Onlayn ictimai-siyasi qəzet
Gəncədə 44 yaşlı kişinin xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Qətli törədən şəxs mərhumun sifətinə oboy bıçağı (“rezak”) ilə çoxsaylı zərbələr vurubmuş. Sonra da daş parçası ilə başına xəsarətlər yetiribmiş.
Musavat.com-un xəbərinə görə, hadisə Gəncə şəhəri, Totanlı küçəsində baş verib.
1980-ci il təvəllüdlü Şəmistan Süleymanov qohumu 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, qətlin baş verməsinə səbəb tərəflər arasında pula görə yaranmış mübahisə olub. Belə ki, hadisədən bir müddət əvvəl Nəsimi Mustafayev qeyri-rəsmi münasibətdə olduğu Könül adlı qadını axtarmaq üçün qohumlarının evinə gedib. Evə daxil olarkən pəncərənin şüşəsini sındırıb.
Bundan sonra ona oğurluq maddəsi ilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, Nəsimi həmin evdən 400 manat dəyərində qızıl da oğurlayıb. Lakin Nəsimi bu ittihamı qəbul etməyib.
Nəsimi dindirilən zaman deyib:
“Mən həmin vaxt Könülü axtarmağa getmişdim. Çünki Könülün çox vaxt Göyçəkgilə getdiyini bilirdim. Həmin gün Könülü orada tapa bilmədim. Pəncərənin şüşəsini sındırmışdım. Amma oğurluq etməmişdim. Yenə də qızılın pulunu ödəməyə razılaşdım. Ayda 50 manat ödəyəcəkdim. Hadisə günü Şəmistan mənə zəng edib həmin pulu tələb etdi. Şəmistan da onların qohumu idi. Telefonda söyüşlə danışdı. Onu görüşə çağırdım. Yenə də mənimlə mübahisə edib, söyüş söyməyə başladı. Mən də vurdum”.
İstintaqla müəyyən edilib ki, Nəsimi cibində olan bıçaqla Şəmistanın qulaq, boğaz, burun və sifətinin müxtəlif nahiyələrinə zərbələr endirib. Şəmistan “rezak”ı Nəsiminin əlindən alaraq yerə atmağı bacarıb. Lakin Nəsimi amansız əməlini davam etdirərək yerdən götürdüyü daş parçası ilə Şəmistanın baş nahiyəsinə çoxsaylı zərbələr endirib.
Nəsimiyə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Daha əvvəl törətdiyi oğurluq əməli də nəzərə alınaraq 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ