlərin şöhrəti uzun çəkir. Amma ölümün gecikməsi bəzən insanı töhmətləndirər. Hazırda biz bunun canlı şahidiyik. Bir nəfər yoldaşı “cümlə xəyanətlərə bais, iblis” elan ediblər və prinsipcə, haqlıdırlar. Lakin həmin bu tip çox yox, uzağı 8-9 il qabaq ölə bilsəydi təntənə və orkestr zırhazırı ilə aparıb ən fəxarətli, “yüksək-yüksək təpələrin” birində dəfn edəcəkdilər. Yalan olmasın, qəbri üstündə 100 dəfə yaylım atəşi açılacaqdı. Amma varıb gəlib 87 yaşa dirənib və olub urvatsızın biri. Dünən siyahı qayırıb cürbəcür məsliclərə dürtdüyü əlaltıları indi onun arxasına vedrə bağlamaq yarışına girmişlər. Vedrələri doldurmağa da ki maşallah, hər cür mal-material, nəcasət və üfunət çatır. Oğurluq deyirsən - var, yalan deyirsən - var, yaltaqlıq - ləbələb, aşıb-daşır, saxtakarlıq, xəyanət, cinayət, nə bilim, rəzalət, səfalət, cəhalət... Kişinin oğlunun 87 illik ömründə bir işıqlı gün, bir xeyirxahlıq, bir damcı insaf və mürvət tapa bilmirlər.
Şairimiz “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir” yazıb, amma indi belə çıxır ki, bəzi insanların yüz il yaşaması da günahdır. Pis çıxmasın və müəllifi, türk şairi Tələt Səid Halman-dan üzr diləyərək onun misralarını da bu uyğunsuz vəziyyətə yersiz şəkildə misal çəkirəm: “Qəhrəman ölməlidir. Bəlkə yaşar, qorxaq olar”.
Elmi-psixoloji ədəbiyyatda, tarix elmində anaxronizm deyilən bir anlayış var. Dövrünə uyğun olmayan nəyəsə qoyulan addır. Məsələn, incəsənətdə əgər sən qədim Roma dövrünə aid kino çəksən, orada kadra avtomobil düşsə, bu, anaxronizmdir. Yaxud elə bil Lenin haqda filmdə o, Mavzoleyin üzərində parad qəbul edir. Təəssüf ki, bizim həyatımız hazırda başdan-başa anaxronizmlərlə doludur. Köhnəliyin naftalin qoxulu qalıqları hər tindən qabağımıza çıxır, milləti inkişaf etməyə, qabağa getməyə qoymur.
Elə dünən bir Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı rəhmətə getmişdi, onun yaxasında “Qızıl ulduz” medalı olan fotosunu yaymışdılar. Xəbərdə deyilirdi ki, rəhmətlik pambıqçı-deputat olub, nə bilim, neçə dəfə Sovet deputatxanasının üzvü seçilmişdir və sairə. Amma xəbəri yayan media orqanının heç biri “Kommunist”, “Pravda”, bədəbəddə “Sovet kəndi” adlanmırdı. Tərtəmiz anaxronistik xəbər idi.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz urvatlı, vaxtında ölmək üçün hansı tədbirlər görürsünüz.
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ