Onlayn ictimai-siyasi qəzet
2020-ci ildən bəri Azərbaycanın quru sərhədləri bağlıdır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin indi reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir. Sonuncu dəfə baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən ölkədə tətbiq edilən xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb.
Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkətinin bərpa ediləcəyi ilə bağlı xəbərlər olsa da konkret heç bir addım yoxdur. Gürcüstan tərəfi həm də rəsmi şəxslərin dilindən Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarların yenidən işləyəcəyini deyiblər. Amma rəsmi Bakının bu xəbərlərə heç bir reaksiyası yoxdur.
İndi də Gürcüstanın “bir pəncərə” konsepsiyası çərçivəsində Azərbaycanla birgə sərhəd-keçid məntəqələrinin yaradılması üzərində işlədiyi barədə xəbərlər yayılıb. Bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Mərkəzi Asiya və Qafqaz ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun icraçı direktor müavini Bo Li ilə görüşündə bildirib.
Onun sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi prosedurların sadələşdirilməsini və infrastrukturun modernləşdirilməsini tələb edir. Nazir qeyd edib ki, Gürcüstan son illərdə rəqəmsal vergitutma, effektiv gömrük nəzarəti, dövlət xidmətlərinin sadələşdirilməsi sahələrində mühüm addımlar atıb.
Xutsişvili Azərbaycan, Türkiyə və Ermənistanla sərhədlərə qədər avtomobil yollarının tikintisinin başa çatdırılmasının vacibliyini vurğuladı ki, bu da nəqliyyat əlaqələrini gücləndirəcək.
Orta dəhlizdən danışan nazir qeyd edib ki, onun davamlı inkişafı üçün sıx regional əməkdaşlıq və beynəlxalq maliyyə institutlarının dəstəyi vacibdir. Gürcüstan sərhədlərin açılması ilə bağlı dəfələrlə rəsmi müraciət etsə də, nəticə yoxdur. İndi də sərhədlə bağlı “bir pəncərə” sərhəd-keçid məntəqəsi yaradılması müzakirə edilir, amma yenə Azərbaycanın reaksiyası yoxdur.
“Bir pəncərə” sərhəd-keçid məntəqəsinin yaradılmasına Azərbaycan razılıq verməlidirmi və bu variant müsbət effekti verə bilərmi?
Natiq Cəfərli
REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda quru sərhədlərinin bağlı qalması üçün hazırda səbəb yoxdur, quru sərhədləri açılmalıdır: “Çünki quru sərhədlərin bağlı olması həm iqtisadiyyata, həm turizmə ziyan vurur, həm də vətəndaşların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir. Hazırda pandemiya səbəbilə dünyada bizdən başqa heç bir ölkənin quru sərhədləri bağlı deyil. Məncə, artıq bu problem həllini tapmalıdır. O ki qaldı Gürcüstanın "bir pəncərə" sərhəd-keçid məntəqəsi yaratmaq ideyasına, Azərbaycan buna reaksiya verəcək və yəqin ki, buna razılıq da olacaq. Çünki burada söhbət axı təkcə sərnişinlərdən getmir, yük daşımalar dayanmayıb. Azərbaycan-Gürcüstan sərhədi yükdaşımalar üçün açıqdır. Sərhəd sərnişinlər, vətəndaşlar üçün qapalıdır. Əslində o da tam qapalı deyil, xarici vətəndaşlar, yaxud Gürcüstan vətəndaşları heç bir maneə olmadan Azərbaycandan Gürcüstana keçə bilirlər. Söhbət Azərbaycan vətəndaşları üçün sərhədin bağlı olmasından gedir. Yük daşımalar isə davam edir. Yükdaşımalar “bir pəncərə” prinsipi ilə həyata keçirilə bilər. Bu, Azərbaycana da sərf edir. Təbii ki, buna görə də Azərbaycan tərəfinin məsələyə pozitiv reaksiyası olmalıdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ