Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu tarixi gün 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə bağlıdır.
Sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və Ali Sovetin 1991-ci il 30 avqust tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməsinə istinad olunaraq, müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Beləliklə, bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 34-cü ili tamam olur. Azərbaycan xalqı artıq bu bayramı öz ərazi bütövlüyünü tam bərpa etmiş qalib xalq kimi qeyd edir.
2021-ci il oktyabrın 15-də Azərbaycan parlamenti “Müstəqillik Günü haqqında” qanunu qəbul edib. Həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanuna əsasən, 18 oktyabrın adı dəyişdirilərək Dövlət Müstəqilliyi Günü əvəzinə Müstəqilliyin Bərpası Günü elan olunub.
1991-ci il oktyabrın 18-də Ali Sovetdə keçirilən iclasda Konstitusiya Aktının lehinə 350 deputatdan 258-i səs verib. Qalan deputatlar sessiyaya qatılmayıb və ya səsvermədə iştirak etməyib.
Sənədi hazırlayan komissiyanın sədri, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov sonralar bildirmişdi ki, “Konstitusiya Aktı maddə-maddə müzakirə olunaraq səsə qoyulub, daha sonra sənəd bütövlükdə qəbul edilib.
Onun sözlərinə görə, həmin gün 350 deputatdan 90-ı iclasa gəlməmişdi:
“Bilirdilər ki, sənəd qəbul olunacaq, amma qorxurdular. SSRİ dağılmasa, müstəqilliyə səs verdiklərinə görə vəzifədən uzaqlaşdırılacaqlarını düşünürdülər. Bəziləri də müstəqilliyi qəlbən istəmirdi. Ona görə gəlmədilər”.
Əzimov bildirib ki, iclasa 260 deputat qatılıb, onlardan yalnız ikisi səsvermədən yayınaraq iştirak etməyib. Qalan 258 nəfər müstəqilliyin bərpasının lehinə səs verib.
Professor Hacıbaba Əzimovun sözlərinə görə, həmin vaxt Konstitusiya Aktı ilə bağlı iki layihə mövcud idi – biri onun rəhbərlik etdiyi komissiya tərəfindən, digəri isə Etibar Məmmədov və hüquqşünas Fuad Ağayev tərəfindən hazırlanmışdı:
“Etibar bəygil layihəni oktyabrın 17-də axşam gətirdilər. Mənim layihəm 32 maddə, onlarınkı 15 maddə idi. Mən onların layihəsindən iki maddəni götürüb öz sənədimizə əlavə etdim – biri SSRİ əmlakının bölüşdürülməsi, digəri beynəlxalq münasibətlərin formalaşdırılması ilə bağlı idi. Etibar Məmmədov da müəlliflərdən biri oldu, amma hüquqi baxımdan qanunun müəllifi deputat ola bilərdi – Fuad Ağayev isə deputat deyildi”.
Bu gün Müstəqilliyin Bərpası Günü Azərbaycanda rəsmi bayram kimi qeyd olunur və iş günü hesab olunur.
Bu tarix xalqın azadlıq iradəsinin, dövlətçilik düşüncəsinin və milli birliyinin təntənəsidir. 34 il öncə bərpa edilən müstəqillik bu gün qalib, suveren və güclü Azərbaycanın simasında öz parlaq təcəssümünü tapır.
Şahanə Rəhimli
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ