 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Dövlətin rəmzlərindən biri onun himnidir. Himn səslənəndə ayağa qalxmaq sayğıdır, amma onu oxumaq – milli kimliyə, dövlətçiliyə sadiqliyin göstəricisidir. Təəssüf ki, bu sadə, amma dərin mənalı ənənə Azərbaycanda çox zəifləyib. Müxtəlif tədbirlərin, konfransların, idman yarışlarının açılışında himn səslənir, hamı ayağa qalxır, amma sükut içində. Nə bir səs, nə bir coşqu. Sadəcə baxışlar, formal bir duruş.
İllərdir eyni mənzərə: himni dinləyirik, amma oxumuruq. Bəziləri utanır, bəziləri isə sadəcə sözlərini bilmir. Amma bu laqeydlik bir sualı da doğurur — biz doğrudanmı öz himnimizə, onun mənasına sahib çıxmışıq?
“Azərbaycan marşı” – Üzeyir Hacıbəylinin musiqisi və Əhməd Cavadın sözləri ilə yaranmış möhtəşəm bir əsərdir. 1919-cu ildə istiqlal dövründə yazılıb, 1992-ci il mayın 27-də isə müstəqil Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiqlənib. 1993-cü ildə onunla bağlı əsasnamə də qəbul edilib. Bu sənədlər sadəcə hüquqi akt deyil – milli kimliyimizin bünövrəsidir. Amma görünən odur ki, o bünövrə hələ də hər kəsin içində eyni möhkəmliklə oturmayıb.
Eyni halı nəyinki rəsmi tədbirlərdə, toy məclislərində də müşahidə etmək olar. Toy şənliklərinin əvvəlində himnimiz oxunan zaman hər kəs ayağa qalxır və susqun halda himnin bitməsini gözləyir. İnsanlar belə məclislərdə azsaylı himn oxuyanlara da qəribə şəkildə baxırlar.
Himn oxumaq hər bir vətəndaşın vətəninə olan münasibətinin barometridir. Necə ki, Türkiyədə bu münasibət hər dəfə, hər yerdə hiss olunur. Orada dövlət himni səslənəndə sadəcə ayağa qalxmırlar, uca səslə “İstiqlal Marşı”nı oxuyurlar. Məktəbdə uşaq, küçədə polis, idman meydanında futbolçu – hamı bir nəfər kimi. Bu, dövlətə sədaqətin, milli birliyin, şəhidlərin ruhuna ehtiramın ifadəsidir.
Azərbaycan cəmiyyəti isə hələ də bu ruhdan bir qədər uzaq görünür. Bəzən himn səslənəndə insanların baxışlarında “protokol icrası” havası duyulur. Halbuki, himn sadəcə mərasim elementidir demək, ona qarşı ədalətsizlikdir. Himn dövlətin səsi, xalqın nəfəsi, tarixin yaddaşıdır.
Bu gün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də gənclər arasında himnin sözlərinin öyrədilməsinə, onun mənasının izahına daha çox önəm verilməlidir. Çünki himni oxumaq – sadəcə səs ucaltmaq deyil, ruhun səsini danışdırmaqdır.
Bəlkə də vaxt yetişib ki, biz də Türkiyədəki kimi himn səslənəndə sadəcə ayağa qalxmaqla kifayətlənməyək. Hər birimiz səsimizi birləşdirib onu birliklə oxuyaq. Çünki himn səslənəndə susmaq yox, onu birlikdə oxumaq – azərbaycanlı olmağın, bu torpağa sahib çıxmağın ən gözəl ifadəsidir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı bildirir ki, gənc nəsildə bu vərdiş yaradılmalıdır: “Bağça və məktəblərdə uşaqlara Azərbaycanın himni öyrədilir. Onlar əllərini sinələrinə qoyub ürəklə himnimizi oxuyurlar və adam heyran qalır. O nəsil böyüyəcək və hər şey yerinəd üşəcək. İndi köhnə “rusbaşlar” var, hələ də SSRİ-nin xiffətini çəkirlər. O bayrağı da, gerbi də, himni də sevməyən, qəbul etməyən, mənasını başa düşməyən, tarixdən bixəbər adamlar var. Daha sonra milli ləyaqət duyğusu olmayan, dövlətinə, dövlətçiliyinə bağlı olmayan adamlar var ki, oxumurlar. Heç olmasa dodaqlarını tərpətmirlər. Onlara söz deməyin mənası yoxdur. O barədə o qədər söz demişik ki. Ona görə də bircə yol var: Gələcək nəsil hər şeyi dəyişsin. 34 ildir ki, Azərbaycan müstəqildir, bu adamlar rus soyadlarını dəyişmirlər. Soyadlarında rus yamağını gəzdirirlər. Belə adamlar himni niyə oxuyacaq?
Azərbaycanı təmsil edən idmançılar idman yarışlarında himnimizi oxumurlar, dodaqlarını sıxıb dayanırlar. 
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü ilə bağlı tədbirdə himnimiz səslənərkən mənimlə həyat yoldaşımdan başqa heç kimin səsi çıxmırdı, dodağı da tərpənmirdi. Çox biabırçı mənzərə idi. Himn bütün millətin birgə oxumalı olduğu bir şeydir”.

Millət vəkili Fazil Mustafa da mövzu ilə bağlı şərh verib: “Çox zaman himnin mətni oxunduğuna görə qarışıqlıq düşməsin deyə insanlar təkrarlamaq istəmirlər. Lakin bu, fərdidir və seçimdən asılıdır. Doğrudur, himn çalınanda oxumaq lazımdır. Hesab edirəm ki, himnimizə hörmət bundadır. Himn insanlara dövlətin nə olduğunu, onun mahiyyətini xatırladır. Bu məsələdə başqa bir fikir ayrılığı ola bilməz, himni mümkün qədər oxumaq lazımdır. Türkiyədə “İstiqlal” marşını vətəndaşlar rahatlıqla oxuyurlar. Bu, dövlət ənənəsindən gələn məsələdir. Bizdə də tədricən buna əməl edirlər. Hesab etmirəm ki, burada hansısa mürəkkəb situasiya yaranıb. Əsas odur ki, himnə hörmət edilsin və müstəqilliyin dəyəri bilinsin”.

Millət vəkili Səyyad Aran deyir ki, insanlar kompleksli olduqları üçün himnimizi oxumurlar: “İnsanlar bəzən yüksək səslə oxumağa utanır. Eyni zamanda himnimizi ifa etməyə vərdiş etməyiblər. Ən çox da orta və yaşlı nəslin nümayəndələri utanırlar. Ritmi və ahəngi tuta bilmirlər. Ona görə də oxumaqda çətinlik çəkirlər və düşünürlər ki, görəsən, necə alınar. Bax bu çəkingənlik, cəsarətsizlik təəssüf ki, bizim himnin gur səslə oxunmasına mane olan səbəblərdəndir. 
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü ilə bağlı keçirilən tədbirdə mən də himnimizi astadan oxudum. Çünki yanımda oxuyan yox idi, mən də onlara baxıb utandım və ucadan oxumağa cəsarət etmədim. Gərək hər kəs uca səslə ifa etsin. Mən hər zaman astadan da olsa oxuyuram. Gərək hamımız ucadan oxumağa vərdiş edək”.
Şahanə Rəhimli
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ